Poeziya buketi, nəğmə çələngi

Poeziya buketi, nəğmə çələngi

19 May 2023 09:06
Bəyəndim (5) Bəyənmədim (0)

Rahim Üçoğlanlı Rzayev

TÜRKÜ EDİB DAYAQ TÜRKƏ

Tanrı qoymaz yıxılmağa,

Türkü edib dayaq, Türkə.

Bəxş eyləyib Atatürkü,

İşıq saçan mayak, Türkə.

*

Xəyanətdən, şərdən qaçar,

Qönçələyib gültək açar.

Bu dünyaya şəfəq saçar,

Çəkib nurdan boyaq Türkə.

*

Yer üzünün altun, zəri,

Həm Osmanı, həm Azəri.

Oğlu Mələk, qızı Pəri,

Ad verib bu sayaq, Türkə.

*

Dünya durduqca, duracaq,

Düşməni qoztək qıracaq.

Bütöv bir Turan quracaq,

Haqq, verəcək ayaq, Türkə.

TƏBRİZDƏ QALAN DƏVƏMƏ

Xəyalən ruhum əl çəkir,

Təbrizdə qalan, dəvəmə.

Yükün, oğru qarət edən,

Gözləri dolan, dəvəmə.

*

Dərdi məni-məndən alıb,

Yas tuturam fikrə dalıb.

Düşmən əllərində qalıb,

Çiçəktək solan, dəvəmə.

*

Rahim, tək bir ümid yerim,

Vətənimi bütöv görüm.

Başqa necə həyat verim?

Sağ ikən, ölən, dəvəmə.!

KÖNLÜM SƏNİ ÇOX İSTƏYİR

Könlüm səni çox istəyir,

Ac quş dən istəyən, kimi.

Uca dağlar quraqlayıb,

Duman, çən istəyən kimi.

*

Köksümə sığmır həsrətin,

Kədər yeyir qəlbin ətin.

Ruh çağırır məhəbbətin,

Kasıb, gün istəyən kimi.

*

Rahim deyir, eşqim ölməz,

Duyğularım saya gəlməz.

Səni heç kəs sevə bilməz,

Gülüm, mən istəyən kimi.

Hazırladı:İsa Ravan