Poeziya buketi, nəğmə çələngi

Poeziya buketi, nəğmə çələngi

22 Dekabr 2020 10:13
Bəyəndim (2) Bəyənmədim (0)

Təvəkkül Goruslu

AZƏRBAYCAN, ZƏFƏR GÜNÜN MÜBARƏK

Qırx dörd günə işğalçıdan öc aldın,

Azərbaycan, Zəfər Günün mübarək!

Zirvələrə bayraq-bayraq ucaldın,

Azərbaycan, Zəfər Günün mübarək!

***

Məğlub sanan səni dünya bildi ki,

Azərbaycan ölkə deyil dünənki.

Boynundakı indi zəfər çələngi,

Azərbaycan, Zəfər Günün mübarək!

****

İgidlərin qaranlığa qarışdı,

Kölgə kimi əlbəyaxa vuruşdu.

Bu ölümlə, bu olumla yarışdı,

Azərbaycan, Zəfər Günün mübarək!

***

Şəhid qanı qızılgüllər bitirdi,

Rayihəsi istiqlallı ətirdi.

Əsdi külək, könüllərə gətirdi,

Azərbaycan, Zəfər Günün mübarək!

***

Mənfur düşmən məğlub oldu, xar oldu,

Acizliyi dörd bir yana car oldu.

Elim, obam yurd-yuvamda var oldu,

Azərbaycan, Zəfər Günün mübarək!

***

Oğulların tökdü düşmən qanını,

Qaytardılar yenə əski şanını.

Qarabağa təyin eylə xanını,

Azərbaycan, Zəfər Günün mübarək!

***

Sınırlardan qarı düşmən çəkilsin,

Şuşamızda Zəfər Tağı tikilsin.

Ətrafında xarı bülbül əkilsin,

Azərbaycan, Zəfər Günün mübarək!

MÜZƏFFƏR ÖLKƏM

Ax, necə sevməyim mən səni payız,

Sənin bərəkətin boyunu aşdı.

Duyduqca təbrikli busəni, payız,

Sevincim, şadlığım selləndi, daşdı.

***

Gəldin, gəlişinlə Cəbrayıl gəldi,

Qovuşdu yurduna cəbrayıllılar.

Bu gəliş ilk idi, bu bir əzəldi,

İndi xoşbəxt idi yurd xəyallılar.

***

Növbədə Füzuli, Zəngilan vardı,

Üfüqdən Qubadlı əl eyləyirdi.

Tanrı əsgərimə, orduma yardı,

Qəsəbə, kəndlərə yol eyləyirdi.

***

Yol edib sıldırım, yalçın qayalar,

Şuşanı fəth etdi, ər igidlərim.

Yağıdan qalmışdı ətdən tayalar,

Şəhadət tapsa da nər igidlərim!

***

Müzəffər Ordumun şücaətindən,

Yarpaqtək əsirdi düşmən əsgəri.

Qorxaqdır, kölədir bəsirətindən ,

Əlində ağ bayraq açdı səhəri!

***

Döyüşsüz qayıtdı Kəlbəcər, Ağdam,

Düşmən peşmandır, xəcildir indi.

Vüsala yetirdi Laçını Xudam,

Qürurum oyandı, onurum dindi!

***

Şəhid oğulların şəhadətiylə,

Vüqarı qaytardıq içimizdə qəm.

Yenilməz əsgərin rəşadətiylə,

Bütövlük qazandı müzıffər ölkəm!

ERMƏNİZM

Dağılan şəhərlər, kəndlər deyir ki,

Ermənizm fəlakət, ermənizm bəla!

Bu bəla şüuru şərə əyir ki,

Özü yer üzündə tək toplum qala!

***

Radikal ermənizm faşizmdən betər,

Nifrətdən yoğrulmuş, kindən doğulmuş!

İnsanlıq yol versə hər yerdə bitər,

Ordumun əliylə öndən boğulmuş.

***

Ermənizm yalanla özünə tərif,

Düzəltmiş bu toplum, tarix yaratmış.

“Böyük Ermənistan” xülyalı hərif,

Guya ki, Tanrıdan yerə baratmış.

***

Xəstə təxəyyüllə yüz illərdir ki,

Ermənizm topluma hakimlik edir.

Özünü yox edən pis əllərdir ki,

Ermənizm erməni məhvinə gedir!

ƏfşanYusifqızı

ŞƏHİDLİK ZİRVƏSİ

Bir dağ gördüm, zirvəsində şəhidlik,

Bir bağ gördüm, çiçəyi qan qoxuyur.

Dağ ananın sinəsinə çəkilib,

Dağ çəkənə həzin laylay oxuyur.

***

Bir bağ gördüm çiçəyi qan qoxuyur,

Bu rahiyə cənnətin pak ətridir.

Al boyanmış qönçələri,gülləri,

Şəhidimin əbədiyyət çətridir.

***

Bu rahiyə cənnətin pak ətridir,

O ətirdən şəhid bala məst olub.

Başı üstə dövrə vurur hurilər,

Ətrafında neçə mələk dəst olub.

***

Şəhid bala o ətirdən məst olub,

Ananınsa şəhid olub arzusu.

Barışmayır bu yatışa bir ana,

Burnundadı hələ körpə qoxusu.

***

Bir ananın şəhid oldu arzusu,

Çərxi çöndü, ümidləri kəsildi.

Nişan üçün böyütdüyü quzusu,

Balasının ehsanına kəsildi...

ÜÇRƏNGLİ PAYIZ

Ruhun seyrə çıxıb cənnət bağını,

O seyri-səfana qurban,şəhidim.

Çəkdin sinələrə dünya dağını,

O qərib dünyana qurban, şəhidim.

***

Neçə oğulların qanını aldın,

Düşmənin canına vəlvələ saldın.

Şərəfinlə saf məqama ucaldın,

O könül aynana qurban, şəhidim.

***

Yazıldı tarixə “üç rəngli payız”,

Can verdi yolunda, can dediyin qız.

Sənə layla deyir, zəfər himnimiz,

Əbədi röyana qurban, şəhidim.

ŞƏHİDLƏR

Dondu neçə dodaqlarda təbəssüm,

Qurumayan yaşa döndü şəhidlər.

İz qoydular gözümüzün üstündə,

Kiprik olub, qaşa döndü şəhidlər.

***

Qisas eşqi ürəyində, qanında,

Doğuluşdan qeyrət oldu canında.

Arzusu nə, bilmədik son anında,

Dilimizdə kaşa döndü şəhidlər.

***

Şimşək olub düşmən üstə çaxdılar,

Göz qırpmadan ölümə dik baxdılar.

İksir kimi ürəklərə axdılar,

Qanadlanıb quşa döndü şəhidlər.

***

Sözlərimin bəmi, zili oldular,

Misraların kövrək dili oldular.

Həsrətimin ayı, ili oldular,

Vətən üçün “daşa” döndü şəhidlər,

Əsl vətəndaşa döndü şəhidlər!

Hazırladı İsa Rəvan