“Verilişdən çıxıb getmək istəyəndə Habil Əliyev qoymadı, dedi ki, “qızım, sənə inanıram”

“Verilişdən çıxıb getmək istəyəndə Habil Əliyev qoymadı, dedi ki, “qızım, sənə inanıram”

15 Aprel 2023 15:09
Bəyəndim (0) Bəyənmədim (0)

“Əvvəl vəsiyyət etmişdim ki, kamançamı mənimlə dəfn edin, sözümü geri götürdüm”

“Mən ümumiyyətlə çox xoşbəxt bir musiqiçi, sənətkaram ki, dövlət mənə böyük qayğı göstərir. Cənab prezidentimiz məni hər şeylə təmin edib. İstər fəxri ad, istərsə də Prezident təqaüdü ilə. Professor adını qazanmışam. Qazandığım şan-şöhrətə görə ilk növbədə atama borcluyam. Uşaq ikən məni filarmoniyaya aparıb, kamançanı götürüb dedi ki, “qızım, istəyirəm səni bu alətə qoyum”. Məhz onun sayəsində həyatımı musiqi ilə bağlamışam. Kamançanın simlərinə toxunanda 10 yaşım var idi. Bu qədim musiqi alətinə elə bağlanmışam ki, 60 ildən çoxdur ki, adım onunla qoşa çəkilir. 1965-ci ildə ilk dəfə qadınlar arasında kamançanı solo ifa etdim. Çox böyük sənətkarlarla duet ifalar etmişəm, onları müşayiət etmişəm. 1972-ci ildə görkəmli kamança ifaçısı Habil Əliyevlə bir verilişdə iştirak edirdik. Xəbərim yox idi ki, Habil müəllimlə eyni verilişdə iştirak edəcəm. Onunla bir verilişdə çıxış etmək böyük məsuliyyət və böyük həyəcan idi. Çıxıb getmək istəmişəm, Habil müəllim qoymayıb ki, “qızım, sən ifa edəcəksən, mən öz musiqiçilərimi sənə həvalə edirəm”. Bu mənə böyük hörmət və stimul idi. Habil müəllimlə birlikdə kamançanı ifa etməyim mənim üçün böyük qürur idi”.

Oxuməni.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Şəfiqə Eyvazova deyib.

“Bir musiqiçinin peşəkar olmağı Allahın verdiyi istedaddır. Burada şübhəsiz ki, müəllimlərin də rolu böyükdür. Bu gün kamança alətində çox inkişaf görürəm. O vaxt sərbəstlik yox idi, bir muğamı ifa edirdinsə, mütləq onun məntiqi olmalı idi. Bu gün nisbətən sərbəstlik, məntiqsizlik var. Bəzən tələbəyə deyəndə ki, filan yeri düzgün ifa etmirsən, o dəqiqə inciyir. Təbii ki, bu sözümü hamıya şamil etmirəm. Yerində, düzgün tənqid həmişə olmalıdır. Tələbə müəllimdən inciyirsə, o heç nə öyrənə bilməz. Tələbə müəllimi incitməməlidir, tapşırığını yerinə yetirməlidir. Əlbəttə ki, məsuliyyətli tələbələrim daha çoxdur” deyə sənətkar bildirib.

Xalq artisti Şəfiqə Eyvazova kamançası ilə bağlı vəsiyyəti geri götürdüyünü bildirib.

“O vaxt demişdim ki, məni dəfn edəndə kamançamı da yanıma qoyun. Onda çox rahat olardım. Amma o sözümü geri götürdüm. Bilirsiniz niyə? Bu İslam dini üçün yolverilməzdir. Bundan da əlavə kamançamı qızıma vəsiyyət etmişəm. Qızım Mehridən çox razıyam, o mənim qızım yox, tələbəm olsaydı, yenə deyərdim ki, mən ondan çox razıyam. Mehri həm şərq, həm də Avropa musiqisini çox yaxşı başa düşür. Qoy elə anasından ona yadigar qalsın” deyə sənətkar bildirib.

Sənətkar həyat yoldaşı, Əməkdar İncəsənət xadimi Arif Əsədullayevin ona hər zaman dəstək olduğunu bildirib.

“Arif müəllimi bir kamança ifaçısı kimi tanıyırdım. Getdikcə, yaş ötdükcə daha çox muğamlara bağlandı. Sanki muğamlar onun ailəsidir. Mənə heç vaxt mane olmayıb, əksinə Arif müəllim həmişə mənə mənəvi cəhətdən çox kömək edib. Bir də musiqi aləmində biz bir-birimizlə yaxşı mənada rəqabət aparmışıq, mübahisələr etmişik” dyə sənətkar bldirib.

1055770

1055769