Şimal-qərb regionunda yerləşən abidələrlə bağlı tədqiqat aparılıb

Şimal-qərb regionunda yerləşən abidələrlə bağlı tədqiqat aparılıb

4 Noyabr 2022 13:12
Bəyəndim (0) Bəyənmədim (0)

Albaniya tarix və mədəniyyət abidələri ilə tanışlıq” layihəsi çərçivəsində AMEA A.Bakıxanov adına Tarix İnstitutunun Atropatena-Albaniya (Qafqaz) tarixi şöbəsinin əməkdaşları ölkənin şimal-qərb regionunda elmi ezamiyyətdə olublar.

Oxuməni.az-a İnstitutdan bildirilib ki, onlar Şəki və Oğuz rayonları ərazisində olan alban dövrü abidələri ilə tanış olublar. Səfər müddətində iki rayonun ərazisində ümumilikdə 20-yə yaxın abidəyə baxış həyata keçirilib. Ezamiyyətin ilk günü şöbə əməkdaşları Şəkinin Baş Zəyzid kəndi ərazisində yerləşən Xaçvari kilsə, Zəyzid qalası, onlara yaxın ərazisində mövcud olan qədim qəbiristanlıq ərazisi (qədim alban qəbiristanlığı olduğu deyilir) ilə tanış olublar. Qeyd edək ki, abidələrin hər üçünün vəziyyəti qənaətbəxş deyil, kilsə və qala dağılma təhlükəsi ilə üz-üzədir, qəbiristanlıq ərazisi isə qorunmaq üçün sədlərə malik deyil, ətrafı zibillik əraziyə çevrilib və ərazi olaraq da ciddi tədqiqata ehtiyac var. Daha sonra ezamiyyətdə olan qrup Baş Küngüt məbədi, Baş Küngüt qalası və qala divarları ilə tanış olublar. Məlumata görə, bu abidələrin də qorunma vəziyyəti heç də ürəkaçan deyil.

Ezamiyyətin növbəti günü qrup Şəki şəhərində Xan sarayına yaxın mövqedə yerləşən dairəvi Alban məbədi, həmçinin XVIII-XIX əsrlərə aid edilən Udin kilsəsi ilə tanış olublar. Sonrakı gün isə alban dövrü ilə məşğul olan əməkdaşlar Şəkinin Bideyiz kəndi ərazisində yerləşən qədim Alban məbədi, həmçinin Kiş məbədinə baş çəkiblər. Bideyiz kəndi ərazisində yerləşən digər Alban məbədi ilə tanışlıq isə yolun əlverişli olmaması səbəbindən növbəti ezamiyyətlərə saxlanılıb.

Oğuz rayonu ərazisində isə şöbə əməkdaşları Calut məbədi (həm köhnə məbədin qalıqları, həm də sonralar inşa edilən kilsə), Qarabulaq kəndi ərazisində olan iki Alban məbədi, eyni kəndin ərazisində olan qədim xristian qəbiristanlığı ilə tanış olublar. Qrup rəhbəri bu abidələrin də təyinatı, tarixləndirilməsi ilə bağlı ciddi tədqiqatlara ehtiyac olduğunu vurğulayıb.

Ezamiyyətin sonuncu günü isə əməkdaşlar Şəkinin Baş Şabalıd kəndi ərazisində yerləşən qədim Alban məbədi və qəbiristanlıq ərazisi ilə tanış olublar.

Layihə ilin sonuna qədər davam edəcək və alban dövrü ilə məşğul olan əməkdaşlar ölkənin digər bölgələrində olan abidələrlə də tanış olmaq üçün ezam olunacaqlar.