“Bunu yaşaya bilmədim, çünki nə qədər ki, anam var, mən hələ də uşağam”

“Bunu yaşaya bilmədim, çünki nə qədər ki, anam var, mən hələ də uşağam”

23 Aprel 2023 10:19
Bəyəndim (0) Bəyənmədim (0)

“Həyatımda istədiyim hər bir şeyi etmişəm. Bəlkə də bunun fəsadları yaxşı olmayıb, bəlkə buna görə çox ziyana düşmüşəm, əziyyət çəkmişəm. Amma bu mənim yolumdur, bu mənəm. Mən dəyişə bilmərəm. Düşünürəm ki, gənc yaşımda etdiyim səhvləri yenə də edərdim. Axı mənim içim dəyişməyib. Kaş mən həyatımda daha çox şeyləri reallaşdıra bilərdim. Kaş istədiyim şeyləri daha çox edərdim. Bunlar həm sənətimlə, həm də şəxsi həyatımla bağlıdır. Bəzən düşünürdüm ki, caamaat nə deyər? Həyatda heç, amma sənətdə sənətçinin çərçivəsi olmamalıdır”.

Oxuməni.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında aktrisa-aparıcı Zümrüd Qasımova deyib.

“İnsan heç vaxt tam xoşbəxt olmur. Xoşbəxtəm ki, yaşayıram. Bir qadın olaraq çox xoşbəxtəm, məni dəlicəsinə sevən həyat yoldaşım var. Bu sevgi 15 ildir ki, tükənmir. Bir sənət adamı kimi istədiyim teatrdayam, sevdiyim dostlarım var. Mən onlarsız yaşaya bilmərəm. Mən onlarla vaxt keçirməkdən xoşbəxt oluram. Ən əsası da insanın anası sağdırsa, yaşayırsa, o çox xoşbəxtdir. İnsanın anası olmayanda o bədbəxt ola bilər. Mənim övladım olsaydı da, mən anam kimi ana ola bilməzdim. Bunu yaşaya bilmədim, çünki nə qədər ki, anam var mən uşağam. Amma bacımın qızı var, mən onu öz balam kimi sevirəm. Şərt o deyil ki, övladı dünyaya gətirəsən, şərt odur ki, sənin içində o qədər sevgi olmalıdır ki, onu hamıya bəxş edə biləsən. Bacımın övladları çoxdur, hamısını Allah qorusun. Mən onların timsalında özümü ana hiss edirəm”, - deyə aktrisa bildirib.

Aktrisa Zümrüd Qasımova bildirib ki, ailə ilə sənət bir arada yürüyür.

“Ağıllı qadın evinin xanımı, işinin peşəkarı olar. Həmişə deyirdilər ki, “sənət və ailə bir arada alınmır”. Mən 15 ildir ki, ailə həyatı qurmuşam, özümü ağıllı qadın hesab edirəm. Sevdiyin, seçdiyin insan səni başa düşməlidir. Bu sənin peşəndir, işindir. Sənin gecə çəkilişlərin də, səhnələrin də ola bilər, o səni başa düşməlidir. Evimin xanımı, səhnəmin aktrisasıyam”, - deyə Zümrüd Qasımova bildirib.

Aktrisa teatrı bütün sahələrdən üstün tutduğunu bildirib.

“Teatr mənim üçün daha maraqlıdır. Çünki teatr canlı ünsiyyətdir, sən tamaşaçının gözünün içinə baxırsan, reaksiyasını görürsən. Qarşımda seçim olsaydı teatrı seçərdim. Aparıcılığı da çox sevirəm, çünki məni məşhurlaşdırıb, tamaşaçılara sevdirib. Amma yenə də mən aparıcılığa əlavə iş kimi baxıram. Son illər bədii filmlərdə də çəkilirəm. Fərqli bir teatrda işləyirəm. Bizdə digər teatrlardan fərqli olaraq obraza girmək, obrazı digər teatrlardakı kimi oynamaq yoxdur. Bizdə tamaşalara fərqli yanaşma var. Mən Zümrüd həvalə olunmuş rolu necə görürəmsə, elə də oynayıram. Bir obraz üzərində işləyəndə çətin olur, onun xarakterini, davranışlarını bilməlisən. Teatrı öyrənmək mümkün deyil, ömrünün axırına qədər öyrənəcəksən. Teatra girdinsə, ordan çıxa bilmirsən. Bəzən deyirlər ki, “az məvacib alırsınız, niyə işləyirsiniz?”. Onlara izah edə bilmirsən ki, teatra olan sevgi sonsuzdur. Zaman keçəndən sonra düşünürəm ki, kaş bu rolu başqa cür oynayardım. İnsan nəyisə öyrənmirsə, demək ki, inkişaf etmir. Bu zaman inkişaf dayanır. “Mən hər şeyi bilirəm” desəm əlbəttə ki, yerimdə sayacam. Sənət adamı, teatr adamı səhnədə ölməlidir. 40 dərəcə istilikdə səhnəyə çıxan kimi hər şeyi unuduram”, - deyə aktrisa bildirib.