Azərbaycanda Novruzun üçüncü çərşənbəsi - Yel çərşənbəsi qeyd edilir

Azərbaycanda Novruzun üçüncü çərşənbəsi - Yel çərşənbəsi qeyd edilir

7 Mart 2023 09:12
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Azərbaycanda Novruzun üçüncü çərşənbəsi - Yel çərşənbəsi qeyd edilir

Xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə”, “Yelli çərşənbə” adı ilə də tanınan Yel çərşənbəsi dörd yaradılış ünsüründən biri olan havanın həyatverici gücü ilə bağlıdır.

Filologiya elmləri doktoru Ramazan Qafarlı bildirib ki, odla birlikdə yel də mənəvi-ruhi başlanğıc hesab edilir. Canlılara nəfəs verməklə öz hərəkətliyini, dinamikliyini onlara keçirir. Başqa sözlə, cansız torpağı və suyu durğunluqdan çıxardır. Məhz bu xüsusiyyətinə görə yel ruhla eyniləşdirilir. Od və hava işə qarışmasa maddi, əşyavi tərəf əbədi dəyişməz qalar, sular coşub-daşmaz, dalğalanmaz, torpaqlar vulkana çevrilib püskürməz. Atalar sözündə deyildiyi kimi, “Yel olmasa, sel olmaz”, “Yel gətirib, gün qurudub”, “Yel eləyəni fələk eləyə bilməz, “Yel üfürüb şişirtdiyini göyə qaldırar,” “Yel əsməyincə çöp tərpənməz” və s.

Onun sözlərinə görə, yel Azərbaycan mifik təfəkküründə yol göstərən, bələdçi rolunu da yerinə yetirir. Yel Baba qalın meşələrdə azıb mənzilini tapmaqda çətinlik çəkən xeyirxah insanların qarşısına çıxır, onlara bir yumaq verir və yumağı yerə atıb, diyirləməyi tələb edir. Yel Babanın üfürməsi ilə yumaq açılır və azmışları mənzil başına çatdırır. Yel Baba haqqındakı bu təsəvvür sonralar Fatma nənənin yumağı şəklində nağıllara keçmişdir.

Folklorşünas deyir ki, ən əski təsəvvürlərimizə görə, Yel baba xırmana gəlməmişdən qabaq oradan buğda, dən götürməzlər. Sovurulmamış buğda götürənin oğlu ölər. Xırman sovurulandan sonra ilk buğda götürənin isə oğlu olar. Ulularımız deyirlər ki, “Yel əsdirəni söyməzlər”. Çünki onun arxasında Baş Ruh durur. Eləcə də Yel dağına ziyarət edirlər. Adamlar ürəklərində hər hansı bir dilək tutub nəzir-niyaz gətirir, qurban kəsirlər. Yel Baba kimin nəzirini, qurbanını qəbul etsə, o adam xeyir tapar, arzusuna çatar. Bir inancda isə deyilir ki, “Yel çərşənbəsi girən gün söyüd ağacının altına gedib niyyət elə və Yel babanı çağır. Əgər Yel baba sənin səsini eşidib söyüdün budaqlarını torpağa toxundursa diləyin yerinə yetər”.

Qeyd edək ki, Novruzun ilaxır - Torpaq çərşənbəsi martın 14-də qeyd olunacaq.

Bu il Azərbaycana yaz fəsli martın 21-də, Bakı vaxtı ilə saat 01:24:24-da daxil olacaq.

Yel çərşənbəniz mübarək!