Rusiya Azərbaycana təzyiq yolu seçdi:  Sergey Lavrov Nikol Paşinyan donunda

Rusiya Azərbaycana təzyiq yolu seçdi: Sergey Lavrov Nikol Paşinyan donunda

15 Noyabr 2019 13:20
Bəyəndim (1) Bəyənmədim (0)

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT Minsk Qrupu həmsədrlərindən biri olan Rusiyanın Azərbaycana qeyri-səmimi münasibəti və vaxtaşırı Bakıya qarşı müxtəlif təzyiq və şantaja əl atması heç kimə sirr deyil. Vaxtı ilə Moskva tərəfindən SSRİ imperiyasının qorunub saxlanılması məqsədi ilə ortaya atılan, lakin əks nəticə verən Dağlıq Qarabağ kartı günümüzdə də Rusiyanın əlində bölgədəki siyasi, hərbi və iqtisadi nüfuzunu qoruyub saxlamaq üçün Azərbaycan və Ermənistana təzyiq vasitəsi kimi qalmaqda davam etməkdədir. Hər halda münaqişənin bu günə kimi həll edilməməsinin əsas gühahkarının Rusiya olduğu beynəlxalq aləmə də yaxşı məlumdur. Rusiyanın pərdə arxasından separatçı Qarabağ rejiminə dəstək verdiyi və bunu müxtəlif yollarla ört-basdır etməyə çalışması və bəzi hallarda Azərbaycanın ərazi bütövlüyünə hörmətsizliyini açıq müstəviyə keçirməsi Bakı ilə Moskva arasında vaxtaşırı narazılıqlara səbəb olub. Hər dəfə də məsələ ilə bağlı Bakının narazılığına cavabında Moskva Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini deməklə Azərbaycanı rəsmi şəkildə sakitləşdirməyə çalışıb. Lakin hadisələrin gedişi göstərir ki, belə demək mümkünsə atası erməni, anası rus olan Sergey Lavrov (Kələntərov-Kələntəryan) Rusiya Xarici işlər naziri seçiləndən sonra rəhbərlik etdiyi qurumu de-fakto Ermənistanın müvafiq qurumunun filialına çevirib. Hər halda Lavrov-Kələntəryanın Ermənistana son səfəri zamanı verdiyi anti Azərbaycan açıqlamaları və separatçılara açıq dəstək verməsi də dediklərimizin təsdiqi hesab edilə bilər. Belə ki, sözün həqiqi mənasında Lavrov-Kələntəryan Yerevana səfəri zamanı özünü Rusiyanın deyil, Ermənistanın xarici işlər naziri kimi apararaq münaqişənin həllində separatçı rejimi açıq şəkildə dəstəklədiyini bir daha nümayiş etdirib. Lavrov-Kələntəryan Ermənistanın xarici işlər naziri Zoqrab Mnatsakanyanla görüşündə separatçı qondarma Qarabağ rejiminə dəstək verdiyi anlamına gələn açıqlama verərək: “Dağlıq Qarabağ xalqının razılığı olmadan heç bir razılaşma imzalana bilməz. Ermənistan sadəcə bunu imzalamayacaq. Biz də bunu nəzərə alırıq”, - deyib.

Bu isə o deməkdir ki, Lavrov de-fakto Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alaraq separatçı rejimin Rusiya tərəfindən dəstəkləndiyini növbəti dəfə nümayiş etdirib.

Rusiya xarici siyasət idarəsinin başçısı erməni həmkarı ilə keçirilən görüşündən sonra Kütləvi İnformasiya Vasitələri əməkdaşları üçün keçirilən brifinqdə daha uzağa gedərək Dağlıq Qarabağ separaçılarının münaqişənin həllində tərəf olduğunu deyərək bununla da qondarma rejimi problemin həllinə münasibətdə daha sərt mövqe nümayiş etdirməyə ruhlandırıb. Sergey Lavrovun sözlərinə görə,
danışıqlar prosesinin tərkbini tərəflər özü müəyyən edib:

“Məsləhətləşmənin ilkin mərhələsində və hərbi əməliyyatların bitməsindən sonrakı danışıqlar prosesində Dağlıq Qarabağ müvafiq razılaşmaların və danışıqların tərəfi idi”.

Lavrov bununla da özünü münaqişənin həllində hər vasitə ilə separatçı rejimi danışıqlar prosesinə cəlb etməyə çalışan Paşinyan kimi aparıb.

O, Nikol Paşinyanın dediyi “yekun razılaşma həm Ermənistanın, həm Qarabağın, həm də Azərbaycanın maraqlarını nəzərə almalıdır”- fikrini dəstəklədiyini bəyan edib.

Lavrovun belə bir açıqlaması Azərbaycanda güclü əks-səda verib. Məsələyə münasibət bildirən Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi L.Abdullayeva deyib k, ölkəmizin Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı təklif olunan hər hansı planın tərkib hissəsini təşkil edir:

"Hər zaman qeyd etdiyimiz kimi, bir daha vurğulamaq istərdim ki, yalnız bu bölgədən didərgin salınmış azərbaycanlıların Dağlıq Qarabağda öz evlərinə geri qayıtması münaqişənin Azərbaycan Respublikasının sərhədləri daxilində bölgənin hər iki, azərbaycanlı və erməni icmalarının sülh və təhlükəsizlik şəraitində birgə yaşamasını nəzərdə tutan yüksək səviyyəli özünüidarəetmə statusu əsasında həlli üçün real imkanlar aça bilər. Bunun üçün isə ilk növbədə, münaqişənin həlli ilə bağlı substantiv danışıqlar aparılmalı və Ermənistanın işğalçı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonundan çıxmalıdır".

Əlbəttə Leyla Abdullayeva XİN rəsmisi olsa da hər halda Lavrov səviyyəli şəxs deyil. Lavrovun son açıqlamasına əslində analoji cavab xarici işlər naziri Elmar Məmmədyarov tərəfindən verilməli idi. Amma Elmar Məmmədyarovun görünür Lavrovun separatçılara açıq dəstək ifadə edən açıqlamasından ya xəbər yoxdur, ya da qarşı tərəfə münasibətdə daha ehtiyatlı mövqe tutmağa üstünlük verib. Bunu Məmmədyarov tərəfindən münaqişənin həlli ilə bağlı irəliləyişin olması barədə verilən açıqlama da təsdiq etməkdədir. Məmmədyarov “Report”a verdiyi açıqlamasında dekabrın əvvəllərində Bratislava şəhərində erməni həmkarı Mnatsakayanla görüşəcəyini bildirib. O iddia edib ki, danışıqlarda irəliləyiş var: “Ümumiyyətlə, deyə bilərəm ki, danışıqlarda bəzi irəliləyişlər var, ancaq bunlar sözdədir. Biz istəyərdik ki, daha konkret məsələləri müzakirə edək. Əslində, tərəflər arasında konkret danışıqlara keçmək barədə razılıq var. Bu da mənim sevdiyim tərzdir. Ümidimiz var ki, dekabrın əvvəlində Bratislavada baş tutacaq görüşdə bunu dəqiqləşdirək. Onda məlum olacaq ki, Ermənistan substantiv danışıqlara hazırdır ya, yox? Çünki sənədlər artıq masanın üzərindədir”.

Sergey Lavrovun açıq şəkildə separatçıları dəstəklədiyi və onların razılığı olmadan hər hansı sənədin imzalanmayacağı barədə açıqlama verdiyi bir vaxtda Məmmədyarovun danışıqlarda kağız üzərində belə irəliləyiş olduğunu deməsi bütün hallarda təəccüblü görünür. Çünki Azərbaycan tərəfi rəsmi şəkildə dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağ separatçılarını danışıqlarda tərəf kimi tanımır və onlarla bir masa arxasında oturmayacaq.

Lavrovun Yerevana səfəri əsnasında Dağlıq Qarabağa separatçılarını dəstəklədiyini bəyan etməsinə münasibət bildirən keşmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyib ki, Rusiyanın əsas məqsədi Dağlıq Qarabağ münaqişəsində danışıqlar formatını dəyişməkdir.

Onun sözlərinə görə, Rusiya Dağlıq Qarabağı müstəqil tərəf kimi göstərməyə cəhd edir:

“Belə görünür ki, Lavrovun İrəvana səfərinin əsas məqsədi danışıqlar prosesində 1998-ci ilə qədər olan formatı bərpa etməkdir. O vaxtlar format belə idi ki, Dağlıq Qarabağı münaqişədə müstəqil tərəf kimi qələmə verməyə çalışırdılar. Bəzi məqamlarda Rusiya siyasəti buna nail olurdu. Amma 1998-ci ildə Moskvada Ermənistan Prezidenti Robert Köçəryan və Azərbaycan Prezidenti Heydər Əliyev qərara gəldi ki, danışıqlar iki dövlət başçısı arasında aparılsın. Bu, çox vacib bir məsələdir. Paşinyanın ikili bəyanatları ona gətirib çıxarıb ki, artıq o birmənalı olaraq işğal olunmuş ərazilərin Ermənistanın tərkib hissəsi olduğunu söyləyir. Lavrov isə deyir ki, Qarabağ müstəqil tərəfdir”.

Tofiq Zülfüqarov həmçinin məsələyə münasibətdə XİN-in sərgilədiyi mövqenin düzgün olmadığına da diqqəti cəlb edib. O deyib ki, Lavrovun istəyi Ermənistanın mövqeyini gücləndirmək üçün üçtərəfli danışıqlar formatını bərpa etməkdir: “Biz nəyə görə 20 ildən çox sınaqdan keçmiş danışıqlar formatını dəyişməliyik? Qəribəsi odur ki, Azərbaycan Xarici İşlər Nazirliyinə Lavrovun bu bəyanatına dəstək olaraq göstərir ki, Qarabağda həm Azərbaycan, həm də Ermənistan icması yaşayıb. Bu, yanlış olaraq 1998-ci ildə olan formata hazır olmağımız kimi anlaşıla bilər”.

Politoloqun sözlərinə görə, Lavrov üçtərəfli danışıqlar formatını bərpa etməklə Azərbaycanı torpaqlarımızın qaytarılacağına inandırmağa çalışır:

“Prezident İlham Əliyev Soçidəki “Valday” forumunda çıxışı zamanı qeyd eləmişdi ki, Dağlıq Qarabağ xalqı anlayışı mövcud deyil. Azərbaycan və erməni əhalisindən ibarət olan bərabər hüquqlara malik Dağlıq Qarabağ əhalisi var. Prezident həmçinin ona işarə eləmişdi ki, biz Dağlıq Qarabağı danışıqlar tərəfi kimi tanımaq niyyətində deyilik. Azərbaycan tərəfi də öz mövqeyində bildirib ki, proses dayanıb, danışıqlar getmir və Paşinyanın bəyanatları anneksiya siyasətidir. Əlbəttə ki, buna cavabdeh olan Lavrova tapşırıq verilib. Lavrov da ermənipərəst mövqeyindən irəli gələn bəyanatlar verir. Lavrov danışıqların formatını dəyişməklə hansısa irəliləyişin mümkün olacağını göstərməyə çalışır. Guya ki, Ermənistan bunun əsasında torpaqları qaytarmağa razılaşacaq. Amma təbii ki, bu, həqiqətdən uzaq bir məsələdir. Çünki format dəyişsə belə, ermənilər yenə də torpaqları qaytarmamaq üçün bəhanə tapacaqlar. Lavrovun İrəvandakı bəyanatlarını bu vəziyyəti təsdiq edən element kimi şərh etməliyik”.

Göründüyü kimi Tofiq Zülfüqarovun məsələyə münasibəti olduqca sərtdir. Bu da əsassız deyil. Bütün hallarda Lavrovun danışıqlar prosesinə qondarma rejimin təmsilçilərini cəlb etmə cəhdi yuxarıda qeyd etdiyimiz kimi onun Paşinyanın donuna bürünməsindən və onun ağzı ilə danışmaqdan başqa bir şey deyil.

Öz növbəsində politoloq, “Atlas “ Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, bu, Rusiyanın ümumi siyasətidir və 200, 100 və 70 il əvvəl də belə olub, indi də belədir. Beləliklə Rusiya Dağlıq Qarabağ münaqişəsinə münasibətdə kartları açaraq qondarma rejimə dəstək verdiyini bir daha rəsmi şəkildə ortaya qoyub. Bütün bunlar isə göstərir ki, Rusiya münaqişənin həllində birmənalı şəkildə Ermənistanı müdafiə edir və adıçəkilən ölkəni ən qatı Kreml düşməni idarə etsə belə yenə həmin rejimə dəstək verməkdə davam edəcək.

Əziz Mustafa