Azərbaycan ilə Yaponiya arasında turizm sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub

Azərbaycan ilə Yaponiya arasında turizm sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub

25 Yanvar 2021 14:56
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan ilə Yaponiya arasında turizm sahəsində əməkdaşlığın gücləndirilməsi üçün birgə səylər göstəriləcək.

Oxuməni.az xəbər verir ki, bu barədə razılıq Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadənin Yaponiya Turizm Agentlikləri Assosiasiyasının (JATA) prezidenti Tadaşı Şimura ilə görüşündə əldə olunub.

Görüş zamanı G.İsmayılzadə Azərbaycan və Yaponiya arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, o cümlədən turizm sahəsində inkişafı barədə məlumat verib, iki ölkə arasında turizm sahəsində əməkdaşlıq üçün böyük potensialın olduğunu vurğulayıb. Bildirib ki, 2019-cu ildə Azərbaycana 2,5 milyon, o cümlədən Yaponiyadan 6 mindən çox turist səfər edib.

Dünyada COVID-19 pandemiyasının hər iki ölkənin turizm sektorunun inkişafına böyük zərbə vurduğu qeyd edilib. Pandemiya ilə bağlı vəziyyətin tezliklə tam nəzarət altına alınacağına ümid edildiyi bildirilib və iki ölkə arasında turizm sahəsində əməkdaşlığın gücləndirilməsi üçün birgə səylərin göstərilməsi istiqamətində razılıq əldə olunub.

2020-ci ilin sentyabr-noyabr aylarında baş vermiş Vətən müharibəsi nəticəsində Azərbaycanın 30 il ərzində işğal olunmuş ərazilərinin azad edildiyini xatırladan G.İsmayılzadə Prezident İlham Əliyevin rəhbərliyi altında şanlı qələbə əldə etdiyimizi vurğulayıb. Səfir azad olunmuş ərazilərdə turizm infrastrukturunun yaradılacağını və bu istiqamətdə yapon turistlər üçün maraqlı turların təşkil olunacağını diqqətə çatdırıb.

Vətən müharibəsinin qələbə ilə başa çatması münasibətilə təbriklərini çatdıran T.Şimura, Azərbaycanın işğal olunmuş ərazilərinin Yaponiya tərəfindən hər zaman ölkənin ayrılmaz hissəsi kimi tanındığını bildirib. 2016-cı ildə Azərbaycana səfərini xatırladan T.Şimura ölkəmizin böyük turizm potensialına malik olduğunu qeyd edib.

Görüşdə Azərbaycan Turizm Bürosu və Yaponiya Turizm Agentliyi arasında turizm sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanmasının nəzərdə tutulduğu qeyd edilib, bu sənədin iki ölkə arasında turizm sahəsində əməkdaşlığın genişlədirilməsinə töhfələr verəcəyi vurğulanıb.

JATA prezidenti bildirib ki, assosiasiya tərəfindən hər ilin payızında keçirilən “Tourism Expo Japan” beynəlxalq turizm sərgisi 2021-ci il noyabrın 25-28-də Osaka şəhərində təşkil olunacaq və Azərbaycanın sərgidə iştirakı üçün dəvət göndəriləcək. Bu sərginin ənənəvi olaraq Tokioda keçirildiyini xatırladan T.Şimura, bu il sərginin yerinin dəyişdirilməsinin 2025-ci ildə EXPO-2025-in Osakada təşkilinə hazırlıq məqsədi daşıdığını qeyd edib.