“Anam ev geyimində idi, kitabı alıb, özünü qulluqçu kimi təqdim etdi”- Mirvarid Dilbazinin qızı

“Anam ev geyimində idi, kitabı alıb, özünü qulluqçu kimi təqdim etdi”- Mirvarid Dilbazinin qızı

22 İyul 2023 14:29
Bəyəndim (0) Bəyənmədim (0)

“Anamın bu gün kitabları oxunur, onun sözlərinə bəstələnmiş mahnıları məşhur müğənnilərimiz ifa edir. Bir insan həyatdan gedibsə və onu hələ də yada salırlarsa, demək ki, o şəxs yaşayır. Mənim anam da həmçinin. Valideynlərin qədrini sağlığında bilmək lazımdır. Sonra gec olacaq. Arzu edirəm ki, hamının anası gözünün qabağında qocalsın. Qocalıqdan söz düşmüşkən anamla bağlı bir xatirəni sizinlə bölüşmək istəyirəm. Biz Sabir bağının yanındakı monolit binada oluruq. Bilirsiniz ki, bu binada lift yoxdur. Pilləkənlərin də sayı 120-dir. Yadımdadır, o pilləkənləri qaça-qaça çıxırdım, gəlib qapını döyürdüm. Anam qapını açmağa yavaş-yavaş gəlirdi. Öz-özümə əsəbləşirdim, deyirdim ki, ay ana, sən niyə qapını belə gec açırsan?! Deyirdi ki, mənim yaşıma çatarsan, onda bilərsən ki, niyə adam qapıya gec gəlir. Onun bu sözü o vaxt mənə çatmırdı. Mən də anamın yaşına çatdım. İndi nəvələrim də həmin qapını döyür, mən qapıya gələnə qədər eyni sözü onlar da mənə deyirlər. O saat məni gülmək tutur ki, vaxtilə anam bu sözləri mənə demişdi axı”

Oxuməni.az xəbər verir ki,bunu Moderator.az-a açıqlamasında ilk qadın xalq şairi Mirvarid Dilbazinin qızı Xatirə Dilbazi deyib. Xatirə xanım bildirib ki, anası onu qatarda dünyaya gətirib.

“Əminə Dilbazi anamın baldızı, mənim isə bibimdir. Anam mənə hamilə olanda qatara minir. Əminə xanım Səməd Vurğunun qardaşı Mehdixana tapşırır ki, Mirvarid xanım Qazaxa gəlir, onu qarşılayın. Qatarda anamın sancısı tutur. Özü də əsgər qatarı olur. Anamı qatardan düşürdüb, sakitləşdirib, yenidən qatara mindirib, kupesini dəyişirlər. Bir tibb bacısı qapını döyüb, anama deyir ki, mən Tibb universitetində tələbəyəm, sizə kömək edə bilərəm. Avqustun 18-də mən qatarda dünyaya gəlirəm. Hər şey Allahın əlindədir. O anda ya mən olmaya bilərdim, ya da anam. Gəncədə anamı qatardan düşürdüb, təcili yardımla xəstəxanaya aparırlar. Mən öz doğum günümü avqustun 18-də qeyd edirəm, baxmayaraq ki, şəxsiyyət vəsiqəmdə 19-da yazılıb. Şəxsiyyət vəsiqəmdə doğulduğum yer olaraq Qazax yazılıb. Anamın da doğum günü şəxsiyyət vəsiqəsində avqustun 19-da yazılıb. Anam bunu belə izah edirdi ki, o vaxt iyulda doğulmağına baxmayaraq, doğum tarixini avqust ayına qeyd etdirib ki, Yazıçılar Birliyi tətilə çıxmış olsun, onun ad gününü qeyd etməsinlər. Anam çox sadə, təvazökar insan idi. Ulu öndər, ümummilli lider Heydər Əliyev hər doğum günündə anama zəng edərdi. Soruşardı ki, Mirvarid xanım, nə lazımdır?! Anam da həmişə deyərdi ki, xalqımız, millətimiz azad olsun, firavan yaşasın. Anamın bir dərdi də Qarabağ dərdi idi. Şuşa alınan günü anam iki əlini də başına çırpıb, fəryad etdi. Anam vəsiyyət etmişdi ki, onu Fəxri Xiyabanda yox, anasının yanında dəfn edək. Vəfa Quluzadə mənim doğma xalam oğludur. Anam dünyasını dəyişəndə ulu öndər Heydər Əliyev zəng etdi. Vəfa dedi ki, vallah xalam belə vəsiyyət edib. Şuşanın işğaldan azad olunduğu xəbərini eşidən kimi qaçaraq anamın məzarını ziyarət edib dedim ki, ana, sən indi rahat uyuya bilərsən, artıq Şuşa bizimdir” -deyə sənətkarın qızı deyib.

Xatirə Dilbazi Amasyada anasının qohumlarının olduğunu bildirib:

“Mirvarid xanım həmişə kitabçalarında qeydlər edirdi. Bu gün nə işləyib, ayın neçəsidir, kimlərlə görüşübsə hamısını yazardı. Balaca makinasında oturub özü yazırdı. Quranı çox gözəl bilirdi. Mən həmişə demişəm ki, şairlər, bəstəkarlar yer yox, göy adamlarıdır. Bir də görürdün ki, şam işığında, mətbəxdə qaç peçinin işığında şeirlər yazır. Onun nəslinin bir hissəsi Qazaxda, bir hissəsi isə Amasyadadır. 1990-cı illər sərhədlər açılanda mən, anam, qızım və həyat yoldaşım Amasyaya getdik. Sərhəddə anamın bütün çamadanlarını açıb baxdılar. O vaxt da orada ermənilər çox idi. Şair özü ilə nə apara bilərdi?! Kitab, dəftər, şəkil albomları və s. Mən həmişə deyirdim ki, gedib Türkiyəni görüm, sonra ölüm. Biz sərhədi addımlayıb Türkiyəyə keçəndə orada qışdırdılar ki, Dilbazi gəlir, Dilbazi gəlir. Bunlar anamın qohumları idi. Bizi əl üstündə qarşılayıb, qonaq etdilər. Türkiyəyə getməmişdən öncə mənə deyirdilər ki, sən ananı o yaşda necə aparacaqsan ora?! Çünki anamın az yaşı yox idi. Anam gedib Amasyanı da gördü, qohumları ilə də görüşdü, qəbirləri də ziyarət etdi. Anam həm də ona görə xoşbəxt idi ki, nəvələrini də gördü, nəticələrini də. Bu hər insana qismət olmur. O heç vaxt yaddaşını itirmədi. Yadımdadır, ölümündən bir neçə ay öncə böyük qızım Laləni yanına çağırıb dedi ki, bir gün gələn, bir gün gedər, amma sizdən xahişim var ki, məclisimdə çox ağlamayın. Ölümdən qorxmurdu, deyirdi ki, yaşadığımı yaşamışam” -deyə, Mirvarid Dilbazinin qızı deyib.

Xatirə Dilbazi anasının bər-bəzək sevmədiyini, hər zaman sadə geyindiyini bildirib:

“Anamın heç vaxt bər-bəzəyə həvəsi olmayıb. Bir makinası var idi. Bütün günü çalışırdı, yazırdı. Evin içində də sadə geyinirdi, baxan heç deməzdi ki, şairdir. Bir gün evdə idim, gördüm ki, qapı döyülür. Qapını açdım, tanımadığım bir şəxs idi. Məlum oldu ki, Nəbi Xəzri anama bir kitab göndərib. Anam kitabı həmin şəxsdən aldı. Kişi dedi ki, kitab Mirvarid xanıma çatacaq, özü yoxdur?! Anam da ev geyimində idi. Dedi ki, mən onun qulluqçusuyam, kitabı Mirvarid xanıma çatdıraram. Özü belə cavab verdi (gülür). Dedim ki, ana, niyə elə dedin?! Dedi ki, mən bu vid-fasonda necə deyim ki, Mirvarid Dilbazi mənəm?! Anam bəy nəslindən olsa da, çox səmimi və sadə idi. Bağımız Pirşağıdadır, çox sadə, əsl şair bağıdır. İnsan daxilən zəngin olmalıdır, maddi cəhətdən yox. Anam da daxilən zəngin bir insan idi” deyə Xatirə Dilbazi deyib.