“Düşünürəm ki, nə vaxtsa Emin Sabitoğluna qovuşacam, evdə şəkili ilə danışıram...”

“Düşünürəm ki, nə vaxtsa Emin Sabitoğluna qovuşacam, evdə şəkili ilə danışıram...”

28 May 2023 12:16
Bəyəndim (0) Bəyənmədim (0)

“Emin Sabitoğlunun mahnısını ilk dəfə 10 yaşımda eşitmişəm. Şövkət Ələkbərova “Dərələr” mahnısını ifa edirdi. Gördüm ki, yazılıb ki, bəstəkar Emin Sabitoğludur. Ondan sonra Emin bəyi təqib etməyə başladım. Biz payızda anadan olmuşuq, payızda tanış olub, payızda bir-birimizi sevmişik, payızda da ondan ayrılmışam. Payız kəlməsinin mənasını Emini itirdiyim gün dərk etdim. Bilirəm ki, o heç vaxt geri dönməyəcək. Düşünürəm ki, nə vaxtsa Emin Sabitoğluna qovuşacam. O həmişə mənimlədir. Evdə şəkilini də divardan asmışam. Mən onun şəkili ilə danışıram. Çox xatirələrim var”.

Oxuməni.az xəbər verir ki, bunuModerator.az-a açıqlamasında məşhur müğənni Xədicə Abbasova deyib.

“Hər kəs elə bilir ki, o “Güllər” mahnısını mənim üçün yazılıb. O mahnını 1978-ci ildə Şövkət xanım oxuyub. Heç kəs bunu bilmir. Bir dəfə “Səhər görüşləri” verilişində mən o mahnını oxudum. Axşama artıq bütün şəhər bu mahnını oxuyurdu. Ölümündən 2 həftə əvvəl mənə mahnı həsr etmişdi. Doğum gününü qeyd edib, qonaqları yola salandan sonra yır-yığış edirdim, Emin müəllim də sabahı gün Bakıya yola düşməli idi. Məni çağırıb dedi ki, “yeni mahnı bəstələmişəm, sözləri də mənimdir, gəl qulaq as”. “Əlvida, bu son gecə, Salamat qal, Xədicə, Əlvida, qara saçlar, Ürəyimi paralar”. Dedim ki, həmişəki kimi gedib qayıdacaqsan da. Dedi ki, nə bilim, belə hiss elədim. Düz iki həftə sonra Bakıdan ölüm xəbəri gəldi” deyə sənətkar bildirib.

Xədicə Abbasova Etibar Babayevin müəllifi olduğu “Çiçək yağışı” filmindən də danışıb.

“Emin müəllim dəfn edildiyi gün gecə bir telefon zəngi gəldi. Mənə dedilər ki, televizoru aç, bax, səni bir sürpriz gözləyir. Bu həqiqətən də çox gözəl bir sürpriz idi. O sürpriz bütün xalqı ağladan Etibar Babayevin “Çiçək yağışı” filmi idi. Etibar Babayev bizim çox yaxın, ailə dostumuz idi. Emin onu çox istəyirdi. Filmdə Eminin də, mənim də unutduğumuz kadrlar yer almışdı. O görüntüləri ekranda görüncə mən o gecə Emini dəfn etdiyimizi unutdum. Mən televiziya kanalına bağlanıb qaldım. Film o qədər təsirli idi ki, evdən qaçdım ki, Emini axtarım” deyə sənətkar bildirib.