Poeziya

Poeziya

13 Sentyabr 2020 11:38
Bəyəndim (2) Bəyənmədim (0)

Qulu Quliyev

Məzarlıq

Deyəsən həmin gün səndə var idin,

Torpağın altına gəlirdi səsin.

Qəribədir, ölüsünə ağladın,

Sağ ikən min yalan dediyin kəsin.

Bir quru şəkilim daşa həkk olub,

Nə kədərlə, nə sevinclə baxıram.

Nə ətir vururam görüşə gəlim,

İndi başdan-başa torpaq qoxuram.

Silinsə yarısı, günahlarımın,

Sənsən ən böyüyü, silinməz yenə.

Səninlə qovuşa bilmədiyimtək,

Cənnətin qapısı uzaqdır mənə.

Varlığını sənin üçün yaşadı,

İndi yoxluğuna yandığın adam.

Nigaran qalma heç, çatıb yerinə,

Sənin cəhənnəmlik sandığın adam.

Görürəm hər gecə bura gəlirsən,

Etdiyin dualar ruhuma çatır.

Gecələr məzarlıq qorxulu deyil,

Burda ən qorxusuz adamlar yatır.

Gedirsən sakit get

Gedirsən, sakit get, ayaq ucunda,

Mən bunu hiss edən, bilən deyiləm.

Çamadanı bir ömürlük yığıb get,

Mən səni bir ömür silən deyiləm.

Uzağı, bir şeir yazaram sənə,

İstəsən, oxuyub ata bilərsən.

Yığdığın çamadan az görünürsə,

İçinə onu da qata bilərsən.

Bilirəm, şeirin yoxdur önəmi,

Onsuz da yazmışam sənə neçəsin.

Getsən, çağır vahiməli küləyi,

Qoy gəlib dağıtsın tozlu küçəsin.

Bilirəm, sənin də gedənlər kimi,

Kimsəyə qalmayıb ehtiyacın da.

Təkliyimin kandarında yatıram,

Gedirsən, sakit get, ayaq ucunda.

Sən demə...

Tənəffüs zəngini eşidən kimi,

Mən sizin sinifin qonağı idim.

Sənlə on dəqiqə görüşmək üçün,

Sinifin, mən ən pis uşağı idim.

Böyüdükcə, sevgilər də böyüyür,

Bizimki sinifdə qaldı, keçmədi.

Ya sən o sevgini uşaqlıq saydın,

Ya da müəllimən məni seçmədi.

Sən demə, səninçün dərsdən qaçanda,

Sevgi də əlimdən qaçırmış mənim.

Bircə dəfə kitab üzü açmamaq,

Yoluma ayrılıq açırmış mənim.

Evdən dərs adıyla çıxmaq, görüşmək,

Çox “qayıb” yazıldı mənimçün sənə.

Böyüdük, çox böyük əvəzin çıxdın,

Ömürlük “qayıbın” yazıldı mənə.

İndi bir-birindən qaçır, amma ki,

Məktəbdən qaçanlar bir vaxt əl-ələ.

Biz nə yaşadıq ki, nə də unudaq,

On yeddi yaşında sevmişdik hələ.