"Atam içən olubsa da, onun kimsənin qapısında yıxılıb yatdığını heç kim görməyib...”

"Atam içən olubsa da, onun kimsənin qapısında yıxılıb yatdığını heç kim görməyib...”

3 Noyabr 2022 14:09
Bəyəndim (0) Bəyənmədim (0)

“Nə qədər ki, Həsən Turabov, Əliabbas Qədirov teatrda direktor idilər, onlar imkan vermirdilər ki, qardaşım...”

“Çox adam mənə deyir ki, atan çox azman, zəhmli adam idi. Nədənsə onu bu cür görürlər. Mən təbii ki, onu o tərəfdən tanımıram. Amma ola bilsin ki, onun rolları insanlarda belə təəssürat yaradıb. Atam balaca uşaq kimi idi. Bütün o azmanlığına, boyuna, buxununa baxmayaraq o qədər saf, zərif bir ruhu var idi ki. İndiyə qədər sinif yoldaşlarım atam haqda danışanda mənim ad günümü xatırlayırlar. 4-cü sinifdə oxuyurdum, uşaqlar məni təbrik etməyə gəlmişdilər. Atam işini gücünü atdı, gəldi onlarla oxudu, oynadı. Uşaqlara o cür diqqətini göstərdi”.

Oxuməni.az xəbər verir ki, bunu tanınmış aktyor Səməndər Rzayevin qızı Rübabə Səməndər (Rzayeva) Moderator.az-a açıqlamasında deyib. O daha sonra uzun müddətdir müsahibə verməməsinin səbəblərindən də danışıb.

“Uzun müddətdir heç bir sayta, televiziyaya müsahibə vermirəm. Səbəbi də odur ki, adamdan müsahibə alırlar, sonra tamam başqa bir başlıqda təqdim edirlər. Bu da müsahibə verənin özünü, hisslərini təhqir edir, çünki mən valideynim, atam haqqında danışıram. İnsanın valideynindən əziz heç kim yoxdur. Ondan da əlavə mən atamın ruhunun inciməsini istəmirəm. Mən çalışmışam elə yaşayım, özümü elə aparım ki, atamın ruhu məndən inciməsin. Hər dəfə çox hörmətsizcəsinə bir yazı verirlər, guya bununla reytinq qazanırlar. Halbuki atamla bağlı onların əlində heç bir kompramat yoxdur. Ancaq içki söhbətini hər dəfə ortalığa atırlar, halbuki atamın içib, kimsənin qapısında yıxılıb yatdığını, pis işini heç kim görməyib” deyə o bildirib.

Sənətkarın qızı bildirib ki, atası onu həkim görmək istəyib.

“Atam dünyasını dəyişəndə mənim heç 12 yaşım tamam olmamışdı. Qardaşımın da 11 yaşı var idi. Elə bir yaşda idik ki, onun bizə sənət yolu göstərməyi, hələ çox tez idi. Bircə onu bilirəm ki, o istəyirdi ki, mən həkim, qardaşım da diplomat olsun. Amma sizə bir şeyi deyim ki, atam sağ olsaydı onsuz da incəsənət sahəsini seçəcəkdim, çünki mənim bu sahəyə böyük həvəsim və sevgim var idi. Və aktrisa olacaqdım. Atam belə özü də desəydi ki, aktrisa olma, mən onu da eşitməyəcəkdim” deyə o bildirib.

Rübabə xanım bildirib ki, atasının ölümündən sonra evlərində hər şey dəyişib.

“Atamın ölümü bizim bütün həyat düzənimizi yıxdı. Anam çox güclü insan idi, amma atamın ölümündən sonra çox əziyyət çəkdi. Anamın belini qardaşımın xəstəliyi yıxdı. Qardaşımı Akademik Milli Dram Teatrında işdən çıxardılar. Təbii ki, mən buna görə heç kəsi qınamıram. Bu adam həqiqətən də xəstə idi. Psixoloji problemləri var idi. Mən başa düşürəm ki, bu insanla ünsiyyətdə olmaq çətindir. Nə qədər ki, Həsənağa Turabov, Əliabbas Qədirov sağ idi, onlar qardaşımı orada saxlayırdılar, qayğı göstərirdilər. İmkan vermirdilər ki, onu kimsə incitsin! Aktrisalarla da ünsiyyət çətin oldu. Bəzən kobud olurdu. Mən bütün bunları qəbul edirəm, amma onu o cür işdən çıxarmaq, o cür münasibət... Üstəlik də bizim evimizdə başda oturan adamların atamın ölümündən sonra qardaşıma o cür münasibəti ürəyimi ağrıdırdı. Mənim atam sağ olsaydı, onların övladlarına bunu etməzdi! Bəlkə də məni bu həyatda təmənnasız sevən birinci və yeganə insan qardaşım olub. O qədər sevgi dolu insan idi ki. Mən düşünürəm ki, o xəstələnməsəydi atamdan daha böyük aktyor ola bilərdi” deyə sənətkarın qızı deyib.