“Rejissorların çoxu daimi rollarda öz məşuqələrini, görüşdüklərini çəkirlər...”

“Rejissorların çoxu daimi rollarda öz məşuqələrini, görüşdüklərini çəkirlər...”

6 May 2023 14:21
Bəyəndim (0) Bəyənmədim (0)

“Hal-hazırda heç bir yerdə çəkilmirəm. Rollar təklif olunub, amma bəyənməmişəm. Elə natamam obrazlar verirlər ki, onu mən necə oynayım? Fikirləşirəm ki, bu rol heç vaxt tuta bilməz. Bir də bilirsiniz nəyi bəyənmirəm?! Rejissorlər mənə təkrar rolları verirlər. Eyni tipli rolları aktrisaya təklif etmək düzgün deyil. Artıq başqa bir obraza addım atmalıyıq. Mən özümü komediyadan çox dramda görürəm. Düzdür, tamaşaçı bəlkə də komediyanı daha çox sevir. Rejissorların çoxu daimi rollarda öz məşuqələrini, görüşdüklərini çəkirlər. Yaxud da kiminsə dostunun qızıdırsa o çəkilir. Aktyora, istedadına o qədər də qiymət verilmir. Yalnız tanışlıq olmalıdır. Bir də görürsən ki, aktyor oğru rolunu oynayır, üstündən 1 həftə keçmir ki, düzgün bir həyat tərzi yaşayan insanı canlandırır. Tamaşaçı çaş-baş qalır. Bir müddət ara vermirlər ki, aktyorun o rolu unudulsun. Türkiyədə belə deyil”

Oxuməni.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış aktrisa Nəzakət Məmmədova deyib.

“Təhminə” filmindəki Təhminə rolu əgər sizə təklif olunsaydı, oynayardınız?” sualına isə aktrisa belə cavab verib.

“Xeyr, heç vaxt Təhminəni oynamazdım, çünki orada bəzi açıq-saçıq səhnələr var. O da mənlik deyil. Ona görə deyil ki, cəsarətli aktrisa deyiləm. Xeyr, yeri gələndə ən cəsarətli aktrisayam. Amma cəsarətim açıq-saçıq səhnələr üçün deyil. Biz Azərbaycanlıyıq, öz mentalitetimiz var. Hələ ki, tamaşaçı buna hazır deyil. Düzdür, aktrisalarımız öpüşmə, yataq səhnələrində də çəkilir. “Təhminə” filmində qaynana, Zaurun anası obrazını böyük məharətlə oynayardım. Hətta deyə bilərəm ki, Zərnigar Ağakişiyevadan sonra bu rolu mənim kimi heç kim ifa edə bilməz. Bu gün çəkilən aktrisaların 90 faizi teatr aktyorlarıdır. Teatr aktyorlarında o qədər pafos var ki. Pafos yalnız səhnədə lazımdır ki, arxa cərgədə oturan tamaşaçı onu eşitsin. Efirə, ekrana pafosu gətirmək düzgün deyil. Bu günlərdə bir filmdə çəkilmək üçün mənə dəvət gəlib. İndi götür-qoy edirlər. Onu da deyim ki, ucuz çəkilmirəm. Qonorarımı deyirəm, kim razılaşırsa çəkir, razılaşmayan da çəkmir. Qızım Günel rejissordur. Hazırda qısametrajlı filmlər işləməyə hazırlaşırıq. Bu filmlərin çoxu ibrətamiz mövzudadır” deyə aktrisa bildirib.

Aktrisa şəxsi həyatından da danışıb.

“Mənim övladlarım, oğlum və qızım öncə ailə həyatı qurmalıdır. Nənə olmaq istəyirəm. Təklik yalnız bizi yaradana məxsusdur. Hər bir insanın həyatında həyat yoldaşı olmalıdır. Həyatımı övladlarıma həsr etmişəm. Şükürlər olsun ki, özləri öz ayaqları üstə dururlar. Mən ailə qurmaq haqda heç düşünməmişəm. Ola bilər ki, taleyimə bu yazılıbsa, mən buna yalnız “hə” deyə bilərəm” deyə aktrisa Nəzakət Məmmədova deyib.

1065399

1065398