Dyula Bentsurun 100 illiyi münasibətilə ölkəmizdə rəsm müsabiqəsi keçiriləcək
Tanınmış macar rəssamı Dyula Bentsurun 100 illiyi münasibətilə Macarıstanın ölkəmizdəki səfirliyi 6-17 yaş arasında azərbaycanlı uşaqlar üçün rəsm müsabiqəsini elan edib.
Oxuməni.az xəbər verir ki, müsabiqənin məqsədi pandemiyanın bu çətin dövründə gənc nəslin marağını və yaradıcılığını təsviri sənətə yönəltmək, onları etibarlı və faydalı fəaliyyətə həvəsləndirmək və gənc azərbaycanlılar arasında Dyula Bentsurun istedadlı davamçılarını tapmaqdır.
Müsabiqənin şərtlərinə əsasən, bütün rəsmlərdə Macarıstanın tarixi bir binası, endemik bir heyvan, coğrafi bir yer, məşhur bir şəxs və macar nağıllarından bir element təsvir olunmalıdır.
Sonda bütün qaliblər sertifikat və həvəsləndirici mükafatlarla təltif olunacaq, eyni zamanda, onların işi səfirliyin təşkil etdiyi sərgidə nümayiş olunacaq.
Müsabiqəyə qatılmaq üçün iştirakçılar öz əsərlərini [email protected] və ya [email protected] ünvanlarından birinə göndərməlidirlər. Qaliblər elan olunduqdan sonra, onlar rəsmlərini Macarıstanın Azərbaycandakı səfirliyinə təqdim etməlidirlər.
Qeyd edək ki, müsabiqə Macarıstanın ölkəmizdəki səfirliyi, Azərbaycanın Macarıstandakı səfirliyi, Təhsil Nazirliyi, “Nargiz Art Studio”, “Nərgis” jurnalı və “Libraff” kitab satış mağazaları şəbəkəsinin birgə əməkdaşlığı ilə keçirilir.
Oxuməni.az





























































































