MİLLİ MƏTBUAT – 149

MİLLİ MƏTBUAT – 149

28 İyul 10:46
Bəyəndim (0) Bəyənmədim (1)

Milli mətbuat xalqın, millətin öz mətbu orqanı, ana dili və öz ana dilində nəşr olunan milli mətbuatıdır. Azərbaycan Milli Mətbuatı 19-cu əsrin ortalarından yaranaraq meydana gəldi. Böyük maarifçi Həsən Bəy Zərdabinin 22 iyul 1875-ci ildə min bir əziyyətlə ərsəyə gətirib ilk dəfə olaraq ana dilində nəşr etdiyi “Əkinçi” qəzeti milli mətbuatımızın təməli oldu. “Əkinçi” qəzeti yarandığı tarixdən - XIX əsrin ortalarından formalaşaraq böyük bir milli ictimai-ədəbi və mədəni düşüncə sisteminin inkişafına güclü təkan verdi. “Əkinçi” qəzeti 149 il əvvəl sağlam əsaslarla - xalqa təmənnasız xidmət, onun tərəqqisi yolunda çalışmaq amalı ilə yarandı. Bu bünövrə üzərində ucalan mətbuatımız düz 149 ildir ki, keşməkeşli və zəngin bir yolu qət etmədədir. Respublikamız öz müstəqilliyini əldə edəndən sonra hər il 22 iyul tarixində həm dövlət səviyyəsində, həm də ictimai təşkilatlar tərəfindən Milli Mətbuat günümüz qeyd olunur. Tanınmış jurnalist, media nümayəndəsi Zümrüd Güləliqızının rəhbəri olduğu “Zümrüd-M” prodakşın məhz hər il bu mötəbər tədbiri yüksək təntənə ilə həyata keçirir. Ənənəsinə sadiq qalaraq bu il də “Zümrüd-M” prodakşın Milli Mətbuatımızın 149-cu ilini xüsusi qeyd elədi.

Tədbir Azərbaycan Dövlət Himni ilə açılandan sonra 1 dəqiqəlik sükutla şəhidlərimizin xatirəsi yad edildi. Aparıcılar Zümrüd Güləliqızı və Şahin Cavadsoy tədbiri açıq elan etdilər. Tədbirin bədii hissəsi Lətifə Vəlizadənin rəhbərliyi ilə “Azəri atəşi” rəqs qrupu tərəfindən başladı. Həsən Bəy Zərdabi obrazında aktyor Şahin Yüksəl, Əməkdar artist Səlim Abbasov, müğənni Rövşən Civişov, tanınmış aktyor və qiraət ustası Şirzad Pirallahı, şəhid anaları, qazilər, televiziya, qəzet və saytlardan olan çoxlu sayda media nümayəndələri çıxış edərək tədbirlə bağlı öz ürək sözlərini dedilər.

Əvvəlki illərdən fərqli olaraq bu ilki tədbir eksklüziv olaraq bir ilkə imza atdı. Belə ki, ideya müəllifi Zümrüd Güləliqızının təşəbbüsü və təşkilatçılığı ilə müğənni Rövşən Civişovun ifasında “Jurnalist himni” musiqisi səsləndirildi. Himnin sözlərinin müəllifi jurnalist Bəhruz Məmmədov, bəstəkarı Fuad Hilalov, aranjemanı Əkbər İzzətə məxsusdur.

Tədbirdə iştirak edən media nümayəndələrinə, incəsənət xadimlərinə, şəhid analarına, qazilərə və digər çağırılmış qonaqlara xüsusi mükafat və hədiyyələr təqdim olundu. Sonda Zümrüd Güləliqızı tədbir iştirakçılarını bir daha Milli Mətbuat günü münasibətilə təbrik etdi, bu tədbirlə əlaqədar xüsusi olaraq ona hazırlanmış libasa görə “Gülşən naxış” moda evinə və vizajist Nərmin Ağayevə öz minnətdarlığını bildirdi.

Qeyd edək ki, tədbirin informasiya dəstəyi xüsusi olaraq Oxu məni.az saytına məxsusdur.

İsa Rəvan

--