Molla rejiminin azalmayan Türk düşmənçiliyi, artan erməni sevgisi

Molla rejiminin azalmayan Türk düşmənçiliyi, artan erməni sevgisi

21 Aprel 2021 11:35
Bəyəndim (1) Bəyənmədim (0)

Özünə İslam Respublikası adını verən, əslində isə elə İslam bölgələrində terrorçuları dəstəkləyən, öz vətəndaşlarına belə hər cür basqılar edən molla rejimi ənənəvi olaraq “24 Aprel” şousuna başlayıb. Tehran küçələri, xüsusilə də Tehranın Kərimxan bölgəsi qondarma soyqırım iddiasının təbliğat yazıları ilə “bəzədilib”, ölkədəki xüsusi statuslu erməni məktəbləri və kilsələri şouların hazırlıqlarına başlayıb. Kökündə, düşüncəsində Türk düşmənçiliyi yatan İran dövləti isə bu təbliğata nəinki qarşı olmur, əksinə hər cür şərait yaradır. Çünki Türk düşmənçiliyini ehtiva edən bu şou elə İranın dövlət siyasətidir.

Bəs ermənilərə bu cür şərait yaradan İranın molla rejimi öz gücünü, enerjisini nəyə ayırır? Əlbəttə ki, türkləri sistematik şəkildə yox etməyə. Ötən il İranın Ermənistanı hər yolla himayə etməsinə narazılığını bildirən yüzlərlə Azərbaycan türkü hər cür işgəncələrə, həbslərə məruz qaldılar, hələ də qalırlar. Elə bu günlərdə Qarabağ məsələsinə görə haqqın səsini ucaltmış Urmiyadan olan fəal Salar Tahir Əfşar yenidən həbs edilib. Molla rejimi tərəfindən Cənubi Azərbaycan Culfasından olan gənclər Səid Sultani və Babək Kiyumərsin məhkəmə iclasları keçirilir. Hətta Qarabağdakı torpaqlarımızın azad edilməsinə sevinib şirniyyat paylayan Mürtəza Sənainini, Məcid Zahidpuru, Saib Nəhavəndini və başqalarını belə özünə təhdid gördü bu rejim. “Kafir işğalçılar”ın qovulmasına, orada yenidən azan səsi verilməsinə bu dərəcədə açıq nifrət də ancaq Türk düşmənçiliyindən doğur.

Fars şovinizminin, ermənilərə qardaş deyən molla rejiminin Türk düşmənçiliyi siyasəti düşünən və millətçi Azərbaycanlılara həm Quzeydə, həm də Güneydə hər zaman aydın olub. Hər iki tayda molla rejiminin maraqlarına qulluq edən satqınlar da həmişə olub və belə görünür ki, o rejim dağılana qədər də olacaq. Bəs bu siyasət nə vaxta qədər davam edəcək? Bu sualın cavabı isə Azərbaycanlıların nə vaxt öz sözünü ciddi şəkildə deyəcəyindən asılıdır.

Əmrah Cəfərov,
Ankara Sosial Elmlər Universitetinin Siyasi Elmlər üzrə Magistr tələbəsi