Poeziya buketi, nəğmə çələngi

Poeziya buketi, nəğmə çələngi

16 İyun 2023 13:20
Bəyəndim (2) Bəyənmədim (0)

Novruz Çıraqov

Politoloq

MƏHƏBBƏTİM

O söndürdü, sən sönmədin,

Sönüb-yanan, məhəbbətim.

O endirdi, sən enmədin,

Əhdə həyan, məhəbbətim!

***

İllər ötdü, zaman keçdi,

Qaynar ömür qürub etdi.

Dönən döndü, sevən sevdi,

Solub-açan, məhəbbətim!

***

Hərdən acı, hərdən şirin,

Bir gün isti, bir gün sərin.

Əhdə sadiq, sözdə mətin,

Eşqi boran, məhəbbətim!

***

Gah güldürdün, gah küsdürdün,

Yaz ömrünü xəzan etdin.

Həm sevildin, həm incitdin,

Qəlbə məlhəm, məhəbbətim!

HARDAYAM

Heç bilmirəm mən hardayam,

Arandayam, ya dağdayam.

Həyat adlı, çətin yolda,

Hər gün təzə sınaqdayam.

***

Kol-kosu çox, yoxuşu var,

Hərənin bir baxışı var.

Şimşək kimi çaxışı var,

Həm qarğışda, alqışdayam!

***

Yollar uzun, dolanbacdı,

Eniş zərbə, həm qaxıncdı.

Günlər rahat, həm tıxacdı,

Arzular çox, xəyaldayam,

Quraqlıqda, yağışdayam!

OLAYDI

Nə hicran olaydı, nə kələk, külək,

Nə iş-güc olaydı, nə yemək, içmək.

Bir sevgi olaydı, bir də ki, istək,

Gözlərin gözümə həyan olaydı.

***

Nə şəri görəydin, nə də yamanı,

Nə ağrı biləydin, nə də acını.

Siləydin ömründən, qovğa, qayğını,

Yuxularım şirin yuxun olaydı!

***

Gündüzlər Günəşim, gecələr Ayım,

Neynirəm sərvəti, olardın varım.

Yarı yar eyləyən istəkli, yarım,

Duyğuların şirin duyğum olaydı!

GƏLƏR YUXUMA

Deyirsən ki, gəlməyəcəm yuxuna,

Bu necə savaşdır, açmısan belə?

Gücün çatmaz, istək varsa yuxuna,

Qaçar gülə-gülə gələr yuxuma.

***

Qaranlıq gecəni həvəslə gözlər,

Xəlvəti yol tapar, yanıma gələr.

Röyada görüşü təsəlli bilər,

Səni yatmış görüb, qaçar yuxuma.

***

İnsaf et, yuxunun dəymə xətrinə,

Küsər, perik düşər, qayıtmaz sənə.

Edib ərköyünlük çox da öyünmə,

Qəfəsdə olsa da, qaçar yuxuma.

***

Bu yuxu sən deyən yuxudan deyil,

Eşqlə sevdalıdı, yovuşan deyil.

Vüsalı hicrana dəyişən deyil,

Qaçar heyran-heyran gələr yuxuma!

Novruz Çıraqov

Politoloq