Stalinin sevimli və sözəbaxan kürəkəni – 40 ildən sonra  atasına görə işdən çıxarıblar

Stalinin sevimli və sözəbaxan kürəkəni – 40 ildən sonra atasına görə işdən çıxarıblar

29 Avqust 2019 14:35
Bəyəndim (0) Bəyənmədim (0)

O, atasının tanınmış dövlət xadimi, qayınatasının isə ölkənin birinci şəxsi olmasından heç vaxt istifadə etməyib. Həyat yollarını özü müəyyənləşdirib, gələcəyini özü qurub. Böyüklü-kiçikli problemlərlə üzləşəndə heç kimin qapısını döyməyib, hətta atasına belə müraciət etməyib...

Yuri Jdanov özünü dərk edəndən evlərində mövcud dövrün ən tanınmış siyasi liderlərini görüb. İosif Stalini, Vyaçeslav Molotovu, Georgi Malenkovu, Kliment Voroşilovu və digərlərini o, uşaqlıqdan tanıyıb.

1919-cu ildə Tver şəhərində anadan olan Yuri Jdanovun uşaqlıq və yeniyetməlik illəri Qorki və Leninqrad şəhərlərində keçib. Atası Andrey Jdanov Mərkəzi Komitəyə təyinat alanda ailə Moskvaya köçüb.

Orta məktəbi bitirdikdən sonra Yuri Jdanov Moskva Dövlət Universitetinin kimya fakültəsinə daxil olub. Universiteti bitirdiyi il, 1941-ci ildə gənc mütəxəssis kimi ordu sıralarına getməkdən möhlət hüququ olsa da, o, hərbi xidmətə yollanıb, Ordunun hərbi hissələrində təbliğat və təşviqat bölüklərində xidmət edib, döyüş vərəqələri hazirlayıb, ordu birləşmələrinin radioqovşaqlarında verlişlər aparıb.

Atasının Kremldə böyük nüfuza sahib olmasına, Stalinin ən yaxın adamlarından biri sayılmasına baxmayaraq, Yuri Jdanov müharibənin sonuna qədər döyüşən orduda xidmətini davam etdirib.

Müharibədən sonrakı illərdə Jdanov bütün fəaliyyətini elmə bağlayıb. Bir müddət Moskva Dövlət Universitetində kiçik bir vəzifədə çalışan Jdanov əvvəlcə fəlsəfədən dissertasiya müdafiə edərək fəlsəfə elmlər namizədi adını alıb, daha sonra isə kimya üzrə namizədlik və doktorluq işini müdafiə edib.

Elmi fəaliyyəti ilə yanaşı Jdanov ictimai işlərdə də fəallıq göstərib. 1940-cı illərin sonunda o, siyasətlə məşğul olmağa qərar verib. Fəal kommunist Mərkəzi Komitədə həmin dövrdə yaradılmış elm sektorunun müdiri vəzifəsinə təyinat alıb. Atası Andrey Jdanov oğlunun bu seçimindən razı qalmayıb.

Bu vəzifəsi ilə yanaşı o, elmi fəaliyyətini universitetin kimya kafedrasında davam etdirib və günlərin birində laboratoriyada çalışdığı zaman onu telefona çağırıblar. Dəstəyi qaldıranda ciddi bir səs eşidib:

- Dəstəkdə olun, indi sizinlə İosif Stalin danışacaq.

Bir necə dəqiqədən sonra Yuri Jdanov İosif Stalinin salamsız başlayan bir cümləsini eşidib:

- Mənə məlumat çatıb ki, siz ictimai işlərə daha çox vaxt ayırırsınız, siyasətlə məşğul olursunuz, siyasət çirkli bir işdir, bizə kimyaçılar lazımdır...

Stalin salamlaşmadığı kimi, sağollaşmadan da dəstəyi yerə qoyub.

Stalin Yuri Jdanovu yaxşı tərəfdən, ağıılı, tərbiyə görmüş, dünyagörüşlü bir adam kimi tanıyıb və o, məhz belə bir adamın yeganə qızının həyat yoldaşı olmasını arzulayıb. O, bununla bağlı qızı ilə bir neçə dəfə söhbətlər aparıb. Bu təklif Svetlananın ürəyincə olmayıb, o, Yuru Jdanovu “quru elm adamı” kimi qəbul edib. Amma atasının sözündən çıxmayıb.

Beləliklə, Yuri Jdanovla Svetlana ailə qurublar. Çütlüyün dünyaya bir qız övladı gəlib. Amma nikah uzun sürməyib. 1952-ci ildə Svetlananın təkid və təşəbbüsü ilə nikah pozulub.

Nikahın pozulmasından xəbər tutan Stalin qızını danlayıb:

- Bax, sən belə axmaqsan, belə bir əsrdə əlinə yaxşı bir adam düşdü, sən onu saxlaya bilmədin...

1953-cü ildə Stalinin vəfatından sonra ölkənin kadr siyasətində baş verən köklü dəyişiklikərin dalğası Yuri Jdanovdan da yan keçməyib. Heç vaxt “böyüklərin” işinə qarışmayan Jdanovu heç bir səbəb olmadan Mərkəzi Komitədəki vəzifəsindən azad ediblər. Bununla yanaşı ona Moskvanı tərk etməyi də “məsləhət” görüblər.
Yuri Jdanova iki yerdə iş təklif olunub, Çelyabinskidə və Rostovda.

Sonrakı taleyini Rostovla bağlayan Jdanov 1953-1957-ci illərdə Rostov vilayət Partiya Komitəsində şöbə müdiri vəzifəsində işləyib. 1957-ci ildən 1988-ci ilə qədər isə Rostov Dövlət Universitetinin rektoru olub.

1988-ci ildə Mixail Qorbaçovun aşkarlıq və yenidənqurma siyasəti dövründə Yuri Jdanov Andrey Jdanovun oğlu olduğu üçün bu vəzifəsini də itirib. O, ömrünün son illərinə qədər Rostovda nəşr olunan “Qafqazın elmi düşüncələri” jurnalının baş redaktoru vəzifəsində çalışıb.

Yuri Jdanov 2006-cı ildə, 87 yaşında Rostovda vəfat edib.

Xatırladaq ki, Yuri Jdanovun atası Andrey Jdanov uzun illər Leninqrad vilayət Partiya Komitəsinin birinci katibi və Mərkəzi Komitənin katibi vəzifələrində işləyib, 1948-ci ildə 52 yaşında vəfat edib. Andrey Jdanov İosif Stalinin ən yaxın silahdaşlarından biri olub.

Musavat.com