Avtobusda bir macəra-hekayə

Avtobusda bir macəra-hekayə

29 İyun 2023 16:52
Bəyəndim (0) Bəyənmədim (0)

Əziz Mustafa, yazıçı-jurnalist, AYB üzvü

Həmişəki kimi Masazırdan şəhərə gedən 525 saylı avtobus içi dolu gəlib "Zeynəb" marketə yaxın dayanacaqda fısıltı ilə dayandı, sanki qoca kəllər kimi yorulmuşdu. Avtobus dayanan kimi də dayanacaqda dayanan sərnişinlər açıq qapılara sözün əsl mənasında hücum çəkdilər. Amma yer onsuz da yox idi, kimlərsə çətinliklə minə bildi, kimlərsə növbəti avtobusu gözləməyə məcbur oldu. Özünü çətinliklə içəri salan və qapının ağzında sıxılıb qalan orta yaşlı, ilk baxışdan olduqca xoş və mülayim sifətli qadın:

- Sıxlaşın, minə bilək,- özündən bir pillə yuxarıda dayananlara müraciət etdi.

Avtobusdakı sıxasıxda nəfəs almağa iynə ucu boyda hava yeri olmasa belə, yenə də qadına yol verdilər. Qapının ağzındakı çətin durumdan xilas olan qadın nəhayət salona qalxa bildi. Amma deyəsən yenə də onun yeri rahat deyildi və qadın ətrafına boylanaraq özü üçün rahatlıq axtarırdı. Bir müddət ora-bura boylanandan sonra qapının ağzında çətinliklə dayanan və üzündən- gözündən fağırlıq yağan özü kimi ortaboylu yaşlı küşiyə:

- Bir az sıxlaş, görmürsən dayanmaq olmur,- deyə hökm elədi.

Kişi qadına baxdı, sonra ətrafına boylandı, yer onsuz da yox idi və o, özü də çətinliklə ayaq üstə dayanırdı. Qadının rahatlığı üçün kimi isə itələməli idi, ancaq bu da mümkünsüz görünürdü. Ona görə də dərindən nəfəs alaraq əvvəlcə qadına nə deyəcəyini bilməyərək susdu. Onun bu susqunluğu deyəsən qadına pis təsir elədi və əsəbi halda:

- Yekə kişisən, karsan, yoxsa sənə söz təsir eləmir,- deyə səsinin tonunu bir az da qaldırdı.

Avtobusa lal bir sukut köçmüşdü və hamı bu əsəbi qadına fağır kişinin nə cavab verəcəyini gözləyirdi. Fağır kişi yenidən avtobusun içinə boylanaraq qadına yer verə bilməyəcəyini bir daha anladı:

- Xanım yer yoxdur, hara çəkilim, özüm kimi ətrafımdakılar da ayaq üstə zorla dayanıblar,- deyə olduqca mülayim bir tərzdə cavab verdi.

Fağır kişinin səsində qəribə bir ləhcə hiss olunurdu.

- Necə yəni yer yoxdur? Mən görmürəm ki, yer var,- deyə qadın daha da çoşdu.

- Yer varsa, onda keçisən, keç.

Onun bu sözləri qadını növbəti dəfə özündən çıxardı:

- Yekə kişisən, ağzının sözünü bil.

- Ay xanım mən nə dedim ki? Deyirsiniz yer var, mən də deyirəm ki, keçisən keç.

- Mən dedim ki, ağzının sözünü bil, keçi özünsən.

- Xanım, mən sizə keçi demədim, keçisən, keç dedim, amma hara keçisən, onsuz da yer yoxdur.

- Mən də dedim ki, keçi özünsən, ağzının sözünü bil, mənə keçi deyən hələ anasından olmayıb.

- Ay xanım, vallah, billah sizə keçi demədim, heç ağlıma da bu gəlmir. Yer yoxdur sıxlaşmağa, ona görə dedim ki, keçisən keç, yəni görüm hara keçəcəksən.

- Mən nə qədər təkrar eləyəcəyəm, axı dedim ki, keçi özünsən. Ayıb olsun sizə, elə bilirdim qarşımda əməlli-başlı bir adam dayanıb.

Onların bu söhbəti sərnişinləri də hərəkətə gətirmişdi. Bayaqdan onların söhbətini dinləyən yaşlı qadınlardan biri dözmədi:

- A kişi, ağzının sözünü bil, düz deyir də qadın. Sən kimsən ki, xalxın həyat yoldaşına, kiminsə ana-bacısına keçi deyirsən.

- Ay bacı, axı mən ona keçi demədim, yer yoxdur, keçisən keç dedim.

- Görürsünüz bunun mərifətini, adını kişi qoyub. Kişi boyunu yerə soxum sənin. Necə yəni keçi demirsən, indi demədin “keçisən keç”,- yaşlı qadın aranı daha da qızışdırdı.

- Ay xanım, vallah, billah mən keçi demədim.

Hiss olunurdu ki, bu fağır kişi başını itirib.

Sərnişinlərdən birinin fağır kişiyə deyəsən yazığı gəldi:

- Nə istəyirsiniz bu yazıqdan? Ola bilsin həqiqətən də keçi demir.

Onun bu sözündən sonra sərnişinlər arasına bir sakitlik çöksə də, bayaqkı qadın yenidən bomba kimi partladı:

- Bunu müdafiə edən özü də onun tayıdır. Dedim axı, məni təhqir edən anasından hələ olmayıb.

Fağır kişi birdən- birə sanki iki bükülmüşdü:

- Vallah ay bacı, mən sizə keçi demədim axı. Niyə məni heç nədən biabır eləyirsiniz.

- Bacı qədri bilən başqasının ana-bacısına keçi deməz. Sizin haqqınız yoxdur mənə bacı deməyə.

Fağır kişi onun bu sözündən sonra sanki bir az da büküldü və artıq cavab verməyin mənasız olduğunu başa düşərək başını aşağı dikdi. Qadın isə fağır kişinin ünvanına təhqirlər yağdırmaqda davam edirdi. Nəhayət sərnişinlərdən biri dözmədi və qadına:

- Bəsdir də, qulağımız-başımız getdi ki, sizə keçi deməklə keçi olmadınız ki?

Sonra fağır kişiyə dönərək:

- Ay qardaş, üzr istəyin qurtarsın getsin, yoxsa bizi avtobusa minməyə peşman edibsiniz.

- Axı mən nə dedim ki, üzr istəyim. Üzr istəməli nəyimsə olsaydı lap min dəfə diz çökərdim qabağında. Keçmək istədi, yer yox idi, dedim ki, keçisən keç

- Yenə də keçi dedin, nə tərs adamsınız, ay qardaş. Üzdən fağıra, əməlli-başlı adama oxşayırsınız.

Sonra nə fikirləşdisə fağır kişidən soruşdu:

- Haralısan ay kişi?

-Şəkidən,-deyə fağır kişi cavab verdi.

Kişi sözünü deyib qurtarmamış sərnişinlərin arasına bir gülüşmə düşdü.

- Axı heç şəkili ləhcəsilə danışmırslnız.

- Şəkidən çoxdan çıxmışam. Bu xanım məndə şəkililik qoydu ki...

Onun bu sözlərindən sonra yenə sərnişinlər arasına bir gülüşmə düşdü.

Gülüşmədən sonra sərnişinlərdən biri qadına:

- Ay xanım, şəkili qardaş sizə keçirsən, demək istəyib, keçi deməyib.

Qadınsa sözündən dönmək istəmirdi:

- Yox artistlik eləyir, səviyyəsi elədir.

Bu arada fağır kişiyə haradansa zəng gəldi. Kişi telefonu açan kimi o biri tərəfdən qadln səsi gəldi:

- Səni gözlüyürüx, cəliv eləmiyisən.

- Həvlə ilişmişəm habırda, birinə dyiyem keçisən keç, mənə diyiki, keçi özünsən...

Fağır kişi telefonda keçmişdi sırf şəkili ləhcəsinə və o danışdıqca qadın da daxil olmaqla avtobusdakı sərnişinlər gülməkdən uğunmaqda davam edirdilər...