Poeziya

Poeziya

12 Sentyabr 2020 16:24
Bəyəndim (1) Bəyənmədim (0)

Ürvət Əfqanoğlu

Atalar

Bizə heç yaraşmaz, yekə danışmaq,
El gözün tərəzi deyib atalar.
Alın təri ilə para qazanıb,
Halal süfrələrdə yeyib atalar.

Şair sadiq gərək çəmənə,gülə,
Sevgilə yanaşa ləhcəyə,dilə.
Bir övlad naxələf çıxanda elə,
Dizinə-dizinə döyüb atalar.

Sadəlik üstündə qurular qala,
Lovğalıq kişiyə yaraşmaz, bala.
İmkan verməyiblər namərd ucala,
Layiq olanları öyüb atalar.

Əfqanoğlu,çalış ömrü düz yaşa,
Məhəbbətlə bağlan torpağa, daşa.
Doğrunu,dürüstü qaldırıb başa,
Yalanı,yaltağı söyüb atalar.

Oldum

Qanmazı,yaltağı,iki üzlünü,
Qandıra-qandıra özüm zay oldum.
Ariflər içindən kənara düşdüm,
Sıralara döndüm, mən də say oldum.
Elə söz eşitdim, başımda şişdi,
Fikirdən, xəyaldan ürəyim bişdi.
Tərəzi quruldu, çəkim də düşdü,
Cahilə, nadana dönüb tay oldum.

Ürvət deyər, gəzdim sevgi bağını,
Çəkdilər sinəmə həsrət dağını.
Yaşamadım ömrün bahar çağını,
Soyuq qışa döndüm,isti yay oldum.

Gedir

Səviyyəsiz,ucuz adam görəndə,
Dünya gözlərimdə kiçilib gedir.
Bu fani dünyadan vaxtsız gedənlər,
Tanrının iznilə seçilib gedir.

Çoxları sevinər kişi endikcə,
Yanan ocaqların közü söndükcə.
Zaman dəyişdikcə,dünya döndükcə,
İnsanlıqda yerdən çəkilib gedir.

Vallah,bu dünyada nə desən olar,
Bir gün göz yaşları zəmilər sular.
Neçəcür istəklər, neçə arzular,
Axırda cəsədlə bükülüb gedir.

Çəkilib,qalmayıb bir damcı şirəm,
Özümü yandırır özümdə “birəm”.
Dərdimi içimdə boğa bilmirəm,
Qaçıb varaqlara tökülüb gedir.

Məzlumun göz yaşı bir çaya bənzər,
Xoş keçən bir günü, min aya bənzər.
Əfqanoğlu, ömrün daxmaya bənzər,
O da yavaş-yavaş sökülüb gedir.