Nikol Paşinyanın Dağlıq Qarabağa səfərinin gizlinləri

Nikol Paşinyanın Dağlıq Qarabağa səfərinin gizlinləri

9 Avqust 2019 16:31
Bəyəndim (0) Bəyənmədim (0)

Son aylarda Ermənistanın Baş naziri Nikol Paşinyanın qondarma Dağlıq Qarabağ Respublikasına səfərləri intensivləşib. Demək olar hər ay Xankəndinə səfər edən Paşinyan orada özünəməxsus erməni sayağı açıqlamalar verməkdə davam edir. Öz hakimiyyətini əldə saxlamaq və Qarabağın erməni icmasının rəğbətini qaznmaq üçün Paşinyan Xankəndinə son səfərində ötən əsrin 80-ci illərinin sonlarında separatçılar tərəfindən irəli sürülən “miatsum”şüarını işə salıb.

O, Xankəndində meydanda çıxışı zamanı “Arsax Ermənistandır” deyərək bununla da Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal edilməsi faktını bir daha təsdiq etmiş olub. Özünə Dağlıq Qarabağın erməni icması arasında daha çox tərəfdar toplamaq məqsədi ilə Paşinyan deyib ki, “qarabağlı”, “irəvanlı”, “icevanlı” yanaşmalarına son qoymaq lazımdır, “hamımız erməniyik”.

Bu da onu göstərir ki, ermənilər arasında “irəvanlı” və “qarabağlı” çəkişməsi var. Dağlıq Qarabağdan olmayan Nikol Paşinyan isə separatçıları özünə düşmən kimi görmək istəmir.

Çünki o bilir ki, hakimiyyətinə ən böyük təhlükə məhz Dağlıq Qarabağın erməni icmasından gəlir.

Paşinyanın işğal altında olan Azərbaycan ərazilərinə, o cümlədən Dağlıq Qarabağa səfərinin də arxasında Xankəndində hakimiyyətə öz adamını gətirməsi cəhdləri dayanır. Belə ki, gələn ayın əvvəllərində qondarma respublikada seçkilər keçiriləcək. Paşinyan bundan istifadə edərək seçkilərdə öz adamının qalib gələməsini təmin etmək üçün bütün cəhdlərdən istifadə edir.

Paşinyanın açıq şəkildə “Arsax Ermənistanındır” deməsinə Azərbaycan Xarici İşlər Nazirliyindən sərt reaksiya gəlib. Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir ki, Ermənistan baş nazirinin 5 avqust tarixində Azərbaycanın hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altında saxlanılan Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhərində “ümumerməni oyunları”nın açılışında çıxış edərək, reallıqdan tamamən uzaq olan populist bəyanatlar səsləndirməsi onun bölgədə və ümumiyyətlə, dünyada baş verənlərdən xəbərsiz və nə dərəcədə aciz birisi olduğunu nümayiş etdirir.

XİN-dən bildirilib ki, bəyanatının əsasən daxili auditoriyaya nəzərdə tutulmasına baxmayaraq, bu, Ermənistan baş nazirinə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin anneksiyasına çağıran fikirlər səsləndirməsinə heç bir əsas vermir.

“Ermənistan baş nazirinin aqressiv bəyanatları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə illərdir ki, aparılan danışıqlar prosesinin ruhu və mahiyyəti ilə, o cümlədən Ermənistan və Azərbaycan arasında keçirilən sonuncu görüşlər zamanı aparılan müzakirələrlə açıq ziddiyyət təşkil edir.

Bu, həmçinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinə böyük zərbədir. Ermənistanın siyasi rəhbərinin uzun illərdir ki, aparılan danışıqların predmetinə tam zidd olan bu bəyanatı, elə Ermənistanın özünün səsləndirdiyi, “münaqişənin yalnız sülh yolu ilə həlli” çağırışına uyğun gəlmir. N.Paşinyanın Xankəndidə etdiyi çıxışı onun həqiqi simasını üzə çıxarmış oldu.

Bütün beynəlxalq ictimaiyyət işğal olunmuş Dağlıq Qarabağ və ətraf bölgələrimiz də daxil olmaqla Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünü tanıyır. Ölkəmizin ərazi bütövlüyünə birmənalı dəstək istər, BMT TŞ-nin müvafiq qətnamələri, digər beynəlxalq təşkilatların qərar və qətnamələrində, istərsə də ikitərəfli əsasda qəbul edilmiş çoxsaylı sənədlərdə öz əksini tapıb.

Azərbaycan öz ərazilərinin işğalı ilə heç zaman barışmayacaq və işğal olunmuş torpaqlarımızın azad olunması və öz evlərindən zor gücünə didərgin salınmış məcburi köçkünlərimizin bu torpaqlara geri qayıtmasını təmin etmək üçün var gücü ilə səylərini davam etdirəcək”.

Niyyəti həqiqətən inkişaf və tərəqqi olan bir ölkənin rəhbərliyi təcavüzkar siyasət arxasında gizlənərək növbəti 30 ili hədəfləyən xəyali məqsədlər güdməz, əksinə, mövcud vəziyyəti qiymətləndirərək, beynəlxalq hüquqa hörmət əsasında qonşu ölkələrlə münasibətləri normallaşdıraraq daha real nəticələr əldə etməyə hədəflənər. Görünür Ermənistanın hazırkı rəhbərliyi boş vədlərlə özünü və Ermənistan xalqını aldatmaqla məşğuldur.

Bölgədə yaşanan bütün gərginliklərin, etnik təmizləmə siyasətinin qurbanı olan yüz minlərlə insanın fundamental hüququnun pozulmasının, münaqişənin sülh yolu ilə həllinə vurulan zərbənin və beləliklə də yaranmış vəziyyətin tam məsuliyyəti Ermənistan üzərindədir".

Sentyabr ayının 5-də keçiriləcək seçkilələ bağlı Paşinyan tərəfindən verilən həyasız, erməni xislətinə xas olan açıqlamalara azərbaycanlı politoloqlar tərəfindən də sərt reaksiya verilib. Məsələyə münasibət bildirən politoloq İlqar Vəlizadə deyib ki, Paşinyan qondarma rejimdə keçiriləcək “seçkilərdə” öz namizədinin qələbəsini təmin etməyə çalışır”

“Paşinyan Azərbaycanın işğal olunmuş torpaqlarına səfər edir və orada siyasi fəallıq göstərir. Bu səfərlər təxribatçı xarakter daşıyır. Bu onu göstərir ki, Ermənistan həmin ərazilərdə hökmranlıq edir və oranı boşaltmaq niyyətində deyil. Paşinyan Azərbaycanla danışıqlar aparmaqdan boyun qaçırır. Təəssüf ki, bu cür səfərlər xarici müşahidəçilər, ATƏT-in Minsk Qrupu tərəfindən lazımi siyasi qiymət almır. Siyasi qiymət almadığı üçün də belə səfərlər, siyasi oyunlar sürətlə inkişaf etdirilir”.

Azərbaycanın digər tanınmiş politoloqu Elxan Şahinoğlu Nikol Paşinyanın Xankəndində səsləndirdiyi fikirlərlə bağlı deyib ki, baş nazir bu durumu dəyişmək gücündə deyil, həmin ermənilər vaxtilə Levon Ter-Petrosyanı devirdilər, indi də Paşinyana qarşı blok formalaşdırırlar.

Politoloq bildirib ki, Paşinyanın Xankəndində erməni auditoriyasına hesabladığı çıxışdan asılı olmayaraq, rəsmi Bakı bu çıxışa iki şəkildə reaksiya verməlidir:

“Birincisi, beynəlxalq təşkilatlardan Paşinyanın çıxışına reaksiya tələb olunmalıdır. Çünki Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi yanaşması danışıqların sona çatdırılması və müharibənin elanı anlamına gəlir. İkincisi, Azərbaycandan yüksək səviyyədə Paşinyanın “Arsax Ermənistandır” açıqlamasına ən azı bu şəkildə cavab verilməsi məqsədəuyğundur: “Dağlıq Qarabağ Ermənistandırsa, onda Ermənistan da Azərbaycandır”.

Politoloq xatırladıb ki, “miatsum” (birləşmək) şüarı Dağlıq Qarabağ separatçılarının 1980-ci illərin sonunda səsləndirdikləri ilk şüar idi. Daha sonra bu şüardan imtina etdilər. Çünki separatçılar və onların arxasında dayanan güclər də anladılar ki, “birləşməni” beynəlxalq aləm anneksiya kimi qəbul edəcək və separatçılar lazımi dəstəkdən məhrum olacaqlar.

. Siyasi şərhçi bildirib ki, məhz bu səbəbdən separatçılar Ermənistanla birləşmək şüarından vaz keçdilər: “Dünyanın digər ölkələrindəki separatçılar kimi “müstəqillik” uğrunda mübarizəyə başladılar, torpaqlarımızın sonrakı işğalı da “müstəqillik ideyası” adı altında həyata keçirildi. Ermənistana rəhbərlik edən nə Levon Ter-Petrosyan, nə də qatı separatçılar Robert Köçəryan və Serj Sarkisyan “Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi” ideyasını səsləndirdilər. Çünki onlar da iki mühüm amilə görə bunu etmirdilər. Birincisi, onlar anlayırdılar ki, “birləşmə” ideyası Ermənistanın “Dağlıq Qarabağın Azərbaycandan ayrılması” mübarizəsinin beynəlxalq aləmdəki mövqelərini zəiflədəcək. İkincisi, “Dağlıq Qarabağın Ermənistana birləşdirilməlidir” ideyasının səsləndirilməsi faktiki danışıqlardan imtina edilməsi, atəşkəsin intensiv pozulması, o cümlədən, Azərbaycanla müharibə ehtimalını artırırdı. Ermənistanın keçmiş rəhbərləri bunun qorxusundan hətta Ermənistan parlamentində “Dağlıq Qarabağın tanınması” səsverməsini də hər dəfə təxirə salırdılar”.

E.Şahinoğlu qeyd edib ki, Ermənistanın hazırki baş naziri Nikol Paşinyan xələflərindən fərqli yol seçdi: “O, çoxdan unudulmuş “miatsum” şüarına qayıtdı və avqustun 5-də (bu tarixi unutmamaq lazımdır) elan etdi ki, “Arsax elə Ermənistandır”. Paşinyanın Dağlıq Qarabağdakı mövqeləri zəifdir və bölgədə gələnilki “prezident seçkisində” öz adamını kürsüdə otuzdurmaq istəyir. Paşinyan “Qarabağ elə Ermənistandır” şüarını bəlkə də bu məqsədlə söyləyib ki, onun namizədi yeni “şüarla” seçki kampaniyasına başlasın. Nikol Paşinyanın məqsədi nə olursa-olsun, Ermənistanın baş naziri səsləndirdiyi “şüarla” qırmızı cizgiləri aşdı. Artıq dünəndən başlayaraq Dağlıq Qarabağda erməni separatçılığının başında dayanan şəxslər də “miatsum” şüarına qayıdışın onlara baha başa gələcəyinə dair ehtiyatlı açıqlamalar verməyə başlayıblar. İstisna etmirəm ki, “Qarabağ klanının” lideri Robert Köçəryan da yaxınlarda həbsxanadan Paşinyana təhlükəli oyuna girişdiyinə dair açıqlama verəcək. Vəziyyət nə qədər qəribə olsa da, Köçəryanın bu mövzuda Paşinyan əleyhinə verəcəyi açıqlama bəlkə də münaqişənin başladığı uzaq 1980-ci illərdən bu tərəfə Azərbaycanın gələcək planında əlini gücləndirəcək”.

Politoloq vurğulayıb ki, Azərbaycan bu durumda 3 amilə diqqət yetirməlidir:

“Birincisi, dərhal beynəlxalq təşkilatlardan Paşinyanın açıqlamasına münasibət bildirilməsi tələb olunmalıdır. Paşinyandan izahat tələb olunmalıdır. Paşinyanın Xankəndindəki açıqlamasının təsdiqi də, inkarı da xeyrimizədir. Təsdiqi manevr imkanlarımızı genişləndirə bilər, inkarı Paşinyanın ermənilər arasındakı mövqelərini zəiflədəcək.

İkincisi, Azərbaycan XİN Müdafiə Nazirliyi ilə birgə sərt bəyanat yayınlamalıdır. Paşinyan Xankəndidəki çıxışı ilə buna qədər olan şifahi razılaşmaların üstündən xətt çəkir, ortada nə “Praqa porsesi”, nə də “Madrid planı” qalır.

Üçüncüsü, əslində Nikol Paşinyan bəlkə də anlamadan Azərbaycan Ordusu üçün manevr imkanlarını genişləndirir. Bu şansdan isti-isti istifadə etmək lazımdır. Dünya tarixindəki müharibələr hansısa yanlış açıqlamadan və hərəkətdən başlayıb. Ancaq bu qərarın verilməsi də asan deyil. Ordunun istədiyi kimi hərəkət etməsi üçün siyasi qərardan əlavə düşmən müttəfiqinə işləyən mexanizm tam neytrallaşdırılmalıdır. Bunu da etməliyik”.

Beləliklə hadisələrin gedişi göstərir ki, küçə nümayişi ilə hakimiyyətə gələn və faktiki olaraq ölkəni idarə etmək üçün siyasi təcrübəsi olmayan Paşinyan özünü nəinki daxili auditoriya,həm də beynəlxalq aləm qarşısında pis vəziyyətdə qoyub. Bütün bunlar isə Paşinyana və onun rəhbərlik etdiyi Ermənistana yaxşı heç nə vəd etmir .

Emin Axund