Türkiyə Suriyada təhlükəsizlik zonası yaradır: Vaşinqton təşviş içində

Türkiyə Suriyada təhlükəsizlik zonası yaradır: Vaşinqton təşviş içində

11 Oktyabr 2019 13:50
Bəyəndim (0) Bəyənmədim (0)

Son aylarda Türkiyə tərəfindən dəfələrlə vurğulanan Suriyada təhlükəsizlik zonasının yaradılmasının vacibliyi barədə ABŞ-a edilən xəbərdarlıq nəhayət ki, bölgədə yeni hərbi əməliyyatların başlamasına gətirib çıxarıb. Belə ki, bəzi məlumatlara görə, oktyabrın 8-də Türkiyə Suriyada təhlükəsizlik zonası yaradılması məqsədi ilə hərbi əməliyyatlara başlayıb. Türkiyə mətbuatına istinadən yayılan məlumatlarda deyilir ki, türk hərbi birlikləri Cerablusdan çıxaraq Minbiçə doğru irəliləyir. Hərbi əməliyyatlara başlamazdan öncə Türkiyə Hava Qüvvələri Suriyanın Hasake əyalətində YPG terrorçularının başçılıq etdiyi Suriya Demokratik Qüvvələrinin (SDQ) bazalarına aviazərbələr endirib. Nəticədə terrorçular böyük həcmdə itkilər veriblər. Bunun ardınca, ertəsi gün isə Türkiyə quru qoşunları Suriyada yeni hərbi əməliyyatlara başlayıblar. Türkiyənin bölgədə hərbi əməliyyatlara başlamasına səbəb isə ABŞ-ın PKK/YPG terror təşkilatı Minbiçi tərk edəcəyi barədə dəfələrlə verdiyi vədləri yerinə yetirməməsi olub. Yeri gəlmişkən onu da deyək ki, Minbiç Fərat çayının qərbində yerləşən strateji şəhər sayılır və PKK-YPG terrorçuları üçün mərkəz rolunu oynayır. Məhz bu baxımdan Türkiyə üçün Minbiçin terrorçulardan təmizlənməsi xüsusi önəm daşıyır.

Türkiyənin bölgədə hərbi əməliyyatlara başlaması barədə yayılan xəbərlər öz növbəsində Vaşinqtonda əsəbiliklə qarşılanıb. Məsələ ilə bağlı açıqlama verən amerikalı senator Lindsi Qrehem deyib ki, ABŞ Türkiyənin “Suriyanı işğal etməsi” və kürd qruplaşmalara hücum etməsi durumunda bu ölkəyə sanksiya tətbiq edəcək. O hətta Türkiyənin NATO üzvlüyündən çıxarıla biləcəyini istisna etməyib.

Qeyd edək ki, Türkiyənin suriyada hərbi əməliyyatlara başlaması ərəfəsində prezident Donald Tramp Ankaranı hədələmişdi. Donald Tramp Tvitter hesabından bu sözləri yazmışdı: “Türkiyə Suriyanın şimalında sərhədlərini keçən bir şey edərsə, daha əvvəl də etdiyim kimi iqtisadiyyatını tamamilə yox edib ortadan qaldıraram. ABŞ İŞİD-in 100 faiz məğlub edilməsi daxil olmaqla, gözləniləndən artığını edib. İndi də digərlərinin öz bölgələrini qorumaq zamanı gəlib çatdı”.

Trampın bu sözlərinə Ankara da sərt şəkildə cavab vermişdi. Türkiyənin vitse-prezidenti Fuad Oktay ABŞ prezidenti Donald Trampın Türkiyə iqtisadiyyatını məhv edəcəyi ilə bağlı sözlərinə cavabında bildirib ki, məsələ Türkiyənin təhlükəsizliyinin təmin edilməsindən gedir: “Ərdoğanın hər zaman vurğuladığı kimi, Türkiyə öz yolunu özü müəyyən edir, göbəyini özü kəsir, heç bir şərtlə öz sərhədlərinin yanında əvəzi nə olursa olsun, terror koridoru və terror dövləti yaradılmasına əsla icazə vermir”.

Öz növbəsində İran da Türkiyənin Suriyada hərbi əməliyyatlara başlamasına sərt reaksiya verib. Məsələ ilə bağlı İran Xarici İşlər Nazirliyinin (XİN) yaydığı bəyanatda qeyd olunub ki, Tehran Suriyada sülh və stabilliyin bərpasına ümid edərək, ABŞ-ın son qərarından sonra Türkiyə ordusunun Suriya ərazisinə daxil olması ilə bağlı xəbərləri diqqətlə izləyir: “Əminik ki, bu cür hərəkətlər nəinki Türkiyənin təhlükəsizliyinə töhfə verməyəcək, həm də maddi ziyana və can itkisinə səbəb olacaq. Bu baxımdan İran istənilən hərbi əməliyyatların əleyhinədir”.

Türkiyənin Suriyada hərbi əməliyyatlara başlaması ərəfəsində isə İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif bəyan etmişdi ki,Türkiyə öz təhlükəsizliyini Suriyanın suverenliyini pozaraq təmin edə bilməz:

“Türkiyənin öz təhlükəsizliyini təmin etməsinin tək yolunun Suriya sərhədinə hərbi qüvvələr yerləşdirməklə mümkün olduğunu qarşı tərəfə bildirdik”.

Lakin hadisələrin gedişi göstərdi ki, Türkiyə öz təhlükəsizliyinin təmin edilməsi məsələsində qətiyyətlidir, hədələr və şantaj yolu ilə onu hərbi əməliyyatlardan çəkindirmək mümkün olmayacaq.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə xatırladıb ki, biz öz təhlükəsizliyimizi təmin etmək üçün heç nədən çəkinməyəcəyik:

“Barak Obama, daha sonra isə Donald Tramp hakimiyyəti dönəmində dəfələrlə

Suriyanın şimalında təhlükəsiz bölgə məsələsini gündəmə gətirdik”.

R.T.Ərdoğan deyib ki, Türkiyənin təhlükəsiz bölgə ilə bağlı təklifinə uyğun olaraq D.Tramp terror təşkilatlarının Fəratın şərqindən çəkilməsini gündəmə gətirib, amma ABŞ Prezidentinin ətrafındakılar bu təlimata əməl etməyiblər. Türkiyə Prezidenti Türkiyə sərhədlərində terror təşkilatlarının təhlükəli vəziyyət yaratdığını vurğulayıb: “6 ildir gizli-açıq hücumlar Türkiyəni yıxa bilmədi, amma yordu. Bu hücumlar bizi daha da əzmli və qərarlı edir. Birlik, dirilik və qardaşlıq üçün yenidən yola çıxmaq vaxtıdır. Türkiyənin sərhəd boyu ərazilərinə daşınan 30 min ton silah-sursat, hərbi texnikaların hesabını soruşmaq haqqına sahibik, çünki 911 kilometr sərhədboyu ərazi Türkiyəyə məxsusdur. Təəssüf ki, PKK terror təşkilatının Suriya qolu PYD/YPG buralarda at oynadır. Biz də buna görə tədbir görmək məcburiyyətindəyik. 30-32 kilometr enində təhlükəsiz bölgə yaratmaq istəyimiz həm də bununla əlaqədardır”.

Türkiyənin bölgədə hərbi əməliyyatlara başlaması ərəfəsində onlara daha bir dəstək isə Suriyada terrora qarşı mübarizə aparan Ankara yönümlü 3 silahlı dəstədən gəlib. Belə ki, Suriyada terrora qarşı mübarizə aparan 3 müxalif silahlı qüvvə - “Fərat qalxanı” və “Zeytun budağı” əməliyyat zonaları və İdlibdəki qüvvələr Milli Ordu (Ceyşül Vatani) adı altında birləşərək Suriya Müvəqqəti Hökumətinin Müdafiə Nazirliyinin tabeçiliyinə keçib. Suriya Müvəqqəti Hökumətin başçısı Abdurrahman Mustafa bildirib ki, bu birliyin məqsədi Fəratın cənubundakı yurd-yuvaları dağıdılıb didərgin düşən suriyalıları bu zülmdən qurtarmaq və Türkiyənin terrora qarşı mübarizəsinə dəstək verməkdir.

Türkiyənin Suriyada hərbi əməliyyatlara başlamasında Ankaranın Vaşinqtonla apardığı diplomatın danışıqların uğurla nəticələnməsi də mühüm rol oynadı. Məhz Donald Tramp və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığından sonra ABŞ ordusunun hissələri Suriyanın şimalını tərk etməyə başladı, Tel-Abyad və Ras əl-Ayn rayonunda yerləşən iki müşahidə mərkəzini artıq boşaldılıb. ABŞ qüvvələrinin bütövlükdə şimal sərhədlərindən, yəni Türkiyənin əməliyyat keçirmək istədiyi bölgədən çəkiləcəyi qətiləşib. Bu, Türkiyə ordusunun Suriyanın şimalında, Türkiyə-Suriya sərhədində qurmaq istədiyi təhlükəsiz zonanın yaradılması prosesində mühüm addımdır. Vaşinqton daim bəyan edirdi ki, Ankaranın bu planına qarşıdır, ancaq sonda Türkiyənin istəyi ilə razılaşmalı oldu. Türkiyənin Suriyada hərbi əməliyyatlara başladığı barədə xəbərlərin yayıldığı bir vaxtda məlum olub ki, NATO Baş katibi Yens Stoltenberq oktyabrın 11-də Ankaraya səfər edəcək. Səfər çərçivəsində Stoltenberqin Suriyanın şimalında təhlükəsizlik zonasının yaradılması barədə Türkiyənin hərbi əməliyyatları ilə bağlı məsələni müzakirə edəcəyi gözlənilir. Ötən gün isə yayılan məlumatlara görə, Tramp Ərdoğanı Vaşinqtona səfərə dəvət edib. Tramp bəyan edib ki,Ərdoğan noyabrın 13-də Vaşinqtonda qonağım olacaq. Türkiyənin ABŞ-ın böyük ticarət ortağı olduğunu xüsusi vurğulayan Tramp:

“Türkiyə faktiki olaraq bizim “F-35” qırıcılarımızın polad konstruksiyasını düzəldir. Onlar Suriyanın İdlib əyalətində çoxlu sayda insanın həyatı xilas edilərək geri qayıdıblar. Mənim xahişimlə rahib Branson uzunmüddətli həbsdən azad edilib. Eləcə də bunu da yadda saxlamaq vacibdir ki, Türkiyə NATO-nun çox yaxşı nüfuza malik üzvüdür,- deyib.

Türkiyənin Suriyada hərbi əməliyyatlara başladığı barədə yayılan, lakin hələlik rəsmi şəkildə təsdiqini tapmayan məlumatlar Türkiyəyə düşmən olan Yunanıstan, Kipr, həmçinin Misir tərəfindən də narahatlıqla qarşılanıb. Bunu Misir, Yunanıstan və Cənubi Kiprin Türkiyənin Suriyanın şimalına planlaşdırdığı əməliyyatla bağlı yaydığı birgə bəyanat da sübut etməkdədir.

Adları çəkilən hər üç ölkə Türkiyənin hərbi əməliyyatından narahat olduğunu bildirib.

Misir Prezidenti Əbdülfəttah Sisi, Cənubi Kipr lideri Nikos Anastasiadis və Yunanıstan Baş naziri Kiriakos Miçotakis ötən gün keçirilən zirvə görüşündən sonrakı bəyanatlarında Türkiyənin əməliyyatını "qanunsuz" hesab etdiklərini açıqlayıblar.

Onlar, həmçinin, Türkiyənin öz təhlükəsizliyini təmin etmək üçün keçirəcəyi əməliyyatın Suriyanın ərazi bütövlüyünü pozduğunu bildiriblər və bunu mövcud demoqrafik vəziyyəti dəyişdirmək cəhdi kimi qələmə veriblər.

Beləliklə Suriya ətrafında vəziyyət yenidən gərginləşməkdədir və hadisələrin bundan sonra hansı istiqamətdə inkişaf edəcəyi Türkiyənin bölgədə atacağı addımlardan asılı olacaq.

Əziz Mustafa

Oxuməni.az