“Onun üçün ölürdüm, döyülə-döyülə, əlimə-ayağıma dağ basıla-basıla səhnəyə çıxmışam...”

“Onun üçün ölürdüm, döyülə-döyülə, əlimə-ayağıma dağ basıla-basıla səhnəyə çıxmışam...”

19 Fevral 2023 15:41
Bəyəndim (0) Bəyənmədim (0)

“Səhnə, efir elə bir şeydir ki, əgər ora çıxırsansa nə qədər problemlərin varsa kənara qoymalısan. O qədər ayağımın sınan vaxtı tamaşa oynamışam ki. Həmkarlarımdan başqa heç kim hiss etməyib. Bizim problemlərimizin tamaşaçıya aidiyyatı yoxdur. Ömrümün ən böyük hissəsini teatra, səhnəyə həsr etmişəm. 12-13 yaşım var idi, məktəbli idim. O vaxt qız övladını teatra, səhnəyə buraxmırdılar. Mən döyülə-döyülə, əlimə-ayağıma dağ basıla-basıla səhnəyə çıxmışam. Səhnə üçün ölürdüm, səhnəsiz yaşaya bilmirdim. Oğlan qıza, qız oğlana vurulub dəli-divanə olduğu kimi,mən də səhnə üçün dəli-divanə olmuşam. Mənim də, övladımın da əsas işi yaradıcılıqdır, teatrdır”.

Oxuməni.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti, Akademik Musiqili Teatrının aparıcı aktrisası Fatma Mahmudova deyib.

“Bəzən deyirlər ki, özünü niyə bu qədər səmimi, sadə aparırsan? Deyirəm ki, nə etməliyəm ki? Özümü dartmalıyam? Çəkməliyəm? Millət, dövlət mənə bu qədər dəyər verir. Onlar məni bu qədər sevirsə, özümü niyə dağ başına qoymalıyam ki? Mən xalqa, insanlara məxsusam. Yolda saxlayıb söz soruşurlar, şəkil çəkdirirlər, hamıya təmkinlə, gülərüzlə cavab verirəm. Nə qədər nəfəsim gəlirsə Elməddinə təşəkkür edəcəyəm. Allahıma təşəkkür edirəm ki, belə bir övlad dünyaya bəxş edib. O bizim kimi sənətkarları gündəmə gətirib, özü də necə gətirib. Bu gün də məni Bəsti, qızım Nigarı Sevda deyə çağırırlar. Elməddin elə bir insan, dostdur ki, heç kəsi yarı yolda qoymur. Yarı yolda qoymadıqlarından biri də mən olmuşam. 20 ilə yaxındır ki, Elməddinlə birgə çalışıram. O olmasaydı mən bəlkə də itib-batmışdım deyə sənətkar bildirib.

Xalq artisti xınayaxdı mərasimlərinə gedən həmkarlarından da danışıb.

“Müğənninin öz yeri var, akyorun öz yeri. Aktyor çörəyini yalnız aktyorluqdan, tamaşadan, filmdən qazanır. Amma müğənninin həmişə çörəyi var. Bu dəqiqə yerindən duran, uşaq-muşaq xına yaxmağa başlayıb. Bu əslində böyük bir məsuliyyət və işdir. Aktrisaların xına yaxmasını qəbul etmək olar. Müğənni var ki, yanında toya aparırsan ki, müğənnilik etsin, səhəri gün səni keçir, gedir xına yaxmağa. Müğənnisənsə get müğənniliyini et də. Hər kəs öz işi ilə məşğul olsa yaxşı olar” deyə xalq artisti bildirib.

Xalq artisti həyat yoldaşı, tanınmış aktyor Tofiq Qarayevdən də danışıb.

“Mənim nə qədər gücüm var idisə onun arxasınca qaçdım. O möhtəşəm, əvəzedilməz bir aktyor idi. Əslində onun sənətinin arxasınca qaçırdım. İstəyirdim onu tamaşaçılara sözün əsl mənasında yaxşı, düzgün təqdim edim. Həyatımda hər zaman “bəlkə” dedim. O bəlkələrdən bir saray tikdim. Tofiqin gedişi ilə o sarayım da uçub-dağıldı. Ailəm idi, balalarımın atası idi” deyə sənətkar bildirib.