“Ölürük, belə davam edə bilməz!” - Xalq artisti

“Ölürük, belə davam edə bilməz!” - Xalq artisti

7 May 2021 14:35
Bəyəndim (0) Bəyənmədim (0)

“Teatrların bağlanması həm də mədəniyyətimizin inkişafdan qalması deməkdir. Cəmiyyət üçün lazım olan başlıca şey mədəniyyətdir. Mənə elə gəlir ki, müəyyən məhdudiyyətlər tətbiq etməklə teatrları açılmalıdır”.

Oxuməni.az-ın verdiyi xəbərə görə, bu sözləri Xalq artisti Naibə Allahverdiyeva deyib.

Aktrisa bir neçə gün öncə teatrların bağlı qalmasına etiraz edən Əməkdar artist Sənubər İsgəndərlinin fikirlərinə dəstək olub:

“Mənim fikrimcə, müəyyən ehtiyat tədbirləri görməklə teatrların fəaliyyətinə icazə vermək olar. Adam “teatrlar açılsın” deməyə də qorxur, çünki kimə baxırsan koronavirusdur, yaxud virusdan dünyasını dəyişib. Həmkarım Sənubər İsgəndərlinin etirazına mən də qatılıram. Mən də artıq dəli olmaq dərəcəsinə çatıram, psixologiyam pozulub, nə qədər evdə oturmaq olar? Bir ildən çoxdur fəaliyyətsiz qalmışıq. Aktyor fəaliyyətsiz qalmamalıdır, bu psixoloji cəhətdən çox pis təsir edir. Teatr aktyorlar üçün ikinci evdir, biz evimizdən ayrı düşmüşük... Tamaşaçı ilə ünsiyyət olmayanda sənətçi çox pis vəziyyətə düşür”.

Sənətçi işsiz qalan aktyorların formadan düşdüyünü deyib:

“Teatrların bağlanması həm də mədəniyyətimizin inkişafdan qalması deməkdir. Cəmiyyət üçün lazım olan başlıca şey mədəniyyətdir. Mənə elə gəlir ki, müəyyən məhdudiyyətlər tətbiq etməklə teatrları açmalıdırlar. Burada xarici ölkələrin təcrübəsindən də istifadə etmək olar. Heç olmasa biz aktyorlar məşqlər edə bilərik. Bu pandemiya altı ay, bir il sonra bitəcək, ondan sonra tamaşalar göstəriləcək, heç olmasa o vaxta qədər məşqlər edək. Bunu fikirləşmək lazımdır, evdə oturmaqdan insanın beyninə min cür fikir gəlir, artıq bilmirəm hara gedim. Evdə oturduqca aktyorlar da formadan düşür, plastikası itir. Dəmir qaldıqca necə paslanırsa, aktyor da yerində qaldıqca formadan düşür”.

Aktrisanın fikrincə, kafe, restoran və muzeylər açılıbsa, serial çəkilişləri davam edirsə, teatrların da açılması vacibdir:

“Fikrimcə, teatrlar tezliklə açılacaq. Teatr insanlar üçün mənəvi qidadır, onlar da evdə oturmaqdan beziblər, darıxırlar. Əgər restoranları, kafeləri, muzeyləri açırlarsa, tetrlar da açılmalıdır. Bu gün televiziyada işləyənlər də kollektiv çalışırlar, seriallar çəkilirsə, teatr da işləməlidir. Artıq biz ölürü, belə davam edə bilməz. Məncə, oktyabr, noyabr ayında bizlər də işə qayıdacağıq”.