Bu həftəki yarışmada Babək qələbəni əldən vermədi

Bu həftəki yarışmada Babək qələbəni əldən vermədi

22 Dekabr 2023 11:44
Bəyəndim (0) Bəyənmədim (0)

Dünya televiziyasının efirində bu bazar ertəsi 18.12.2023-cü il tarixində canlı yayımlanan “Xalqın səsi” musiqi yarışması həyəcansız ötüşmədi. İki ən qətiyyətli iştirakçılar - Beyləqan rayonunu təmsil edən Babək Hacıyev və Qobustan rayonunu təmsil edən Şücaət Mirzəliyev yarışırdı. Hər iki iştirakçı milli musiqimizi, retro mahnılarımızı, bəstəkar mahnılarını və muğam ifa etdilər. “Xalqın səsi” instrumental ansamblın müşayiəti ilə hər iki iştirakçı geniş səs imkanlarını göstərərək qüsursuz oxudular. Aparıcı, Əməkdar artist, yaşayan əfsanə, canlı tarix Çingiz Əhmədovun səhhətində güclü problem olsa da onu büruzə vermədi, baməzə replikaları ilə iştirakçıları güldürərək verilişi axıra qədər apardı. Ustad sənətkarımız Azad Zamanov, Əməkdar artist Sevinc Sarıyeva iştirakçıların ifalarından razı qaldıqlarını söylədilər. Səhnə dekoru, rəng çalarları, rəng əlvanlığının möhtəşəmliyi tamaşaçıya ilham verir.

“Xalqın səsi” layihəsinin rəhbəri, bir çox tanınmış televiziya layihələrində sözünü demiş peşəkar rejissor və jurnalist, humanist qəlbə malik İsa Rəvan Oxu məni.az-a açıqlamasında bildirdi: “İndiyə kimi əksər televiziyalarda çoxlu sayda populyar olan verilişlərdə də böyük uğurlara imza atmışam. “Xalqın səsi” layihəsini də hazırlayanda uğur qazanacağına əmin idim, ancaq bir ay müddətində bu qədər populyar olacağına tam əmin deyildim. Şükürlər olsun ki, bu layihə də əvvəlki işlədiyim layihələr kimi elə ilk başlanğıcdan çox böyük uğur qazandı. Rəhbəri olduğum layihə Azərbaycanda televiziya proqramları içərisində ən çox baxış toplayıb. Proqram az bir müddətdə çox böyük auditoriya, geniş tamaşaçı toplaya bilib. Layihəyə respublikamızın hüdudlarından kənarda da İran İslam Respublikasında, Rusiyanın əksər şəhər və vilayətlərində, qardaş ölkə Türkiyədə, Qazaxıstanda, Ukraynada, Başqırdıstanda, xüsusən Ufa şəhərində və eləcə də digər şəhərlərdə yaşayan soydaşlarımız böyük maraqla baxırlar. Bizə gələn zənglər və mesajlardan da bunu aydın görürük. Qeyd edim ki, bizim layihə təkrar olaraq İran televiziyalarında axıra qədər göstərilir. Əvvəlcədən bütün iştirakçılara bildirmişdim ki, repertuarlarında bayağı mahnılar olmasın. Televiziya ekranlarını bayağı mahnılardan təmizləmək lazımdır. Doğrudan da iştirakçıların hamısı xalq mahnıları, bəstəkar mahnılar, muğam və təsniflər, retro mahnılar ifa edirlər. Və bunun da nəticəsidir ki, korifey sənətkarlarımız, xanəndələrimiz, Xalq və Əməkdar artistləri zəng edib bu musiqilərə görə minnətdarlıqlarını bildirirlər.

Şücaət Mirzəliyev

Bu həftəki ifaçılara gəldikdə hər ikisi-Babək və güclüdürlər, peşəkar ifaçılardır. Hər ikisinə hörmətim var, istəməzdim ki, hansısa uduzsun. İkisinin də parlaq gələcəyi var. Ancaq təbii ki, iki yarışçıdan biri uduzmalı, biri də qalib olmalıdır. SMS kimə çox gələrsə, qalib də o olacaq. Hər iki iştirakçıya indidən uğurlar arzulayıram. İnanıram ki, hazırlığına başladığımız bu həftəki proqramımız da çox maraqlı və gərgin anlarla yadda qalacaq”.

Babək Hacıyev

Verilişin gedişatı boyu və sonda SMS səs sayı ilə Babək Hacıyev qalib olaraq növbəti tura vəsiqə qazandı. Tamaşaçılar əsl musiqini dinlədilər.

İnformasiya dəstəyi Oxu məni.az saytı olaraq qalib iştirakçı Babək Hacıyevi təbrik edir, yaradıcılığında və növbəti turda da uğurlar arzulayırıq.

Oxucularımız da öz favoritlərinə səs göndərir, fikirlərini yazırlar.

Gələn bazar ertəsi, 25 dekabr tarixində isə Mirzəli Qələndərov və Cavid Həsənov duel iştirakçıları olaraq yarışacaqlar. Hər iki iştirakçıya uğurlar arzulayırıq.

Alim Nəbioğlu