“Xuraman o vaxt qara, arıq qız idi, indi gözəldir də, necə onu sevə bilərdim..?”

“Xuraman o vaxt qara, arıq qız idi, indi gözəldir də, necə onu sevə bilərdim..?”

26 Yanvar 2022 12:23
Bəyəndim (0) Bəyənmədim (0)

““Liftçi qız” filminin çəkilməsindən 55 il ötür.

Oxuməni.az xəbər verir ki, bu münasibətlə filmin baş qəhrəmanları - xalq artistləri Xuraman Qasımova və Tariyel Qasımov Moderator.az-a danışıblar.

Tariyel Qasımov bildirib ki, bu onun çəkildiyi ilk film olub.

“Kinostudiyadan dəvət aldım, gəldim ora. Rejissor Rüfət Şabanov Həsən Seyidbəylinin hekayəsi əsasında “Liftçi qız” filmini çəkirdi. Xuraman Qasımova 7-ci sinifdə oxuyurdu. Bizim yoxlamadan çox adam keçdi, nəsə məni təsdiq etdilər. 15 yaşım var idi, universiteti də təzə bitirmişdim. Saçımı, qaşımı qırxıb məni cavan oğlan etdilər. Xuraman Qasımova məktəbli qız idi, amma elə bil ki, böyük bir aktrisadır. Rejissor nə deyirdi, yerinə yetirirdi, çox yaxşı oynayırdı. Filmdən sonra Xuraman xanımla çox yaxın dost olduq. Onun 50 illiyi idi, Kino evində görüş keçirirdilər. Məni də dəvət etmişdi. Dedi ki, gəl şəkil çəkdirək. Biz də yanaşı durduq, bu vaxt Rüstəm İbrahimbəyov bizə baxırdı, Xuraman dedi ki, Rüstəm müəllim, mən Tariyeli sevirdim, amma o məni sevmirdi. Rüstəm İbrahimbəyov dedi ki, Tariyel müəllim, mənim sizin zövqünüzə şübhəm var. Dedim ki, niyə? Dedi ki, belə qızı sevməmək olar? Mən də dedim ki, Xuraman o vaxt qara, arıq qız idi, indi gözəldir də. Hər dəfə görüşüb, xatirələri yada salırıq”, - deyə xalq artisti bildirib.

Xuraman Qasımova filmlə bağlı xatirələrini bölüşüb.

“Bu günə qədər də bəzən görürsən ki, zarafatla məni "cüllüt" deyə çağırırlar. Obrazım Lalə heç zaman özünə vurğun olan qız deyildi. Mən o illərdə 13 yaşımda idim, təxminən 18 yaşında qız obrazını yaratmışdım. O yaşda təbii ki, insan sevmir və o sevgi hisslərini yaşamaq mənim üçün çox çətin idi. Bəzən mənə sual verirlər ki, dəniz səhnələrindən qorxmurdunuz? Məni dəniz qorxutmurdu, çünki mən Mərdəkan bağlarında böyüyən bir qız idim. Yay vaxtı gündə dənizdə idik. O səhnələr avqustun sonlarında çəkildi. Çəkilmiş lentləri göndərirdilər Rusiyaya. Filmi montaj edərkən gördülər ki, dəniz səhnələri “brak” çıxıb. Təsəvvür edin artıq payız ayı gəlmişdi. Noyabr ayının ortalarında rejissor evə gəldi, saatlarla valideynlərimlə söhbət etdilər və sonda qərara gəldilər ki, dəniz səhnələrini yenidən çəksinlər. Filmdə gördüyünüz səhnələr yay aylarında yox, noyabr ayında çəkilən səhnələrdir. Bu günə qədər Tariyellə dostluq edirik, o bizim çox gözəl aktyorumuzdur. Necə həyatda təbiidirsə, səhnədə də təbiidir. Hansı obrazı yaratsa, tamaşaçı ona inanır”, - deyə xalq artisti bildirib.