“İllər sonra məni müalicə edən həkim o idi” - “Bəxt üzüyü”ndəki balaca qızcığaz haradadır?

“İllər sonra məni müalicə edən həkim o idi” - “Bəxt üzüyü”ndəki balaca qızcığaz haradadır?

2 İyul 2023 10:27
Bəyəndim (0) Bəyənmədim (0)

“Başıma “şinyon” taxmıram, gözümə kiprik taxmıram, dodağımı şişirtməmişəm, üzümə gel vurdurmuram. Mənə elə gəlir ki, aktrisa necədirsə, o cür də qalmalıdır. Bir müddət əvvəl tariximizə aid bir serial çəkilirdi. Rejissor gileyləndi ki, baş qəhrəmanı oynayan qadın obrazlarını tapa bilmirik. Mən də saydım ki, filankəs var, bəhmənkəs var. Rejissor dedi ki, biz obrazımıza uyğun qadın aktrisalar tapdıq, dodaq, burun hamısı botoks idi. Axı ekran, kamera bunu sevmir”.

Oxuməni.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist Gülşad Baxşıyeva deyib.

Aktrisadan “Bəxt üzüyü” filmində qızı obrazını oynayan xanımı da xəbər alırıq.

“Filmin 20 illiyi idi. Gəldim, zal dolu idi. Gəlib Ayşadın yanında oturdum. Bir də gördüm iki qadın gəldi. Dedilər ki, Gülşad xanım, tanıdınız? Mən də onları süzürəm, görürəm ki, heç kimə oxşatmıram. Biri dedi ki, bu filmdə sizin qızınızı oynayan həmin Sevincdir. Məndən bir sevinc səsi çıxdı ki, gəl görəsən. Sən demə onun öz adı Nigardır. Qucaqladım, öpdüm. Soruşdum ki, nə işləyirsən? O vaxt hələ həkimliyi oxuyurdu. İllər keçdi, səhhətimdə bir az problem yarandı. Oğlum qarışdı bu işə ki, gəl gedək xəstəxanaya, görək sənin ayağın niyə bu gündədir? Sən demə oğlum bilir ki, bu həmin qızdır. Bir xanım gəldi. Oğlum soruşdu ki, tanıdın, ana?! Dedim ki, yox. Dedi ki, səninlə filmə çəkilən var ha, o qızdır. Dedim ki, qızım, ananı tanımadınmı? Baxdı, baxdı və qəfildən dedi ki, Gülşad xanım! Qucaqlaşdıq, öpüşdük. İllər sonra məni müalicə edən həkim həmin qız idi”, - deyə sənətkar bildirib.

Gülşad Baxşıyeva bildirib ki, bu gün onu görənlər üzüyün taleyi ilə maraqlanırlar.

“Ramiz Əzizbəyli özü aktyor olduğu üçün, aktyor ruhunu gözəl bilirdi. Ona görə də onun “Bəxt üzüyü” filmi alınıb. Ramiz komediya yox, tagikomediya çəkib. Qarşıma çıxan insanlar qolumdan tutub, deyirlər ki, mən də elə tale yaşamışam. Suallar çox olur. Deyirlər ki, o üzük necə oldu? Avtobusda da deyənlər var. Eləsi var sakit deyir, eləsi də var ki, çılğınlıqla deyir. Deyirəm ki, sakit ol, bura avtobusdur (gülür)”, - deyə aktrisa bildirib.