Qarajda yaşayan və sevdiyinə qovuşmayan Xalq artisti

Qarajda yaşayan və sevdiyinə qovuşmayan Xalq artisti

25 Noyabr 2020 16:31
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən gün xalq artisti Əjdər Həmidov ötən gün 67 yaşında vəfat edib. Onun ölümü ilə səhnəmizin köhnə kişilərindən biri də aramızdan getdi və inanmaq çətindir ki, yaxın gələcəkdə bu itkinin yerini doldurmaq mümkün olsun. Köhnə kişilər getdikcə səhnəmiz yetim uşaqları xatırlatmağa başlayıb...

Əjdər Həmidov 28 sentyabr 1953-cü ildə Şabran rayonunun (keçmiş Dəvəçi rayonun) Aygünlü kəndində müəllim ailəsində anadan olub. 1979-cu ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib.

Aktyor müsahibələrinin birində uşaqlıqda rəssam olmaq istədiyini, lakin atasının arzusu ilə aktyorluq sənətinə yiyələndiyini bildirib.

Sumqayıt Musiqili Dram Teatrına təyinatı verilən zaman aktyor bir müddət imkanı olmadığı üçün qarajda yaşamaq məcburiyyətində qalıb.

Əjdər Həmidov 10 ilə yaxın müddətdə bir xanımı sevsə də, ona qovuşmadığını söyləyirdi. Bu səbəbdən də o, həmişə “Kişi sözü”ndəki Qasım obrazı ilə öz taleyini oxşar sayırdı.

Əjdər Həmidov xalq artisti Hicran Nəsirovanın bacısı ilə ailə qurub. Bu evlilikdən onun iki qız övladı dünyaya gəlib.

Aktyor “Vəzir” (“Lənkəran xanının vəziri”, M.F.Axundov), “milis” (“Bəxt üzüyü”, V.Səmədoğlu), “Məlik” (“Adamın adamı”, Anar), “sərsəri” (“Bütün Şərq bilsin”, N.Həsənzadə), “Dursunəli” (“Dursunəli və “ballıbadı”, S.M.Qənizadə) və s. kimi obrazları ilə tamaşaçı rəğbəti qazanıb. 1990-cı ildə Akademik Milli Dram Teatrının aktyor heyətinə qəbul edilən Həmidov Şeytan (“Özümüzü kəsən qılınc”, B.Vahabzadə), Daşdəmir (“Bu dünyanın adamları”, Hidayət), Vanya Koxa (“Hökmdar və qızı”, İ.Əfəndiyev), Məşədi Oruc (“Ölülər”) kimi müxtəlif janrlı obrazlar yaradıb.

Əjdər Həmidov “Azərbaycanfilm”in istehsal etdiyi bir sıra filmlərdə uğurlu obrazlar yaradıb. “Kişi sözü”ndə Qasım, “Lətifə”də Əhməd, “Hacı Qara”da Kərəməli və başqa rolları onu tamaşaçıların sevimlisinə çevirib. Əjdər Həmidov 2002-ci ildə əməkdar artist, 2018-ci ildə xalq artisti fəxri adına layiq görülüb. Azərbaycan Televiziyası ilə nümayiş etdirilən “Yoxlama” adlı çoxseriyalı televiziya filmindəki Müfəttiş obrazı sənətçiyə böyük uğur gətirib. Əjdər Həmidov “Yoxlama” filminin gərgin səhnələrinin birində stress keçirib və xəstələnib. Daha sonra isə rayonların birində iki il yaşayıb və hətta dediyinə görə, burada iki dəfə intihara cəhd edib.

Bir müddət əvvəl səhhəti yenidən pisləşən aktyor xəstəxanaya yerləşdirilib və 2020-ci il noyabr ayının 24-də Kliniki Tibbi Mərkəzdə insultdan vəfat edib. O səhnəmizin köhnə kişilərindən biri idi və çətin ki, bir də beləsini analar doğsun. Allah rəhmət eləsin.

Oxuməni.az