“Atam “Nəsimi” filminə görə Rasim Balayev üçün çox mübarizə apardı, hətta vuruşdu da”- Həsən Seyidbəylinin oğlu

“Atam “Nəsimi” filminə görə Rasim Balayev üçün çox mübarizə apardı, hətta vuruşdu da”- Həsən Seyidbəylinin oğlu

26 İyun 2023 16:45
Bəyəndim (0) Bəyənmədim (0)

“Sovet illərində rejissorlara çox da sərbəstlik vermirdilər. Amma atam çalışırdı ki, filmlərinə çəkdiyi aktyorları özü tapsın, özü təklif etsin. Rasim Balayev “Nəsimi” filmində çəkilməzdən əvvəl atamla yarım il məşq etmişdi. O artıq filmə hazır idi. Atam bir çox gənc aktyorlara şərait yaradıb ki, filmlərdə çəkilsin. “Nəsimi” filminə konkret kimi dəvət etmişdilər deyə bilmərəm, amma Rasim Balayev üçün atam çox mübarizə apardı, hətta vuruşdu. Mənim zənnimcə “Nəsimi” filmi Rasim Balayevin şah əsəridir. Hətta bu film kino festivalında mükafat da alıb. Rasim Balayev atamın başqa filmlərində də çəkilmişdi. Atam Nəsibə Zeynalovanı da, Xalidə Quliyevanı da, Şəfiqə Məmmədovanı da sonradan bir neçə filmində çəkdi”

Oxuməni.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında “Bizim Cəbiş müəllim” filmində Namiq obrazını oynayan Ziya Seyidbəyli deyib.

“Atama mane olanlar var idi. Bu onun səhhətinə də, yaradıcılığına da pis təsir edirdi. Onların əksəriyyəti indi haqq dünyasındadır. Onlar nə qədər çalışsalar da, atamı məqsədindən daşındıra bilmədilər. İstədiyi filmləri çəkdi. Düzdür, vaxtında imkan versəydilər, bəlkə də bir neçə başqa film də çəkərdi, amma onun çəkdiyi filmlər Azərbaycan kino tarixində qalacaq. Dərslərimiz olmayanda, bekar olanda atam bizi özü ilə birgə çəkilişlərə aparırdı. Məsələn, “Telefonçu qız” filmində Mehribanın uşaqlığını mənim bacım Məryəm xanım oynayıb. Bundan sonra o məni də, bacımı da, balaca qardaşımı da “Bizim Cəbiş müəllim” filmində çəkdi. Çox təəssüflər olsun ki, qardaşım Mehdi bizi tez tərk etdi. Film İçərişəhər metrosunun yaxınlığında çəkilirdi. Məktəbdən çıxıb, çəkilişlərə qaçırdım. Çox sakit uşaq olduğum üçün bu filmdəki rola uyğun gəldim” deyə sənətkarın övladı bildirib.

Ziya Seyidbəyli bildirib ki, atasının adını daşıyan oğlu onun yolunu davam etdirir.

“Oğlumun da adı Həsəndir. Mən ona təklif etdim ki, bəlkə başqa işlə məşğul olasan, dedi ki, “xeyr, mən rejissor olacam”. Bu gendən gəlir. Özünü bizdə yox, nəvələrində göstərdi. Sənətini çox sevir, başqa işlə məşğul olmaq istəmir”,- deyə o bildirib.

Ziya Seyidbəyli atasının son günündən də danışıb.

“Atam normal vəziyyətdə idi, səhhətində ciddi problemlər yox idi. Ürəyi qəfildən tutdu, elə mənim əlimdə rəhmətə getdi. 2-3 dəqiqə çəkmədi. Mən bilirəm ki, o, “Nizami” filmini çəkməyə hazırlaşırdı. Dekabr ayında 60 illik yubileyi olmalı idi, amma yay ayında dünyadan köçdü” deyə sənətkarın övladı deyib.

1087268