İran ABŞ-a hər hansı məsələdə güzəştə getməyəcək

İran ABŞ-a hər hansı məsələdə güzəştə getməyəcək

2 Avqust 2019 13:26
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-la iran arasında davam edən gərginlik əvvəlki kimi beynəlxalq aləmin diqqət mərkəzində qalmaqda davam edir. Vaşinqtonun müxtəlif yollarla İranla danışıqlar aparmaq cəhdlərinə baxmayaraq Tehran Tramp administrasiyası ilə hr hansı danışıqlara getmək niyyətində olmadığını nümayiş etdirməkdədir. Bunu hadisələrin gedişi də bir daha sübut edir. Belə ki, ABŞ dövlət katibi Maykl Pompeonun Tehrana səfər etmək niyyətinin baş tutmamasından sonra İranı idarə edənlərin arasında bu məsələyə münasibətdə fərqli mövqelər ortaya çıxıb. Məsələn, İran prezidenti Ruhani bir neçə gün öncə bildirib ki, ABŞ sanksiyaları ləğv edəcəyi təqdirdə problemin aradan qaldırılması üçün danışıqlara başlanılması mümkündür. Adətən İranda ABŞ-a münasibətdə sərt mövqeyi ilə seçilən Ruhaninin belə bir açıqlama verməsi istər ölkə daxilində, istərsə də xaricdə birmənalı qarşılanmayıb. Qərbin bəzi aparıcı siyasətçiləri Ruhaninin belə bir açıqlamasını ABŞ-ın sanksiyalarının İranı diz çökməyə məcbur etməsinin ilk əlamətləri kimi dəyərləndiriblər. Lakin İranın idarəedilməsində yeganə söz sahibi olan dini lider Ayətullah Əli Xamnəyinin hərbi müşaviri Tehranın heç bir şərtlə Tramp administrasiyası ilə danışıqlar aparmayacağını söyləyib. O deyib ki, ABŞ İran qarşısında hər hansı şərt irəli sürmədən imperialist və sionist siyasətindən əl çəkməli, sanksiyalar və hərbi güc nümayiş etdirməklə digərlərinin daxili işlərinə müdaxilə etmək siyasətinə son qoymalıdır. Bununla da eyni zamanda ABŞ-la hansısa şərtlər daxilində danışıqlar aparılmasının mümkün olması barədə Ruhaninin dedikləri Xamnəyi tərəfindən rədd edilib. Xamnəyinin məsələ ilə bağlı dedikləri eyni zamanda Ruhaniyə edilən sərt xəbərdarlıq kimi də dəyərləndirilə bilər.

Xamnəyinin fikirlərini əks etdirən “Sepah” komandanı Hüseyn Dehqan “əl-Cəzirə”yə açıqlamasında Hörmüz boğazında status dəyişikliyi halında, İranın hərəkətə keçəcəyini bildirib. Dehqan eyni zamanda ABŞ-da hədələyib. Onun sözlərinə görə, Birləşmiş Ərəb Əmirlikləri ABŞ tərəfindən hədəfə çevriləcəyi və oradan İrana qarşı hərbi əməliyyatlar bazası kimi istifadə ediləcəyi təqdirdə, onlar adıçəkilən ölkədən gələn təhlükə ilə bağlı cavab tədbirlərinə baş vuracaqlar: “Vaşinqton İslam Respublikası ilə müharibəyə başlamaq barədə qərar verəcəyi təqdirdə, ABŞ-ın bölgədəki bütün obyektlərinə zərbələr endirərək onları dərhal məhv edəcəyik”.

Bu arada İran və Qərb mətbuatında yayılan digər məlumata görə, Böyük Britaniya iki ölkə arasında əmələ gələn “gəmi saxlanılması” böhranını həll etmək üçün Tehrana gizli misisya göndərib. Bu barədə mətbuata açıqlamasında Ayətullah Məhəmməd Məhəmmədi-Qolpayegani məlumat verib. O deyib ki, bir zamanlar İranda nazirlər və millət vəkillərini təyin edən bir ölkə indi vasitəçi göndərir və gəminin azad edilməsi üçün yalvarır. Xatırladaq ki. bölgədə daim pozuculuq fəaliyyətinə baç vurduğu üçün İranda bir çoxları İngiltərəni “qoca tülkü” adlandırır.

Öz növbəsində İngiltərə Xarici İşlər Nazirliyi iyulun 24-də İran mediasının “Stena Impero” tankerinin sərbəst buraxılması üçün danışıqlar aparmaq məqsədi ilə Tehrana gizli vasitəçi göndərildiyi barədə xəbərləri təkzib edib. Bununla belə iyulun 24-də gizli missiyanın ardınca “Stena Impero”ya məxsus “Stena Bulk” tankerinin heyəti ilə əlaqə qurulduğu məlum olub.

Şirkətin sözçüsü Pət Adamson “Reuters” agentliyinə bildirib: “Dünən gecə gəminin göyərtəsində olan heyətlə telefonla birbaşa əlaqə yaratdıq. Onların hamısının vəziyyəti yaxşıdır və sağlamlıqları təhlükədə deyil. Gəmidə olan iranlılarla əməkdaşlıq edirlər”.

İran tərəfindən saxlanılan Böyük Britaniya gəmisinə gəlincə Tehran qarşılıqlı şəkildə gəmilərin azad edilməsinin əleyhinə deyil. Bu müstəvidə də İran Britaniya ilə böhranın mərkəzində olan iki tankerin mübadilə etmək istədiyini bildirib.

Prezident Həsən Ruhani isə məsələ ilə əlaqədar iyulun 24-də keçirilən həftəlik kabinə iclasında deyib: “Bəzi Avropa ölkələri ilə gərginliyin davam etməsini istəmirik. İngiltərə Cəbəllütariqdəki səhv hərəkətlərindən (Kral Dəniz Qüvvələrinin “Grace 1” tankerini iyulun 4-də ələ keçirməsi – tərc.) uzaqlaşsa, İrandan müvafiq cavab alacaq”.

Bu arada, İraqın baş naziri Adil Əbdülmehdi həftənin əvvəlində Tehrana səfərinin qismən İngiltərənin sabiq (Boris Conson kabinəsində əvəzlənib) müdafiə naziri Penni Mordauntun xahişi ilə həyata keçirdiyini açıqlayıb. Yəni iyulun 19-da Hörmüz boğazında İran qüvvələrinin ələ keçirilən “Stena Impero”nun sərbəst buraxılması üçün danışıqlar aparmaq cəhdi olub. Hələlik bu danışıqların nə ilə nəticələnəcəyi məlum olmasa da tərəflərin qarşılıqlı şəkildə gəmilərin azad edilməsi barədə razılığa gələ biləcəyi istisna edilmir. Çünki istənilən halda saxlanılan gəmilər və onun heyəti iki ölkə arasında ciddi önəm daşımır və indiki vəziyyətdə tərəflər üçün əlavə başağrısına çevriliblər.

ABŞ-İran gərginliyinin davam etdiyi bir vaxtda məlum olub ki, ABŞ İrana qarşı özünə dəstək axtarmaqda davam edir. Belə ki, ABŞ Dövlət katibi Mayk Pompeo “Foks Nyus”a müsahibəsində deyib ki, ABŞ Səudiyyə Ərəbistanı ilə İrana qarşı tərəfdaşlığı davam etdirmək üçün hər şeyi edəcək. Onun sözlərinə görə, Tramp bununla Ər-Riyada dəstək mesajı verir:

“İran real təhdiddir. Səudiyyəlilər Tehrana qarşı mübarizədə ABŞ-ın tərəfdaşıdır. Biz əməkdaşlıq üçün hər şeyi etməyə hazırıq”.

Pompeo qeyd edib ki, ABŞ Britaniya, Fransa, Almaniya, Norveç, Yaponiya, Cənubi Koreya və Avstraliyanı Hörmüz boğazının təhlükəsizliyini təmin edəcək koalisiyaya qoşulmağa dəvət edib.

İran-ABŞ gərginliyinin davam etdiyi bir vaxtda Pentaqonun yeni rəhbəri Mark Esper də problemin çözülməsi üçün addımların atıla biləcəyini istisna etmədiyini söyləyib. O deyib ki, körfəzin təhlükəsizliyini təmin etmək üçün keşikçi gəmilərindən istifadə ediləcək. Bu məqsədlə neft tankerlərinin müşayiət edən keşikçi gəmiləri qrupu yaradılacaq:

“Britaniyalılar öz gəmilərini müşayiət edir və biz gəmilərimizi risk tələb etdiyi dərəcədə müşayiət edəcəyik. Güman edirəm ki, digər ölkələr də gəmilərinin mühafizəsini quracaq”.

ABŞ müdafiə naziri tankerlərin təhlükəsizliyinin havdan da təmin edilə biləcəyinin mümkünlüyünü vurğulayıb.“Eskort bəzən havadan təmin edilə bilər”, – deyə Esper əlavə edib.

ABŞ-ın yeni müdafiə nazirinin körfəzdən neft daşıyan tankerlərin təhlükəsizliyinin təmini üçün keşikçi gəmilərindən istifadə edilə biləcəyi barədə dediklərinə İrandan dərhal reaksiya gəlib. Məsələ ilə bağlı Nazirlər Kabinəsindəki çıxışında Ruhani körfəzdəki gəmiləri qorumaq üçün beynəlxalq koalisiya yaratma cəhdini qınayıb. Onun rəyincə, Hörmüz boğazında təhlükəsizliyə İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) cavabdehlik daşıyır. Ruhani istənilən halda İranın körfəzdəki gəmilərin təhlükəsizliyinin təmini üçün tədbirlər həyata keçirməkdə davam etdirəcəyini bildirib. Onun sözlərinə görə, neft daşıyan tankerlərə təhlükə İranda deyil, ABŞ-dan gəlir. Bu arada isə Consonun İngiltərənin baş naziri seçilməsinə də İranın reaksiyası sərt olub. İranda belə hesab edirlər ki, Conson Trampın astar üzüdür və onun kimi özünü idarə etməkdə çətinlik çəkir. İrandakı həm islahatçı, həm də mühafizəkar qəzetlər Boris Consonun İngiltərənin baş naziri təyinatından narahatlıqlarını ifadə ediblər. Çoxları onu “İngilis Trampı” kimi səciyyələndirirlər.

Mühafizəkar “Resalət” qəzeti Oval Ofisindəki masası arxasında oturan Trampın eşikağası vəzifəsini yerinə yetirən Consonun başına sığal çəkən karikatursını dərc edib. “Resalət” populistlərin bütün Avropada iqtdara gəldiyini bildirib.

ABŞ-ın İran ətrafında hərbi qüvvələrinin sayını artırmaqda davam etdiyi bir vaxtda Tehran Qərbin yuxusunu qaçıran daha bir addım atıb . Belə ki, bir neçə gün öncə gecə İran 1000 kilometr məsafədəki hədəfləri vurmağa qadir olan daha bir ballistik raketin sınağını keçirib. Bununla bağlı CNN televiziyasının yaydığı məlumata görə sınaqdan keçirilən Sahab-3 raketi olub.

Bununla da İran növbəti dəfə ABŞ-a və onun Qərbdəki müttəfiqlərinə əzələ nümayiş etdirib. Beləliklə ABŞ-İran münasibətlərindəki gərginliyə hər gün yeniləri əlavə olunmaqdadır. Bütün bunlar isə bölgəyə yaxşı heş nə vəd etmir.

Səda