Əməkdar artist Aygün Bəylər son mənzilə yola salınıb

Əməkdar artist Aygün Bəylər son mənzilə yola salınıb

8 Yanvar 14:55
Bəyəndim (0) Bəyənmədim (0)

Yanvarın 8-də milli musiqi sənətinin istedadlı nümayəndəsi, Əməkdar artist Aygün Hümbətovanın (Bəylər) cənazəsi son mənzilə yola salınıb.

AZƏRTAC xəbər verir ki, mərhumun cənazəsi Suraxanı rayon Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayında matəmsayağı bəzədilmiş postament üzərinə qoyulmuşdu.

Salonda həzin matəm musiqisi səslənirdi.

Sənətkarın tabutu önünə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın adından əklil qoyulmuşdu. Cənazənin ətrafına hökumət qurumları və müxtəlif kollektivlər adından da əklillər düzülmüşdü.

Aygün Bəylərin yaxınları, sənət dostları, tanınmış mədəniyyət və incəsənət xadimlər axın-axın mədəniyyət sarayının binasına gəlir, istedadlı sənətkara son borclarını verirdilər.

Vida mərasimində Mədəniyyət Nazirliyinin şöbə müdiri Aynur Kərimova Əməkdar artist Aygün Bəylərin yaradıcılığından danışıb: “Həyatını Azərbaycan musiqi sənətinə həsr etmiş görkəmli sənətkarı son mənzilə yola salırıq. Onun uzun müddətdir xəstəlikdən əziyyət çəkdiyini bilirdik. Əməkdar artistin səhhəti ilə əlaqədar məsələlər ötən müddət ərzində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən Fond tərəfindən nəzarətə götürülmüşdü və müalicəsinə zəruri dəstək göstərilirdi. Müalicəsinə yerli həkimlərlə yanaşı, xarici mütəxəssislərin də cəlb olunduğu Aygün Bəylər bir müddət əvvəl müvafiq müayinələrdən keçmək məqsədilə Türkiyəyə getmişdi. Lakin həkimlərin səylərinə baxmayaraq, Aygün Bəylərin səhhətində ağırlaşma baş vermiş və müğənninin həyatını xilas etmək mümkün olmamışdır. İnanırıq ki, onun ifaları əbədi yaşayacaq. Allah rəhmət eləsin!”.

Xalq artisti, bəstəkar Aygün Səmədzadə mərhum sənətkar Aygün Bəylərin vaxtsız dünyadan köçməsinin mədəniyyətimiz üçün çox ağır itki olduğunu söyləyib: “Bizim onunla çox yaxşı münasibətimiz olub. Mənim mahnılarımı ifa edib. Son dəfə konsertindən əvvəl “Tut ağacı” mahnısı ilə bağlı danışmışdıq. Aygün Bəylər haqqında çox danışa bilərəm, amma hazırda çətindir. Onun yerini heç kəs tuta bilməz”.

Xalq artistləri Mənsum İbrahimov, Həmidə Ömərova, Mili Məclisin deputatı Razi Nurullayev, Əməkdar incəsənət xadimi Cavanşir Quliyev və başqaları vida mərasimində çıxış edərək Aygün Bəylərin Azərbaycan musiqisinə sonsuz sevgisindən, milli musiqi irsimizin yaşadılması və gələcək nəsillərə çatdırılması üçün gördüyü böyük işlərdən danışaraq, onunla bağlı xatirələrini bölüşüblər.

Mərhumun ailəsi adından çıxış edən Zümrüd Hümbətova bacısının xatirəsinə göstərilən hörmət və ehtirama görə Heydər Əliyev Fonduna dərin minnətdarlığını bildirib.

Sonra sənətkarın cənazəsi son mənzilə yola salınıb.

Mərhum Suraxanı kənd qəbiristanlığında torpağa tapşırılıb.

Allah rəhmət eləsin!

Oxuməni.az