Poeziya buketi, nəğmə çələngi

Poeziya buketi, nəğmə çələngi

14 Yanvar 2021 10:54
Bəyəndim (1) Bəyənmədim (0)

Asim Sabiroğlu

VƏTƏN

Nə olar məni də götür sinənə,

Dola qollarını boynuma, Vətən.

Bir az duzum olsun bu qələbədə,

Mən də ləpir salım qoynuna, Vətən.

***

Neçə oğul qıyıb can həvəsinə,

Qibtəylə baxıram təntənəsinə.

Gəlim atəşlərin şaqraq səsinə,

Gəlim çalçağırlı toyuna, Vətən.

***

Çağır, ömrümüzü dada döndərək,

İçdən torpaq eşqin oda döndərək.

Bütün ağrıları yada göndərək,

Çağır, son qoyulsun oyuna, Vətən.

***

Sən bizə bir cansan, can Azərbaycan,

Kükrəyən vulkansan, can Azərbaycan.

Sən məğrur dayansan can Azərbaycan,

Qartallar qıy verər qıyına, Vətən.

ŞƏHİDİN GƏLİR

Ey şəhid anası, qürrələn, bərk dur,

Eşqi Vətən boyda igidin gəlir.

Sənin torpağına qurban, ay elim,

Götür, bas bağrına, şəhidin gəlir.

***

Gərəksə, yoluna məşəl çəkərik,

Gəlib torpağına sığal çəkərik.

Daha balalara misal çəkərik,

Kəndim, nəsihətin, öyüdün gəlir.

Götür, bas bağrına, şəhidin gəlir.

***

Çiynində yurd adlı şələ gətirir,

Heyf, nə yazıq ki, belə gətirir.

Gül dərməyə getdi, güllə gətirir,

Bəlkə arzuları olub çin, gəlir.

Götür, bas bağrına, şəhidin gəlir.

***

Yol verin, yol açın, ötürün, gəldi,

Başınız üstünə götürün, gəldi.

İçində qələbə gətirib gəldi,

Dilində şəhadət, iman, din, gəlir.

Götür, bas bağrına, şəhidin gəlir,

Qarşıla Qurdtəpə, şəhidin gəlir...

CƏNAB LEYTENANT

(Şamaxı rayonu Qurdtəpə kəndinin Şəhidi

- leytenant Nəbiyev Orxan Rza oğlunun xatirəsinə)

Bu payız yollara boylanıb qalan,

Neçə göz yaşarıb görən, İlahi.

Bu payız tifillər əkdik torpağa,

İtirdik neçə ər, ərən, İlahi.

***

Üzü qara olsun qara torpağın,

Udur bircə-bircə şirürəkləri.

Şəhid məzarına bağlıdır daha,

Bizim balaların gələcəkləri.

***

Qara libasları tökün, yandırın,

Üçrəngli bayrağa bürünün, geyin.

Şəhid məzarında ən uca səslə,

“Sayəndə qələbə bizimdir” deyin.

***

Cənnət müjdəsilə köçdün torpağa,

Sonuncu mənzildə daha rahat yat.

Bir məmləkət, bir kənd, bir el adından,

Sənə minnətdarıq cənab leytenant!

ARZU GÖYTÜRK

NAMƏLUM MƏZAR

Adın yoxdur oxşayım,

Şeirlər yazım, şəhid.

Gəl sənin məzarını,

Qəlbimdə qazım, şəhid.

***

Gəl sənə ana olum,

Məzarını qoxlayım.

Özümə oğul bilib,

Mən də sənə ağlayım.

***

Övladı tapılmayan,

Analar ünvanısan.

Görən kimin balası,

Görən kimin canısan?

***

Sənin adsız qəbrinin,

Daşına qurban, oğul.

Tanınmaz haldakı göz,

Qaşına qurban, oğul.

***

Qəbrinə iz düşməyən,

Yolun ağrıdır məni.

Torpaq altda kəsik əl,

Qolun ağrıdır məni.

***

Sən Vətənsən, vətənin,

Özüsən qurban olum.

Kimin oğul gözləyən,

Gözüsən, qurban olum.

***

Adın yoxdur oxşayım,

Şeirlər yazım, şəhid.

Gəl sənin məzarını,

Qəlbimdə qazım, şəhid.

EY ŞƏHİD ANASI

Bütün şəhidlərin üzü nurludur,

Əcəl elə bil ki seçib aparır.

Torpaq onu sevən çiçəklərini ,

Torpağın altına biçib aparır...

Bütün şəhidlərin anası eyni,

Aslan böyüdüblər, nər böyüdüblər.

Onlar oğul doğub, kişi doğublar,

Onlar vətən üçün ər böyüdüblər !

Vətəni sevənlər şəhid olanda,

Təkcə analar yox vətən ağlayır.

Ey şəhid anası, sənin zirvənə,

Qalxmaq hər anaya nəsib olmayır!..

ŞƏHİD

Gözləri qəmli şəhid,

Baxışı dərin şəhid.

Oddan, alovdan gələn,

Torpağı sərin şəhid.

***

Torpağa sevgi əkib,

Qanla sulayan şəhid.

Vətən adlı ağaca,

Cismin calayan şəhid.

***

Yarın gəlib qəbrinə,

Oyan, nəmli gözün sil.

Sən ölməmisən, şəhid,

Bax, ölən necə ölür.

***

Ümidləri yıxılan,

Sevgili sonan ölüb.

Bircə gündə qocalan,

Ağ saçlı anan ölüb.

***

Sən həsrət bölüşürdün,

Torpaqla, itkin balam.

Aylar sonra tapılan,

Cəsədi qəmgin balam.

***

Sənin nakam arzuna,

Cavan yaşına qurban.

Gül-çiçəkli evinə,

Məzar daşına qurban.

Hazırladı: Isa Ravan