BİR QADIN TALEYİ

BİR QADIN TALEYİ

17 Oktyabr 11:41
Bəyəndim (8) Bəyənmədim (0)

Nailə Babayeva

(REAL HADİSƏLƏR ƏSASINDA)

6-cı hissə

...Cahan doluxsunmuşdu, qəhər onu boğurdu. Danışmağa belə çətinlik çəkirdi. Bir müddət qəhərdən boğulsa da Humay xanım gətirdiyi çay dolu fincanı ona uzatdı. Cahan isə özünü toparlayıb:

- Humay xanım, mənim həyatım puç olub,-dedi.

- Bir dəqiqə Cahan, başa düşmədim. Məgər atan sənə nə isə edib?

-Yox, atam mənə heç bir şey etməyib. Mən sadəcə ondan doğma atalığı görməmişəm.

- Qızım, hər nə olursa-olsun o sənin atandır. Heç bir ata övladının pisliyini istəməz.

- Vallah, mən heç nəyə inanmıram. Amma bircə onu bilirəm ki, mənim həyatım puç olub.

- Axı nə olub?

- Humay xanım, sizə demək istədiyim məsələ çox ciddidir. Mən dayım tərəfindən ləkələnmişəm.

Cahanın dediklərindən şok olan Humay xanım əlindəki fincanı yerə saldı.

Cahanın dediklərindən şoka düşmüşdü Humay xanım. Düşünürdü ki, Cahanın dedikləri bir zarafatdır. Cahan isə ona baxıb hər şeyi başdan ayağa olduğu kimi danışdı:

- Bəli, sizə təəccüblü gələ bilər, amma bu bir həqiqətdir. Mən taleyi qara hərflərlə yazılmış biriyəm. Mənim başıma gələnləri heç düşmənimə belə arzulamıram.

- Bir dəqiqə, sən nə danışırsan Cahan? Necə yəni, dayın səni ləkələyib? Bəs atan?

- Atam? Yaxşı sualdır, Humay xanım. Atamın guya mən vecinəyəm ki? Eh, onsuz da o, bilsə belə nə olacaqdır? Atam məndən başqa hamıya inanır.

- Yox Cahan, sən nə danışırsan. Bunun polisi, filanı var, sən gedib şikayət edə bilərdin. Amma səni də qınamıram, qızım.

- İndi başa düşdünüzmü mən niyə özümə qapanan olmuşam.

Humay xanım heç bir söz demədi. Cahanı qucaqlayıb başından öpərək ona hər şeyin yaxşı olacağını bildirdi. Gec idi, Cahanı evə aparmaq istəyi olduğundan onu evə aparmaq istədi. O, isə evə getmək, daha o evə qayıtmaq istəmədiyini bildirdi. Humay xanım daha heç bir söz demədi. Yaxşısı elə Cahanı evində saxlamaqdır, lakin bu haqda onun ailəsinə də bildirməli idi. Elə bu səbəbdən də Cahanı evdə qoyub, bir başa onun evinə yollandı.

Cahanın evə gəlib çıxmamağından bacısı Arzu çox narahat idi. Hətta qardaşı Azər belə Cahandan Arzuya xəbər verməmişdi. Cahanın atası Fazilin isə heç bir şey vecinə deyildi. Atasının bu hərəkətinə əsəbiləşən Arzu elə ağzını açmaq istəyirdi ki, qapının zəngi onu ayağa qalxmağa məcbur etdi. Cahanın gəldiyini düşünüb qapıya yaxınlaşaraq qapını açdıqda Cahanın məktəb psixoloqu Humay xanımı görüb təəccübləndi.

Humay xanım Arzu ilə salamlaşdı, içəri girmək üçün icazə istədi. Arzu onu içəri dəvət edib qapını bağladı. Qonaq otağından Fazil Arzudan kimin gəldiyini soruşduqda Humay xanım qonaq otağının kandarında dayanıb ona salam verdi. Fazil Humay xanımı görüb:

- Gecə vaxtı xeyrdirmi, psixoloq xanım?-deyə kinayə ilə soruşdu.

- Sizinlə danışmaq istəyərdim, Fazil müəllim.

- Mənimlə? Nə olub psixoloq xanım? Olmaya Cahan məktəbdə nə isə edib? Çox maraqlıdır, görəsən o başyeyən nifrin məktəbdə kimin balasının başını yeyib?

Fazilin dediklərindən Humay xanım artıq qismən də olsa olanları başa düşdü. Fəqət yenə də öz səbir və təmkinini pozmadan:

- Elə mən də Cahan haqqında danışmaq istəyirəm,-dedi.

- Bacım Cahana nə isə olub? -deyə, Arzu titrək səslə soruşdu.

-Yox, Arzu, Cahana heç nə olmayıb. O, mənim yanımdadır -deyə, Humay xanım üzünü Fazilə tutaraq sözünə əlavə etdi:

- Sadəcə olaraq sizinlə ciddi danışmaq istəyirəm, amma təklikdə.

- Təklikdə? Psixoloq xanım, əgər söhbətimiz Cahan haqqında olacaqsa buyurun,-deyə Fazil siqaret yandırdı.

- Bəli, sizinlə məhz elə Cahan haqqında danışmaq istəyirəm. Ancaq təklikdə.

Fazil üzünü qızı Arzuya tutub onları tək qoymasını söylədi. Arzu heç bir söz deməyib qonaq otağından çıxsa da dayanaraq onların söhbətinə qulaq asmağa başladı. Fazil və Humay xanım qonaq otağında bir-birlərinə baxdılar. Bir qədər sonra Fazil:

- Buyur psixoloq xanım,-dedi:- sizin danışmaq istədiyiniz nədir?

- Fazil müəllim, məni bir şey maraqlandırır. Cahan həqiqətənmi sizin doğma övladınızdır?

- Başa düşmədim, bu nə gülünc sualdır? Əlbəttə, mənim övladımdır.

- Əgər sizin övladınızdırsa, bəs o zaman niyə ayrıseçkilik edirsiniz, hə?

- Qulaq as, psixoloq xanım,-deyə Fazil ona yaxınlaşdı:

- Bəlkə öz işinlə məşğul olasan, hə? Düşünürəm ki, məncə sənə heç kəs ixtiyar verməyib ki, insanların ailə işinə qarışasan.

- Əslində mən heç kəsin işinə qarışmıram. Cahan bizim məktəbin şagirdidir və mən də həmin məktəbin psixoloquyam. Hər bir şagird ilə maraqlanmaq mənim haqqımdır. Bilirsinizmi, Fazil müəllim, siz bir ata kimi bir dəfə də olsun heç övladınızla maraqlanmısınızmı? Onun dərdinə şərik çıxmısınızmı? Axı niyə bu qədər övladınıza qarşı biganəsiniz? Məgər Cahan sizin övladınız deyil?

- Bunun sənə heç bir aidiyyəti yoxdur və mən izin vermərəm ki, kimsə məndən nəsə tələb etsin. Bunu yadından çıxartmasan yaxşı olar. Görürəm, Cahana yaman can yandırırsan, əgər belədirsə götür Cahanı, sənə verirəm.

Fazilin dedikləri Humay xanımı özündən çıxartdı. Fazilə baxıb:

- Siz necə adamsınız, İlahi? – dedi. Bir ata öz doğma övladına necə bu qədər nifrət edə bilər? Axı siz valideynsiniz. Necə bu qədər daşürəkli ola bilərsiniz? Bir bilsəydiniz ki, Cahanın sizin sevginizə, sizin dəstəyinizə necə ehtiyacı var.

- Mənə Cahandan heç nə danışma!-deyə, Fazil qəti şəkildə dilləndi:

- Nə qədər ki, sizə ağır cavab verməmişəm, mənim evimi tərk edin!

Humay xanım susdu. Fazilin bu qədər nifrətlə danışığı onu şoka salmışdı. Ona həqiqəti demək belə boşuna olardı. Çünki desəydi belə, Fazil ona inanmayacaqdı. Odur ki, qonaq otağını tərk edən Humay xanım çıxışda Arzudan Cahanın telefonunu və məktəbə aid hər şeyini götürüb evi tərk etdi.

Səhər açılmışdı. Məktəbdə öz kabinetində oturan Humay xanım Cahanın başına gələnlər haqda fikirləşirdi. Bu məsələdə Cahana dəstək olmaq üçün Humay xanım çarə axtarırdı ki, məktəb direktoru Qurban müəllimin içəri girdiyini görüb ayağa durdu. Salamlaşaraq oturmaq üçün Qurban müəllimə yer göstərsə də o, etiraz edib:

-Humay xanım,-dedi,-danışa bilərik?

- Buyurun, nəsə olub, Qurban müəllim?

- Mən də elə bunu bilmək istəyirəm. Humay xanım, sizə kim ixtiyar verib ki, siz kiminsə evinə gedib onu təhqir edəsiniz və övladının başını doldurasınız? Hər halda siz söhbətin nədən və kimdən getdiyini anladınız. Söhbət Cahan Fazil qızı Babayevadan gedir.

Humay xanım susdu. Cahanın atası Fazilin məktəb direktoru Qurban müəllimə onun haqqında şikayət etdiyini başa düşüb:

-Sizə məndən şikayət olunub, Qurban müəllim?-deyə, soruşdu.

- Deməli, söhbətin nədən getdiyini bilirsiniz?-deyə eynəyin altından ona baxdı:

- Axı niyə siz öz işinizlə məşğul olmursunuz?

- Başa düşmürəm, mən elə öz işimlə məşğul oluram, Qurban müəllim. Görürəm Fazil müəllim...

- Bir dəqiqə,-deyə, Qurban müəllim Humay xanımın sözünü ağzında yarımçıq qoydu:

- Siz məncə, sizə aid olmayan bir addım atmısınız. Humay xanım siz uşaqlarla məşğul olmaq yerinə, kiminsə ailəsinə gedib ona hədə-qorxu gəlirsiniz.

- Necə hədə-qorxu gəlirəm? Mən heç kəsə hədə-qorxu gəlməmişəm, siz nə danışırsınız, Qurban müəllim?

- Mən olanı və mənə deyiləni sizə deyirəm, Humay xanım.

- Görürəm sizə doğru məlumat verilməyib. Amma belə düşünürəm ki, sizi bu məlumata inandırıblar, nəyi var. Qurban müəllim, indi mən sizə nə deyim? Mən düz ola-ola nəyi sübut etməliyəm.

- Siz heç nə ilə özünüzü sübut etmək məcburiyyətində deyilsiniz, Humay xanım. Düşünürəm ki, bu hərəkətinizə görə sizi cəzalandırım.

Humay xanım güldü:

- Cəzalandırım, deyərkən?

- Humay xanım, məncə sizi işinizdən uzaqlaşdırsam, daha məqsədə uyğun olar. Ən yaxşısı əşyalarınızı yığmağa və ərizənizi yazmağa başlasanız yaxşı olardı,-deyərək sözünü bitirən Qurban müəllim cavab belə gözləmədən Humay xanımın otağını tərk etdi.

Tənəffüs vaxtı idi. Humay xanım artıq özünə aid əşyaları yığmışdı, getməyə hazırlaşırdı. Məktəbdən uzaqlaşdırıldığı xəbərini eşidən Cahan onun kabinetinə gəlib içəri girərək:

- Humay xanım, siz hara gedirsiniz?-deyə, soruşdu.

- Cahan, mən....

- Bunu atam edib, hə? Bu vicdansızlığı atam edib?!-deyə, Cahan əsəbi halda soruşdu.

- Boş ver əzizim, artıq olan olub.

- Yox, heç nə də olmayıb, mən icazə vermərəm ki, mənə görə siz işinizdən olasınız. Yox, Humay xanım, mən sizi heç yerə qoymaram.

Sözünü bitirən Cahan kabinetdən çıxıb məktəb direktoru Qurban müəllimin kabinetinə doğru addımladı. Kabinetə gəlib katibəyə belə heç bir söz demədən qapını açıb, içəri girdiyi zaman atası Fazili müəllimi onun yanında gördü.

Qurban müəllim Cahanın bu hərəkətinə əsəbi tərzdə yerindən qalxdı, fəqət atası Fazil burda olduğundan dillənmədi. Cahan isə:

- Axı nəyə görə hə?! -deyə, soruşdu:

- Humay xanımın nə günahı var ki, onu işdən çıxarırsınız?

Qurban müəllim elə ağzını açmaq istəyirdi ki, Fazil onu qabaqladı:

- Bunu mən istəmişəm.

Cahan atası Fazilə baxdı. Nə deyəcəyini və haradan başlayacağını bilmədiyindən susmağı üstün tutdu. Fazil isə məktəb direktoru Qurban müəllimdən onları tək qoymasını istədi. Ağır addımlarla heç bir söz demədən Qurban müəllim kabineti tərk edərək onları tək qoydu. Cahan atası Fazilə baxdı. Fazil isə ayağa durub ona yaxınlaşaraq onunla üz-üzə dayandı.

- Sən belə dil çıxartmısan?-dedi,-Sənin məqsədin nədir?

- Ata, mən səni başa düşə bilmirəm. Düşünürəm ki, heç səndə Allah qorxusu yoxdur. Axı niyə, hə? Niyə Humay xanımı işdən çıxartdırırsan? Səndə heç vicdan yoxdurmu?

- Qulaq as, ləçər,-deyə, Fazil Cahanın qolundan tutdu:

- Deyəsən yaman beynini doldurub o psixoloq.

- Sənin psixoloq dediyin o qadın mənimlə səndən daha çox maraqlanır. Amma sən heç bir zaman mənimlə maraqlanmamısan.

- Axı sənin nəyinlə maraqlanım, hə?

- Düz deyirsən, nəyimlə maraqlanasan axı. Sənçün arzuolunmaz bir övladam, onsuz da. Məgər maraqlansan, nə isə dəyişəcək? Yox, burda gəl özümüzü aldatmayaq

- Elədir ki, var,-deyə, Fazil gülümsədi:

- Mən ilk dəfədir ki səninlə razılaşıram. Amma sən nahaq əziyyət çəkib gəlmisən və mənimlə söz güləşdirirsən.

- Ata, mən özümə görə yox, Humay xanıma görə gəlmişəm. Xahiş edirəm bu hərəkəti etmə. Mən nə desən onunla razıyam, amma yetər ki, sən Humay xanımı işdən çıxartdırma. Xahiş edirəm, nə olar, ata,-deyə, Cahan atası Fazilə yalvardı.

- Nə desəm onunla razı olacaqsan?

- Hə, nə desən razıyam.

Fazil müəllim Cahana baxdı. Siqaret yandırıb Qurban müəllimin kabinetində gəzərək pəncərəyə yaxınlaşdı. Pəncərədən çölə baxaraq:

- Madam ki, hər şeyə razısan, o zaman diqqətlə mənə qulaq as,-dedi:

Ardı növbəti sayımızda