Poeziya buketi, nəğmə çələngi

Poeziya buketi, nəğmə çələngi

15 İyul 2024 10:11
Bəyəndim (3) Bəyənmədim (0)

Dilşad Araz

HEYF

Mənə də söz verin, elə bu başdan,

Deyim ürəyimdən keçənlərimi.

Deyim ürəyimdən köçənlərimi,

Aparıb dəfn edin uzaq ölkədə.

Uzaq məsafədən ağlayım mən də,

Mən də ürəyimin bir tərəfində.

Bir ocaq yandırım, hər səfərində,

Üşüyüm bu vaxtsız gedişin üçün,

Üşüdüm qəlbimin sən tərəfini.

Mənə də söz verin qəbir daşları,

Başın yorulmadı, yatdığın adam?

Yorulub, yuxuda yaman ağladı.

Görmədin soyuyub qucaqlaşanda?

Görmədin dəfn edib uzaqlaşanda,

Bütün adamların keyfi kök idi?

Sən görə bildinmi geri dönəni,

Qayıdıb sən daşı sevən oldumu,

Qayıdıb üzündən öpən oldumu?

Mən görə bilmədim, ölən oldumu?

Bəlkə də gizlicə ölüb kimisə,

Bəlkə də gizlicə çəkiblər onu!

Mənə də söz verin qəbir başında,

Bir şeir söyləyib çıxıb gedəcəm,

Qəbrinə söz deyib, baxıb gedəcəm.

Gedəcəm o günəş batdığı yerə,

Gedəcəm...

Hamı unutmağa gedəcək səni.

Səninlə öləni görmədim, heyf..!

BÜTÜN SEVGİLƏRİN BƏLLİDİR SONU

Təzə bir bəd xəbər gözləyər səni,

İnan xəbərin də xəbəri olmur.

Olmur qəmə şərik, kədərə şərik,

Olmur xəbərimiz xəbərə şərik,

Olmur o dünyanın səhəri, olmur.

***

Yumub gözlərini dünya ağlayır,

Yetim uşaq kimi sevinmir heç kim.

Hamı əllərini açıq saxlayır,

Hamı söz danışır, dinməyir heç kim.

Hamı sevincini gizli saxlayır,

Dünyanın heç kimdən xəbəri olmur,

Heyf ayrılığın qəhəri olmur.

ÜÇÜN

Sən kimi gəzirsən bu gen dünyada?

Daralan ömrünü uzatmaq üçün.

Sən kimi itirdin tapmısan? Ya da,

Dərdimə bir heykəl ucaltmaq üçün.

***

Gəlim bu gecədən çıxaq sabaha,

Unudaq hamını, hər kəsi daha,

İkimiz birlikdə bataq günaha.

Savabı bir anda qocaltmaq üçün.

***

Baxma ürəyimi yeyib gəlmişəm,

Aç idim, sadəcə bunu bilmişəm.

Dərdi sevincindən uzun gəlmişəm,

Səbrimi bir tikə azaltmaq üçün.

***

Çəkil ürəyimin kölgə yerindən,

Baxım qan izinə, baxım dərindən.

Unudaq hamını günün birində,

Dünyanı üzünü qızartmaq üçün.

GÖZLƏRİM QATİL OLACAQ

Sən mənim sevdiyim mahnı kimisən,

Oxuya bildiyim mahnı deyilsən.

Sən dəniz qoynunda batan gəmisən,

Mən səni sevərdim üzməyi bilsən.

***

Sən mənim gördüyüm adam deyilsən,

Gördüyüm adamdan uzaqlaşansan.

Sən mənim azarım, qadam deyilsən,

Sən mənim dərdimlə qucaqlaşansan.

***

Sən yaşıl bağçada quruyan çiçək,

Qoxusu gəlməyən gül budağısan.

Sən mənim gözümdə yalan bir gerçək,

Sən nağıl dünyamın tək otağısan.

***

Nə yaxşı getməyə qərar vermisən,

Nə yaxşı geriyə dönməyəcəksən.

Sən mənim qəlbimdə elə ölmüsən,

Bir daha dirilib ölməyəcəksən.

***

Soyuq əllərini isidən ocaq,

Ruhunu yandıran közün olacaq.

Mənim baxışlarım iti bir bıçaq,

Heyf ki, gözlərim qatil olacaq!

--
Nazırladı İsa Rəvan