Poeziya buketi, nəğmə çələngi

Poeziya buketi, nəğmə çələngi

3 Dekabr 2020 11:30
Bəyəndim (1) Bəyənmədim (0)

Vüsal Ağayev

QURBAN OLUM SANA VƏTƏN!

Kim nə deyir-desin! Nə qəm,

Ruhum sənsən, Ana Vətən!

Bir an səndən ayrı düşsəm,

Ömrüm çatar sona, Vətən;

Qurban olum sana, Vətən!

***

Adın ulu, eşqin ulu,

Səndən keçir haqqın yolu.

Gözün, könlün sevgi dolu,

Məhəbbətə bina Vətən,

Qurban olum sana, Vətən!

***

Vətən oğlu düzlərində,

Qan üyüşdü gözlərində,

Tab qalmadı dizlərində,

Uf-demədi buna, Vətən;

Qurban olum sana, Vətən!

***

Səhran qızıl, çölün qızıl,

Çayın qızıl, gölün qızıl,

Qəlbin qızıl, dilin qızıl,

Alışdım oduna, Vətən;

Qurban olum sana, Vətən!

***

Bayrağın sanc, zəfərin çal,

Kəndlərin al, şəhərin al,

Qürurlanıb desin Vüsal,

Ruh verirsən cana, Vətən!

Qurban olum sana, Vətən!

YAŞA, AZƏRBAYCANIM!

Günəşin yanan yeri,

İgidlərin qan yeri.

Bu millətin şan yeri,

Yaşa Azərbaycanım!

***

Bu məğrur çağın ilə,

Bu dürr torpağın ilə,

Ucal bayrağın ilə,

qoşa, Azərbaycanım!

***

Tarixində igidlər,

Hərə bir-birindən nər.

Bax, gəlib ər oğlu ər

cuşa, Azərbaycanım!

***

Bu otuz illik yuxu,

Şükür ki, bitir axı.

Dəyir düşmənin oxu

daşa, Azərbaycanım!

***

Analar rahat yatır,

Düşmənin dili batır.

Qələbəylə il çatır

başa, Azərbaycanım.

Yaşa Azərbaycanım!

QAFANIM MƏNİM

Ey ana Vətənim, ata yurdum,

Sənli düşüncədə xəyallar qurdum,

Səni qaytaranda yenilməz ordum,

Bil ki, rahatlanar bu canım mənim

Ey gözəl füsünkar Qafanım mənim

***

Boylanır yollara, dağlar, qayalar,

Hardadır o güllü çiçəkli çağlar,

Əsirdir o barlı bağçalar, bağlar,

Gözümü kor edib hicranım mənim

Ey gözəl füsünkar Qafanım mənim.

***

Vardı sözü keçən nər babaların,

Qılıncdı zinəti ər babaların,

Yanından ötməzdi şər babaların,

Ruhumu yaşadan tək canım mənim

Ey gözəl füsünkar Qafanım mənim.

***

Suyu zəm-zəm kimi, havası gözəl,

Alması, heyvası, gilası gözəl,

Qoynunda anamın laylası gözəl,

Sənsiz alov alıb dörd yanım mənim

Ey gözəl füsünkar Qafanım mənim.

***

Yaxında yuxuda səni görmüşəm,

Sevincdən özümü lap itirmişəm,

Sənsiz yaşamıram sanki ölmüşəm,

Sənsiz yürüməyir tək anım mənim

Ey gözəl füsünkar Qafanım mənim.

***

Kaş bir gün olaydı dönəydik geri,

Səninlə böləydik xeyiri, şəri,

Vüsal da, gəzəydi dağı düzləri,

Kaş ki, düz olaydı gümanım mənim

Ey gözəl füsünkar Qafanım mənim.

Ülkər Nicat

GENERAL GƏLİR

(Şəhid general Polad Həşimovun nurlu xatirəsinə)

Üçrəngli bayrağı alnından asıb,

Əcəlin üstünə adını yazıb.

Vətən bayrağını bağrına basıb,

Üzündə təbəssüm, dili lal gəlir,

Torpaq, qalx ayağa, general gəlir!

****

Mübarək şəhiddir, ucadır soyu,

Həzi Aslanova çəkir bir suyu.

Xainlər yolunda qazdılar quyu,

Döyüş yollarına nəzər sal, gəlir,

Torpaq, qalx ayağa, general gəlir!

***

Uçurdub fələyin qalalarını,

Gözü yolda qalıb balalarının.

Anıb anasının laylalarını,

Anatək boynuna qolun sal, gəlir,

Torpaq, qalx ayağa, general gəlir!

***

Keçib Qəbələdən qələbəyətək,

Qeyrət ocağıdır köksündə ürək.

Doğma Vəndamına əl eyləyərək,

Polad əqidəli nurcamal gəlir,

Torpaq, qalx ayağa, general gəlir!

QƏLƏBƏ ƏTRİ

Baxma çöllərinə payız qonubdu,

Daha yaz qoxuyur bəxtin, Qarabağ.

Sil göz yaşlarını xarıbülbülün,

Bitib ayrılığın vaxtı, Qarabağ.

***

Vüsal zirvə-zirvə gülümsəyir, bax,

Əriyir sən adlı həsrətin qarı.

Açıb yaxasını öz balan kimi,

Yürüyür üstünə zəfər yolları.

***

Zəfər qoxusuna bələnib, Allah,

Şəhid qəbri üstə yağan göz yaşı.

Sevincdən bir addım atır elə bil,

Bu məzar üstündə duran baş daşı.

***

Verin Natəvana göz aydınlığı,

Dinləyin Bülübülün şirin səsini.

Xan əmi yenə də qaval götürüb,

Oxusun Qarabağ şikəstəsini.

***

Mərmi yağışına düşən payızda,

Sərin ümidlərin bahar qoxulu.

Qələbə ətrini səpir yollara,

Ali Baş Komandan, Heydərin oğlu!

BAYRAQ

Mənası uludur, hikməti dərin,

Qanından rəng alıb neçə min ətrin.

Şuşa qalasını alan əsgərin,

Təbəssümlə dolu üzüdür bayraq.

***

Ürəklər boyuna açıb qucağın,

Şərəf tarixidir ötən hər çağın.

Millətin qəlbində yanan ocağın,

Heç vədə sönməyən közüdür, bayraq.

***

Bir üzü Turandır, bir üzü Quran,

Qalalar endirən, sərhədlər quran.

Oğul qəbri üstə səssizcə duran,

Şəhid anasının gözüdür, bayraq.

***

Şanlı zəfərinlə vətənim, tanın,

Şəhid ətirlidir damarda qanın.

Qələbə soraqlı Baş Komandanın,

Yurdda dalğalanan sözüdür, bayraq.

***

Dağlarda qalmayıb nə duman, nə çən,

Şöhrətin boy verir zirvələrəcən.

Bu torpaq uğrunda canından keçən,

Şəhid oğulların özüdür, bayraq!