BİR QADIN TALEYİ
(REAL HADİSƏLƏR ƏSASINDA)
9-cu hissə
Əvvəli ötən sayımızda
...Daha sonra üzünü təhqiqatçı Samirə tutaraq sözünə davam etdi:
Elə siz də zəhmət çəkməyin. Cəza almaqla nə qazanacam, hə? Mənim həyatım yenidən düzələcəkmi? Məncə boş verin, mənim həyatımdan narahat olmaqdansa, gedin əsl cinayətkarları tapın.
Sözünə yekun vuran Cahan onların cavabını belə gözləmədən, ayağa durub yeməkxananı tərk etdi.
Teymur susmuşdu. Nəsə deməyə cürət etmirdi. Arzu isə sakitcə onun hərəkətlərinə göz qoyurdu. Dayısı Teymurun susması isə ona xeyirli idi. Ayağa durdu, otaqda addımladıqca yaranmış sükutu pozdu:
- Bilirsən, məni nə maraqlandırır? Sən bu murdar əməli törədəndə heç düşünmədinmi ki, Cahan mənim bacımın balasıdır? Sən nə qədər vicdansız ola bilərmişsən?
- Arzu mən....
- Sus. Dua elə ki, bu haqda heç kəs, hətta atam belə heç nə bilmir. Əgər mən də Cahanın gündəliyini oxumasaydım, heç nədən xəbərim olmayacaqdır. Bilirsən dayı, mən səndən hər cürə şikayət edə bilərəm, hətta sənə bəraət belə qazandıra bilərəm. Təbii ki, bunun bir bədəli olmalıdır.
Teymur Arzunun nəyə eyham vurduğunu anladı. Lakin özünü o yerə qoymayıb sakitcə səbrini pozmadan ayağa durdu. Onunla üz-üzə dayanaraq ona baxdı:
- Sən nə demək istəyirsən?
- Bilirsən də dayı, bu məsələ polisə getsə, sənin başın ağrıya bilər, elə deyil? Ona görə də layiqli və düşüncəli addım ata bilərik, düşünüb bir qərara gələ bilərik. Məsələn, mən sənə kömək edə bilərəm.
- Maraqlıdır, necə?
- Mən sənə bu söhbətin bağlı qalması üçün kömək edə bilərəm. Amma təbii ki, mənim şərtim olacaq.
- Şərtin?-deyə, Teymur qaşlarını çatdı.
- Hə, əgər sən mənə mən dediyimi etsən, mən də bu məsələni silə bilərəm. Dayı, düşünürəm ki, biabır olub həbsdə yatmaqdansa, mənim təklifim daha keçərli olar. Axı, baxma, sən də adlı-sanlı iş adamısan. İstəməzsən nüfuzuna xələl gəlsin.
Teymur Arzuya, Arzu isə ona baxdı. Əslində çətin bir vəziyyətə düşdüyünü anlamışdı. Və gözəl bilirdi ki, əgər Arzu bu məsələni öyrənibsə, heç də hər şey yaxşı olmayacaq.
Cahan isə yeməkxanadan çıxdıqda Humay xanım onu səsləyərək arxasınca çıxdı. İti addımlarla ona çatıb qolundan tutaraq:
- Cahan, dayan,-deyə onu saxladı.
- Axı niyə Humay xanım? Niyə mənə heç nə demədən belə iş tutursunuz?
- Cahan, mən sənə kömək etmək istəyirəm. İstəmirəm sən acı çəkəsən. Günahkar layiqli cəzasın almalıdır, başa düşürsən?
- Axı bu nəyi dəyişdirəcək? Onsuz da olan olub, mənim həyatım puç olub zatən. Mən ləkəli bir mələyəm, heç kəs, heç nə edə bilməz artıq. Kimsə mənim bakirəliyimi, ismətimi geri qaytara bilər, hə?
- ..........
- Görürsünüzmü, susursunuz, çünki bir həqiqətdir. Siz heç nəyi düzəldə bilməzsiniz. Mənim namusum onsuz da ləkələnib.
Onların söhbətini təsadüfən eşidən sinif rəhbəri Şərqiyyə xanım öz-özünə: “nə? Cahan bakirə deyil? Aman Allah, bu ola bilməz” deyə divara söykəndi.
Dərs bitmişdi. Humay xanım kabinetində oturub kağızları gözdən keçirirdi. Bu arada Şərqiyyə müəllimə qapını açıb içəri girərək onunla salamlaşdı. Özünə çay süzüb stulda oturaraq Humay xanımla ordan-burdan söhbət edib gəlişinin səbəbini ona bildirdi:
- Humay xanım, son zamanlarda nədənsə məktəbdə olan hadisələrdən heç xəbərim olmur.
- Siz nəyi nəzərdə tutursunuz? Son zamanlarda məktəbdə olan hadisələr sadə həll olunan məsələlər olub.
- Mən sinfimdən danışıram.
- Sinfinizdən?-deyə, Humay xanım təəccüblə qaşlarını çatdı.
- Hə, Humay xanım,-deyə, Şərqiyyə müəllimə çaydan içdi:
- Mən Cahan Fazil qızı Əliyeva haqqında danışmaq istəyirəm. Mənim olanlardan xəbərim var.
- Cahana nə isə olub?
- Bəsdirin, guya heç nədən xəbəriniz yoxdur? Qulaq asın, siz psixoloq ola bilərsiniz, mən də pedaqoqam, hər bir şagirdim mənim üçün əzizdir. Amma nədənsə şagirdlərim problemlərini mənə demirlər
- Nəyi?
- Mən Cahanın başına gələnləri bilirəm, bilirəm ki, o, bakirə deyil.
Humay xanım ona baxdı. Ayağa durub kabinetdə gəzinərək pəncərəyə yaxınlaşdı. Kabinetə dərin bir sükut çökmüşdü...
Teymur isə Arzu ilə razılaşıb getmişdi. Arzu indi tam əminliklə bütün planlarını həyata keçirəcəkdi və bildiyi məsələ əsasında dayısı Teymurdan yaxşı pul ala bilərdi. Amma Arzu artıq Cahana nəzarət etməli, bu məsələnin gedişatını dəyişməli idi. Bir yandan Cahan, digər yandan isə qardaşı Azər. Cahandan çox Arzu qardaşı Azərin ona problem yaradacağını düşünürdü, elə bu səbəbdən də nə yollasa Arzu qardaşı Azərdən qurtulmalı idi...
Arzu dayısı Teymurdan yaxşı məbləğ aldıqdan sonra, məsələni unutmuş, qardaşı Azəri xaricə göndərmişdi. İndi evdə hər şey Arzunun ixtiyarına keçmişdi. Arzu necə deyərlər, hər şeyə hökmranlıq edirdi. Hətta Cahana qarşı belə davranışları dəyişmişdi.
Cahanın başına gələnlər haqqında Şərqiyyə müəllimə onun atası Fazil ilə danışmaq qərarına gəlmişdi. Məktəbdə isə hər şey fərqli olmuşdu. Məktəbə Humay xanımın yerinə gələn gənc, hardasa 28-30 yaşlarında biri olan psixoloq Ramin ilk gündən Cahana göz qoymuşdu. Cahan haqqında azdan, çoxdan öyrənmişdi. Cahana yaxın olmaq, onu öz ovuna salmaq üçün Ramin əlindən gələni edirdi. Hətta bir bəhanə ilə Cahanla üz-üzə gəlmək üçün hər yola əl atırdı...
Şərqiyyə müəllimə isə Cahangilin evinə gəlmişdi. Fəqət Fazil evdə olmadığından onu gözləmək qərarına gəlmişdi. Onun nəyə görə gəldiyini də Arzu bilirdi. Buna görə də Arzu hər nə olursa olsun, bu məsələyə mane olmalı idi. Bu üzdən də:
- Sizin atamla nə danışmaq istədiyinizi bilirəm,-dedi.
- Doğrudan?
- Hə, amma məsləhət bilmirəm ki, bu məsələni atama danışasınız. Şərqiyyə xanım, məncə siz ağıllı bir qadınsınız.
- Əlbəttə. Amma mən bunu demək məcburiyyətindəyəm.
- Əksinə, siz yanlış addım atmış olarsınız. Məncə öz hisslərinizin badına getməyin. Mən bilirəm ki, sizin atamdan xoşunuz gəlir, elə deyilmi?
Arzunun verdiyi sualdan Şərqiyyə müəllimə utandığından qızardı.
Əslində Arzunun dediklərində bir həqiqət var idi. Şərqiyyə müəllimə Fazilə qarşı biganə deyildi. Onunla nikah kəsib, nikahlı həyat yoldaşı olmağı çox istəyirdi. Çünki Gülzar xanımın ölümündən sonra bilirdi ki, Fazilin həyatında başqa bir qadın yoxdur. Hər hansısa bir yolla Fazilin qəlbinə yol tapmalı idi. Otaqda səssizlik olsa da, bu səssizlik uzun sürmədi:
- Hə, Şərqiyyə xanım, mən düşünürəm ki, məncə siz Cahanın başına gələnləri unutsanız yaxşı olar,-deyə, Arzu barmağındakı üzüyü oynatmağa başladı.
- Arzu, axı....
- Onsuz da Cahanın məsələsi bağlanıb. Zatən mənim bacım özü düzgün yolda deyil. Axı siz bunu niyə bilməmisiniz?
- Bir dəqiqə. Demək istəyirsən ki, Cahan ...
- Cahan öz bakirəliyini çoxdan itirib. Bunu sadəcə mən hamıdan gizlətmişəm. Əlbəttə, mən də istəməzdim ki, belə olsun. Amma Cahan həqiqətən əxlaqsızdır və o, elə anamın sağlığında min oyundan çıxıb,-deyə, Arzu öz yalanı ilə Şərqiyyə müəlliməni inandırmağa çalışdı.
Arzu elə yalanlar danışdı ki, öz yalanları ilə Şərqiyyə müəlliməni inandırmışdı. Şərqiyyə müəllimənin də Cahana olan fikirləri tam dəyişmişdi. İndi o, yalnız öz məqsədi üçün çalışmalı idi, lakin bu məqsədinə isə Arzu mane olmağa çalışırdı.
Aylar geridə qalmışdı. Qış öz yerini yaza vermişdi. Arzu Cahanın başına gələnləri tam fərqli şəkildə atası Fazilə də danışmışdı və Fazildə ona qarşı daha da nifrət qaldırmışdı. Bu arada məktəbə yeni gələn psixoloq Ramin də Cahana aşiq olmuşdu. Amma yaxşı bilirdi ki, bu sevda baş tutan bir şey deyil. Lakin yenə də Cahana qəlbini açmaq, ona ürəyindəkilərin demək istəyirdi. Məhz bu səbəbdən də....
Dərs bitmişdi. Şagirdlər evə gedirdi, Cahan sinif otağından çıxdığı zaman Raminlə üz-üzə gəldi. Ramin ondan hal-əhval tutub onunla danışmaq istədiyini bildirdi. Cahan etiraz etmədi. Ramin onu məktəbin yanındakı kafeyə dəvət etdiyi zaman, Cahan bir qədər tərəddüd etdi, lakin razılaşıb onunla yaxınlıqdakı kafeyə yollandı.
Artıq hər ikisi kafedə idi. Ramin Cahanla üz-üzə oturub söhbətə başlamazdan əvvəl ofisiantın gətirdiyi meyvə suyundan içdi. Cahana baxıb:
- Məktəbdə xətrinə dəyən yoxdur?-deyə, soruşdu.
- ....
- Əgər xətrinə dəyən varsa mənə deyə bilərsən, Cahan.
- Narahat olmayın. Siz deyin görüm mənimlə nə barədə danışmaq istəyirsiniz?
- Cahan, mən bu məktəbə təyin olunandan sənə fikir verirəm, sən digərlərindən çox fərqlənirsən. Bilirsən, mən sözü uzatmağı heç sevmirəm. Səndən xoşum gəlir, Cahan.
Cahan susdu. Qarşısındakı meyvə suyundan içərək ona baxdı. Ramin isə onun əlindən tutduğu zaman bu mənzərəni görən sinif yoldaşı Aysel telefona onların şəklini çəkib kafedən çıxdı.
Cahan Raminə nə cavab verəcəyini bilmədi. Sadəcə bir az zaman istəyib ayağa duraraq kafeni tərk etdi. Ramin onun arxasınca baxıb telefon ilə zəng etdi: “Alo... mənəm... demək olar ki, hər şey hazırdır...tezliklə səni sevindirəcəm”.
Telefonunu söndürüb sakitcə təmkinini pozmadan meyvə suyunu içməkdə davam etdi.
Aysel isə gördüyü mənzərədən özünə gələ bilməmişdi. Evə gəlib qapını açaraq anası Sonaya heç bir söz demədən otağına keçdi. Telefonda çəkdiyi şəklə baxıb öz özünə: “Səni qancıq. Buna görə mən sənə yaxşı dərs verəcəm” deyə, əsəbi halda telefonu taxta atdı...
Əslində fərqli idi hər şey. Məktəbin son sinfi olduğu üçün, Cahan daha ciddi şəkildə dərsləri ilə məşğul olurdu. Çünki anası Gülzar xanımın arzusunu yerinə yetirmək məcburiyyətində idi. Cahan ciddi şəkildə gecəsini gündüzünə qatıb dərsləri ilə məşğul olur, bacısı Arzu və atası Fazilin tənələrinə isə əhəmiyyət vermirdi. Fazilin ürəyini isə Şərqiyyə müəllimə ovsunlaya bilmişdi və Fazil onunla evlənmək qərarına gəlmişdi. Bu qərarı qızı Arzu ilə Cahana bildirmək istəyirdi. Bunun üçün isə münasib vaxt gözləyirdi.
Məktəbim yeni psixoloqu Ramin isə az da olsa Cahanın qəlbini ələ almışdı. Bütün bunlar Ayselin də gözündən yayınmamışdı. Artıq Aysel də Cahana zərbə endirməyə hazırlaşırdı. Bu səbəbdən də pilləkənlərin yanında Cahanı tutan Aysel:
- Dayan,-deyərək onu saxladı.
Cahan ona baxdı. Aysel onu süzüb:
- Utanmaz!-dedi.
- Başa düşmədim, bu nə sözdür?
- Özünü qanmaz yerinə qoyma, Cahan. Utanmazsan sən, axı sən nə etmək fikrindəsən. Heç utanmırsan?
- Başa düşmədim, mən nədən utanmalıyam, hə? Məncə, mən heç bir utanılası addım atmamışam.
- Atmamısan?-deyə, Aysel güldü:
- Sən bu məktəbi lap görüş parkına çevirmisən.
- Aysel, sən nə danışırsan? Hansı haqla məni tənqid edirsən?
- Sən elə tənqidə layiqsən, fahişə. Çünki sən bura dərs oxumağa deyil, əxlaqsızlığı təbliğ etməyə gəlirsən. Fahişə, sən bir fahişəsən, Cahan!-deyərək Aysel sözünü bitirər-bitirməz Cahan onun bu sözlərinə dözməyib var gücü ilə ona şillə çəkdi...
Ardı növbəti sayımızda