Poeziya buketi, nəğmə mələngi

Poeziya buketi, nəğmə mələngi

23 Oktyabr 2023 10:23
Bəyəndim (1) Bəyənmədim (0)

Elvin Ramizoğlu

ELƏCƏ ŞEİR

Əsl sevgi iki cürədi,

Allah, torpaq.

Ömrümüzdə xeyir, şərdi

Axşam, sabah.

***

Biri ağlayır, biri gülür,

Biri bilmir, biri bilir.

Biri doğulur, biri ölür,

Yaxın, uzaq.

***

Zaman dayanmır, yürüyür,

İnsan ətindən çürüyür.

Dünya bizi tez kürüyür,

Qaçaq, qalaq?

***

Gah qaranlıq, gah da işıq.

İnsan həyata yaraşıq.

Gah mülayim, gah da ilıq,

İsti, sazaq.

GƏLƏRSƏN DƏ, GƏLMƏZSƏN DƏ

Ayrılıqdan ağlayarsan,

Gülərsən də, gülməzsən də.

Kimlə gəldi arzularını,

Bölərsən də, bölməzsən də.

***

Biz yaşadıq nələr-nələr,

Geridə qaldı xatirələr.

Sən qədrimi özün qədər,

Bilərsən də, bilməzsən də.

***

Sil gözündən yaşı, nəmi,

Tulla getsin dərdi, qəmi.

Bir sözündən ürəyimi,

Dələrsən də, dəlməzsən də.

***

Bəxtimiz də durdu qəsdə,

Saç ağardı, ürək xəstə.

Ölərəmsə, qəbrim üstə,

Gələrsən də, gəlməzsən də.

***

Tapmadıq sonda çözümü,

Yerə salma gəl sözümü.

Şəkillərdə üz-gözümü,

Silərsən də, silməzsən də.

DARIXMAYIM

Saçları daraqlım, gözləri almam,

Yanağı batanım, mən darıxmayım?

Ay torpaq ətirlim, yağış nəfəslim,

Dağlara düşəndə çən, darıxmayım?

***

Dodağında nəğmə olum, oxunum,

Gözlərimlə ürəyinə toxunum.

Xoşbəxtsənsə, birdəfəlik yox olum,

Yaşasan firavan, şən, darıxmayım?

***

Sən yuxuma icazəsiz gəlirsən,

Danışırsan, ağlayırsan, gülürsən.

Necə olur sən darıxa bilirsən,

Düşür saçlarıma dən, darıxmayım?

Hazırladı: İsa Rəvan

--