RƏSUL RZA SÖZÜNÜN AHƏNGİ

RƏSUL RZA SÖZÜNÜN AHƏNGİ

16 Aprel 10:45
Bəyəndim (1) Bəyənmədim (0)

Gül Maya Feyruzqızı

--

RƏSUL RZA SÖZÜNÜN AHƏNGİ

Göyçayın qoynundan

bir çay adlayır,

Səpir suları,

Rəsul Rza sözünün nəğməsini,

ahəngini, rəngini çöllərə.

Göyçay çinarları

göy üzün öpər,

budaqları gülümsəyər,

suların nəğməsinə.

Nar ağacının qoynunda

Gülöyşə narın

dodağı qaçır bu nəğmələrdən,

Susmuş torpağı,

Səssiz lal gecələri,

gətirdi dilə...

Basıb bağrına,

Bir ovuc Göyçay

torpağı bu nəğməni,

qoruyur öz yaddaşında.

Bir ovuc nəğmə ətri var,

Göyçay torpağında, daşında.

Rəsul Rza söz dünyasının

rəngləri bərq vurur,

qızıl piyalədə

misralarının ahəngi.

Göyçay çinarları

sözdən boylanar,

dan ulduzunun

ilk şəfəqi kimi.

Sözdən boylanır ucalığı,

Bu bir alın yazısı,

Göyçayın qoynundan

adlayıb keçən

çayın nəğməsi.

Rəsul Rza sözü

məhəbbət qoxulu,

ana laylası.

Düşüncəsini, duyğusunu,

çinarların ucalığını,

ömrünə səpib.

Ay işığının pıçıltısında,

Göyçay çayının suları

Rəsul Rza duyğuların

arzular qanadında,

ölümsüzlük kimi

misra-misra

könüllərdən-könüllərə səpir,

səslərdə gülür nəğmələr...

Həm sevilir, həm şadlanır...

Ürəklərdən asılıb,

Rəsul Rza sözünün ətri,

bələnib fərəhə, sevincə.

Külək vurur dalğalandırır,

dahinin söz ahəngini.

İlahidən gələn

sevinc payı ömrə

İşıq saça-saça,

Canından can bəxş eylədiyi,

sözdən Vətən adlı

qala hördü.

Misralar açdı çiçək,

Üstünə təbəssüm

düşdü.

Rəsul Rza əsil xalqın şairi,

sözünün ahəngində

dalğalanır üçrəngli bayraq.

Sancdı o bayrağı,

sözdən hördüyü

Vətən qalasına.

Əsil Vətəndaş oldu,

Rəsul Rza sözü səslədi

həzin-həzin xalqını

nurlu sabaha.

Düşüncə içində,

duyğu içində

addımbaaddım,

zamanı önlədi.

Üzü əbədiyyətə sarı yol gedir,

indi Rəsul Rza sözü.

SƏN AĞLAMA SALXIM SÖYÜD

Gəldim sükuta qərq

olmuş görüş yerimizə,

Sənsiz tənha

çiçək kimi bitmişdim,

salxım söyüd kölgəsində.

Məni qoynuna alıb

incə, qız barmağı kimi,

yarpaqları titrəyə-titrəyə,

məhəbbət ətirli xatirələri

həzin-həzin oxşadı.

Dili olsa, nələr söyləyərdi

salxım söyüd?

Rəssam kimi bu həsrəti

təsvir edə bilsəydi,

ürəyimdə üşüyən sevgimizin,

boynubükük ümidimin,

rəsmini yaradardı.

Titrəşən budaqların,

Dalğalanan saçlarının,

pıçıltısından gözü yaşlı

xatirələrim diksindi.

Yarpaqların arasından süzülən,

əlvan şəfəqlər də həsrət köynəyi geymiş

sevgi rəngindəydi.

Qayıt gəl, qayıt gəl,

Gəl ki, yenidən çalınsıın

ruhumuzun sevgi zəngi.

Bulaq kimi çağlar olsun,

duyğuların söz ahəngi.

Gəl ki, özünə qayıtsın

solan rəngli məhəbbətin,

Salxım söyüd yenə duysun

sevgimizin hərarətin.

Bu istəyin qədrin bilək,

Deməyək gəldi-gedərdi.

Ğül Mayanın bu İlahi eşqi,

Bu sevgi İlahi yazan bir əsərdi...

EŞQ QATİLİ

Mən eşqimin qatiliyəm,

Bir ömür həbs

olunmuşam,

Əbədi bir həsrətin ovcunda.

Bir yarpaq xatirənin

əlindən tutub, eşqimin

qatili kimi,

kövrək bir eşqin

məzarının üstündən,

keçib gedirəm.

Yanağımdan axıb gedən

göz yaşları isladır,

sinəmdəki hönkürtüləri.

Keçib gedirəm mən,

dəfin etdiyim eşqin üstündən,

Pıçıldayır ayağımın

altındakı torpaq.

Pıçıldayır içimdəki

xatirələr asta-asta,

Pıçıldayır qatil olmuş

əllərim, ürəyim, səbrim.

Sənə uzanan əlimdəki çiçəkləri,

Almadığın üçün öldü bu saf sevgi.

Qərib-qərib sənə sarı

boylanan o baxışları,

saya salmadığın üçün

öldü bu sevgi.

Çilikləndi töküldü,

torpaq üzünə bu sevgi.

Mən eşq qatiliyəm, İlahi!

Bir ömür həbs olunmuşam.

Əbədi bir həsrətin ovcunda.

GƏLƏNDƏ BAHAR

Durna qatarının

qanadlarında,

Açıb yelkənini gələndə bahar.

Zümrüd qayalara,

yala, yamaca,

Güllü örpəyini

sərəndə bahar.

Qəlbimdə dil açıb,

coşub, çağlasa,

Qaranquş qanadlı

kövrək arzular.

Arzular qonanda

gülə, çiçəyə,

Xallı kəpənəklər,

qon çəmən üstə.

Gəl məndə təbəssüm,

çağlı bir sevgi,

Könüllər oxşayan

məhəbbət üstə.

Ürək duyğulanır misralar üstə,

Yarpaqtək ələnir gözümün üstə.

SEYRİNƏ ÇIXAQ

Yer üzündə xəyanətlər,

Rahatlıq nə, bilmir hələ.

Şimşək kimi çaxır gedir,

İştahası boylananda.

Uçuq, sökük məzarlara,

Acgözlüklə baxıb gedir.

Tamahı gül açmayanda,

Gözlərinin qorasını,

Ovucuna sıxıb gedir,

Öz-özünə nifrət edir.

***

Ey ömrümün səcdəgahı,

Gəl çıx könlümün seyrinə.

Qalx həsrətin zirvəsinə,

Diqqətlə bax dan yerinə.

Günəş necə zühur edir,

Şəfəq saçıb gül becərir.

Zümrüd “Göy göl” sahilində,

Qönçə güldən çələng hörür.

Qüdrətiylə zəfər çalan,

Qarabağa müjdə verir.

Asimanı vahiməsiz,

Seyrə çıxıb, gəzmək üçün,

Bu zəfərə səcdə edir.

***

Yer üzündə xəyanətlər,

Rahatlıq nə, bilmir hələ,

Şimşək kimi çaxır gedir,

İştahası boylananda.

Uçuq, sökük məzarlara,

Acgözlüklə baxıb gedir.

Tamahı gül açmayanda,

Gözlərinin qorasını,

Ovucuna sıxıb gedir,

Öz-özünə nifrət edir.

Hazırladı İsa Rəvan