Mükəmməl qadın

Mükəmməl qadın

18 Sentyabr 2019 13:03
Bəyəndim (0) Bəyənmədim (0)

Bu günkü Azərbaycan qadını haqda danışarkən ilk növbədə Şərqə məxsus milli-mənəvi və əxlaqi dəyərlərlə Qərbin mütərəqqi yeniliklərinin uğurlu vəhdətini özündə birləşdirən müasir qadın obrazı təsəvvürə və göz önünə gəlir.

Artıq kütlə şüurunda özünə min illərlə kök salmış, qadınların hüquqlarından daha çox vəzifələri barədə düşüncələrə yol açan yanaşmaları özündə ehtiva edən stereotiplər sürətlə aradan qalxmaqdadır.

Müstəqilliyimizin bərpasının bizə qazandırdığı əsas nailiyyətlərdən biri qadınlarımızın ictimai fəallığının və siyasi çəkisinin artması, dövlət və cəmiyyət həyatına daha geniş nüfuz etməsi, hüquqi baxımdan daha güclü mövqelər əldə etməsidir.

Öz potensialını reallaşdırmaq baxımından mövcud olan tarixi təcrübə ilə yanaşı dövlət səviyyəsində yaradılan şərait bir-birini tamamlayaraq fəal vətəndaş mövqeyini ifadə etmək yolunda qadınların imkanlarını böyük dərəcədə artırmışdır.

Ailədə və məişətdə mövcud olan konservativ mövqelərin sivil cəmiyyət quruculuğu prosesində əngəl olması kimi mənfi tendensiyaların təsirli mexanizmlər vasitəsilə aradan qaldırılmasına yönəlmiş mükəmməl hüquqi baza və çevik idarəetmə sistemi formalaşdırılmışdır. Qeyd etmək lazımdır ki, son iki onillikdə Azərbaycan Respublikasının bütün parametrlər üzrə dinamik inkişafının əsas göstəricilərindən biri də məhz qadın amilinin ailədə, cəmiyyətdə və dövlət həyatında tarixən heç zaman olmadığı halda əhəmiyyətinin və rolunun artması olmuşdur.

Qadın təmsilçiliyinin və iştirakçılığının yeni məzmun kəsb etməsi sayəsində biz uzaq tarixi keçmişimizin poetik, hətta mifik nümunələrinin sadalanmasından, sovet cəmiyyətinin bizə qazandırdığı təhsil,elm, kənd təsərrüfatı və sənaye sahəsində kvota və nümayəndəli elitanın formalaşdırılmasının süni bərabərliyindən əldə etdiyimiz nəticələrlə yalnız öyünməkdən vaz keçməyə başlamışıq.

Demokratik, hüquqi vətəndaş cəmiyyəti quruculuğu ilə hər kəsə cinsi mənsubiyyətindən asılı olmayaraq bərabər hüquqlar, bərabər imkanlar, eləcə də bərabər nəticələr qazanmağı hədəfləyən müstəqil bir dövlətin inkişafı üçün "Məsuliyyətin də bölünməsi"nə əsaslanan bir fəaliyyətə üstünlük verilmişdir.

Həm ölkə içində, həm də beynəlxalq aləmdə əlaqələndirilmiş, milli maraqlara söykənən, vahid məqsədə xidmət edən genişmiqyaslı işlərin görülməsi isə real, konkret və müasir nümunələrin yaranmasına gətirib çıxarmışdır.

O nümunələrin ki, məhz onların əsasında Azərbaycanın bəşəri dəyərlərin, milli və beynəlxalq hüququn, eləcə də ən qabaqcıl təcrübələrin unikal sintezinə nail olmağı bacarması artıq heç kəsdə şübhə doğurmur.

“İnkişafın Azərbaycan modeli” deyilən bir fenomenin meydana çıxmasının əsas səbəbi isə əlbəttə ki, müxtəlif mədəniyyətlərin, dinlərin, çoxsaylı etnik qrupların və xalqların nümayəndələrinin könüllü birliyinə və azərbaycançılıq məfkurəsinə əsaslanan bir cəmiyyətin mövcudluğudur.

Elə bir cəmiyyətin ki, hər kəsə öz milli-mənəvi dəyərlərini qorumağa və inkişaf etdirməyə, hamımıza isə bu qarşılıqlı zənginləşdirməyə söykənən multikultural dünyagörüş əsasında müstəqil, azad və sabit bir ölkənin vətəndaşı olmaqdan qürur duymağa imkan yaradır.

Belə bir mühit həm də hər bir fərdin məhz sadalanan dəyərlərin həm də vahid dövlət siyasətinin prioritetləri kimi rəsmi status aldığı bir şəraitdə özünü ifadə və realizə etməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Bütün bu amillərin bir arada olduğu konkret zaman çərçivəsində isə “Hər kəsin yerini və taleyini tarix özü müəyyən edir. Odur ki, nə böyük, nə də kiçik rollar olmur. Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi, dərk edilmiş məsuliyyətin imkan verir.” (Mehriban Əliyeva)

Tarixin yerini və taleyini müəyyən etdiyi ən görkəmli şəxsiyyətlərdən biri, klassik örnəklərimizin layiqli davamçısı, müasir Azərbaycan qadınlarının ən parlaq nümayəndəsi Mehriban xanım Əliyevadır.

Bu gün onun haqqında hər kəs bir də hər kəsdən daha çox gördüyü işlər, həyata keçirdiyi çoxsaylı layihələrdən danışır. Xeyirxahlığı, humanistliyi ilə yanaşı, zərifliyi və tükənməz gücündən, vətənpərvər və milli olduğu qədər bəşəri və insansevər olmasından...

Ehtiyacı olanlara diqqət və qayğısı ilə yanaşı təhsilə, sağlamlığa, ətraf mühitin qorunmasına verdiyi önəm barədə.

Milli-mənəvi dəyərlərimizin, zəngin mədəni irsimizin qorunmasına, inkişaf etdirilməsinə və tanıdılmasına yönəlmiş fəaliyyəti ilə yanaşı dünya ölkələri və xalqlarının mədəniyyətinə göstərdiyi xidmətlər haqda.

Tolerantlığın və multikulturalizmin qanunlar və siyasi hədəflərə yönəlmiş konsepsiyalarda nəzərdə tutulmuş vəzifələr toplusu halında deyil, bir yaşam tərzi, bir ictimai şüur formasında dərk və qəbul edilməsinə hesablanmış layihələrindən.

Eləcə də dini-etnik bölücülüyə, müharibələrə, insan qırğınına, ayrı-seçkiliyin bütün formalarına qarşı səmərəli və səfərbəredici fəaliyyətindən. Milli və beynəlxalq miqyasda təhsil, səhiyyə, idmana qayğısından.

Ailə, qadın və uşaq problemlərinin məişət səviyyəsində deyil, milli və beynəlxalq miqyasda müəyyənləşdirdiyimiz hədəf və öhdəliklərimizə uyğun şəkildə, ictimai-siyasi və iqtisadi parametrlərin balansı gözlənilməklə həllinə çalışmasından.

Qarabağ probleminə dair həqiqətlərin beynəlxalq miqyasda çatdırılmasının ən təsirli formalarının müəyyənləşdirilməsi və səmərəli istifadəsinə yönəlmiş yorulmaz fəaliyyəti barədə.

Cəmiyyətin bütün təbəqələrinin, xüsusilə həssas qrupların ictimai və sosial maraqlarının nəzərə alınmasına, mövcud problemlərinin həllinə yönəlmiş qanunverici əsasların və yeni icra mexanizmlərinin yaradılmasına dair təşəbbüslərindən.

Mülki və cinayət qanunvericiliyi ilə problemi, üzərində məhkəmə hökmü olanlara qarşı humanizm və ədalət prizmasından yanaşmaların bərqərar olması, xəta, hüquqa zidd əməllər törətmiş şəxsləri cəmiyyətə qazandırmaq üçün davamlı təşəbbüslərinin real nəticələrindən.

Mədəniyyətlər və dinlər, ö cümlədən sivilizasiyalar arası dialoqun inkişafına verdiyi töhfələrdən.

Bütün xırdalıqlarına qədər sadalanması mümkün olmayan bu fəaliyyətləri haqda “həyat kitabını” O öz təşəbbüsü ilə yazmaqdadır.

Bu kitabın digər səhifələrində o öz valideyinlərinin, layiqli davamçısı kimi onları varlığı ilə fəxr etməyə vadar edən gözəl övlad kimi görünür.

Eyni zamanda Azərbaycana üç gözəl övlad, eləcə də dövləti və milli maraqları naminə bütün imkanlarını sərf etməyi özləri üçün bir vəzifə bilən əsil vətəndaş və insan bəxş edən bir ana kimi.

Onun bir qadın olaraq ailə dəyərlərini yüksək tutması, öz həyat yoldaşına bütün hallarda dayaq olmaqla yanaşı taleyin və zamanın üzərinə qoyduğu statusu nəinki ləyaqətlə daşıması, eləcə də ona yeni məna və məzmun gətirməsi bütün dünya ölkələri birinci xanımları üçün əvəzsiz örnəkdir.

Bütün bu keyfiyyətlərin məcmusunu xarakterizə edən əsas cəhət isə əlbəttə ki, müstəqil Azərbaycan dövlətinin yaradıcısı, onun ideya əsaslarının proqram sənədlərində və gündəlik fəaliyyətində əksini tapdığı Yeni Azərbaycan Partiyasının qurucusu ümumilli liderimiz Heydər Əliyevin ideyalarının reallaşmasında cənab Prezident İlham Əliyevin ən yaxın silahdaşı olmasıdır.

O, YAP-ın sədr müavini, Heydər Əliyev Fondunun Prezidenti və Azərbaycan Respublikasının I Vitse-prezidenti kimi "özü tərəfindən dərk edilmiş" və rəsmən üzərinə qoyulmuş xalqın və dövlətin taleyinə cavabdehlik "məsuliyyətini" ləyaqətlə daşımaqdadır.

Bütün bunların rəsmi təsdiqi isə özünü Azərbaycanın, aparıcı dünya ölkələrinin və mötəbər beynəlxalq təşkilatların çoxsaylı titullarına, yüksək mükafatlarına, orden və medallarına layiq olmasında göstərir.

Azərbaycan qadını bir şəxsin timsalında bu qədər çoxşaxəli, konkret nəticələri ilə nəzərəçarpan və elə bununla da dünyanın diqqətini öz ölkəsinə yönəltməyə yalnız Mehriban Əliyevanın sayəsində nail ola bilmişdir. Özü də bu yalnız Azərbaycanın deyil, dünya qadınlarının məhz onun timsalında qazandığı bir nailiyyətdir.

Bizim Mehriban xanım dünyada hamıya və hər kəsə sübut elədi ki, ən çətin və problemli sahələrdə uğur qazanmaq, insanların rəğbətindən və sevgisindən elə onların mənafeyi üçün istifadə etməyi öz fəaliyyətinin əsas məzmununa çevirməkdən, humanizm, mərhəmət və mənəviyyata söykənən mövqe sərgiləməkdən keçir. Özüdə o halda ki, qazanılan bu uğurlar yenə də insana, insanlığa xidmət eləsin.

O, BUNU BACARDI!

Bir Azərbaycanlı kimi bacardı. Azərbaycan qadını, adına, xalqımız və dövlətimiz adına bacardı. Öz zəhməti, qeyri-adi səfərbəredici gücü, möhkəm xarakteri, prinsipiallığı və bəlli hədəflərə doğru məqsədyönlü fəaliyyətilə.

Yeni bir standartda, yeni bir siyasətçi tipi, “Mükəmməl Qadın” obrazında BACARDI!!!

Fəxrimiz və qürur mənbəyimiz Mehriban xanım! Doğum gününüz mübarək olsun!

TANRI YOLUNUZU AÇIQ ETSİN!!!

Bahar Muradova,

Azərbaycan Respublikası Milli Məclis sədrinin müavini