"Çox təəssüflər olsun ki, “Kəndimiz” mahnısı anamın ilk və son işi oldu"

"Çox təəssüflər olsun ki, “Kəndimiz” mahnısı anamın ilk və son işi oldu"

30 Sentyabr 2023 14:40
Bəyəndim (0) Bəyənmədim (0)

“Anam “Ögey ana” filmində “Kəndimiz” mahnısını ifa edib. Amma heç vaxt üzə çıxıb deməyib ki, mən bu mahnını oxumuşam. Çünki belə şeyləri sevmirdi. Uzun illər bu hamıya sirr kimi qaldı. Ona görə də deyirdilər ki, mahnını elə İsmayıl obrazının ifaçısı Ceyhun Mirzəyev oxuyub. Biri deyirdi ki, Şövkət xanım, Sara xanım ifa edib. Düzdür, bilənlər bilirdi ki, bu mahnını anam oxuyub. Anam tanınmış, ziyalı nəslin ocağına gəlin gəlmişdi. Mirmövsüm Ağanın qohumları idi. Nənəm baş həkim, babam energetik işləyirdi. Atam Xətai rayonunun deputatı idi. Onun üçün də o vaxt oxuyana, müğənniyə pis baxırdılar. Anama müğənni olmağı atası qadağan etmişdi”

Oxuməni.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında “Ögey ana” filmindəki “Kəndimiz” mahnısının ifaçısı Məsumə Atamovanın oğlu Atamzadə Mirnail deyib. O bildirib ki, anası hər zaman məşhur müğənni olmaq arzusuyla yaşayıb.

“Anamın arzusu idi hamı bilsin ki, “Kəndimiz” mahnısını o oxuyub. Atam sonralar anama icazə verirdi ki, oxusun. Hətta atam onu bəstəkar Ələkbər Tağıyevin yanına da aparmışdı. Sadəcə olaraq artıq başı ailəyə, övladlarına qarışmışdı. Müğənni olmaq arzusuyla yaşayırdı anam. Çox təəssüflər olsun ki, “Kəndimiz” mahnısı anamın ilk və son işi oldu. Anam uşaq yaşlarından oxumağa meylli idi. Bütün uşaqları yığıb kukla tamaşaları göstərər, konsertlər verərdi. Babam anamın müğənni olmaq istəyini biləndə ona qarşı çıxıb. Anam məktəbdə oxuyanda rus dili müəllimi onun istedadını görür və babamdan anamı Pionerlər evinə yazdırmağı xahiş edir. Babam razılıq verir. Anam həmin Pionerlər evində Əfsər Cavanşirovdan dərs alır. Əfsər müəllimlə “Ögey ana” filminin bəstəkarı Tofiq Quliyev yaxın dost olublar. Bir gün Tofiq müəllim Əfsər Cavanşirova zəng edib filmdə istifadə etmək üçün uşaq səsinin lazım olduğunu deyir. Əfsər müəllim də ora anamı göndərir. Anam danışırdı ki, Tofiq Quliyev onun səsini çox bəyənib. O həmin mahnını estrada orkesri ilə mikrofonsuz oxuyub. Əlbəttə ki, orada elə boğazlar, xırdalıqlar var ki, anam çətinlik çəkib. Amma nəticəsi gözəl olub. Anam bu mahnını Moskvada rus dilində də oxuyub” deyə sənətçinin övladı bildirib.

Məsumə xanımın övladı bildirib ki, anası “Ögey ana” filmində İsmayıl obrazını oynayan Ceyhun Mirzəyevlə bir məktəbdə oxuyub.

“Ceyhunla anam bir məktəbdə oxuyublar. Hətta gözəl ünsiyyətləri də olub. Anam danışırdı ki, məktəb illərində hamı kimi o da Ceyhunun filmdə çəkilməsinə böyük qibtə ilə baxırdı. Ceyhun da anama deyib ki, mən kinoya çəkilirəm, sənin isə gözəl səsin var. Ceyhunla anam illər sonra “Beşmərtəbə” deyilən yerdə rastlaşıblar. Hətta anama təklif edib ki, çəkdiyi filmlərdə həm aktrisa, həm də müğənni olaraq rol alsın. Anam bu dəfə də babama-nənəmə görə yenə də razılıq verməyib. Anamı hətta “Ögey ana” filmində uşaqlardan biri kimi də çəkmək istəyiblər. O da alınmayıb. Anam sonralar deyirdi ki, müğənni olmadığıma görə peşman deyiləm. Çünki bilirdi ki, bu sənətdə bir-birinin yolunu kəsənlər çox olur. O da bunlardan qorxurdu. Həmişə özünə təsəlli verirdi. Deyirdi ki, müğənnilər var ki, 100 mahnı oxuyur, heç biri yadda qalmır, amma mən bir mahnı ilə tarixə düşmüşəm. Uzun illər keçməsinə baxmayaraq o yenə də “Kəndimiz” mahnısını eşidəndə kövrəlirdi. Bəzən evdə oxuyurdu da. Deyirdi ki, mən öləndən sonra da bu mahnı yaşayacaq” deyə sənətçinin övladı bildirib.