Ermənilərin Azərbaycandan gizlətdiyi türbə

Ermənilərin Azərbaycandan gizlətdiyi türbə

13 May 2023 10:46
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan Respublikasının Azərbaycan xalqına məxsus maddi-mədəniyyət abidələrinin Yer üzündən silinməsi ilə bağlı dövlət səviyyəsində apardığı siyasəti davam edir. Belə abidələrdən biri hazırda Ermənistanda Ararat mərzinin Getazat kəndi (Qəmərli rayonu, Ağcaqışlaq kəndi) yaxınlığında gizlədilərək məhv edilir.

Oxuməni.az kult.az-a istinadən xəbər verir ki, bu barədə “İrəvan şəhərində Azərbaycan milli-mədəni, tarixi irsinin sonuncu qalığı Təpəbaşı məhəlləsinin taleyi: Ermənistanda Azərbaycan xalqının irsinin dağıdılması və tarixi izlərin silinməsi” üzrə araşdırmanın müəllifi, tarixçi Səbuhi Hüseynov qeyd edib.

Tarixçi türbənin XII-XIV əsrlərə aid olduğunu yazıb:

“Bu günə qədər nə Azərbaycan, nə də Ermənistan tarixşünaslığında abidəyə aid elmi tədqiqatlara rast gəlinib. Bizə məlum olmayan, hətta erməni ictimaiyyətindən də gizlədilmiş yeni abidəni öz dövrünə uyğun olaraq Səlcuqlu türbəsi adlandırmağı təklif edirəm. İrəvan türbəsindən sonra türk izinin sübutu olacaq bu abidədən erməni alimləri 20 ildən çoxdur xəbərdar olsa da, onun üzəri örtülərək gizlədilib”.

S.Hüseynov bildirib ki, əvvəl erməni ictimaiyyəti ərazidə Misir və Meksika piramidasının olduğunu iddia edib:

“Ermənistan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun iki arxeoloqu Nalbəndyan və Aleksanyan əraziyə baxış keçirdikdən sonra təpənin təbii olduğu bilindi. Həmçinin, təpənin üzərində yalnız sərdabəsi qalmış abidənin Səlcuqlu türk türbəsi olduğu məlum oldu. Bu barədə hesabat yazılaraq Ermənistanın müfaviq orqanlarına təhvil verilir. Bundan sonra abidənin basdırılmasına dair tapşırıq gəlir. Məsələ o həddə çatmışdı ki, Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Avetisyan açıqlama verərək, erməniləri sakitləşdirməli və təpənin təbii olmasını mətbuatda deməli olur.

Çərçivəyə aldığım yeri süni peyk görüntüləri ilə müşahidə edərək 2012-2014-cü illər arasında ərazidə qazıntı aparıldığına və ya abidəyə müdaxilə edildiyinə dair faktlar toplamışam”.