Poeziya buketi, nəğmə çələngi

Poeziya buketi, nəğmə çələngi

26 Yanvar 2021 10:22
Bəyəndim (0) Bəyənmədim (0)

Hidayət Sönməz

SƏNİN SEVGİN

Ayağın qayıdar yanıma bəlkə,

Hisslər ölüb daha, qayıdan deyil.

Mənə hiss etdiyin nəinki sevgi,

Adi marağı da oyadan deyil.

***

Sən mənim yanımda qalmazdın belə,

Sənsiz öləcəyəm, bilib qalmısan.

“Sən məni sevirsən” kitab diliylə,

Əslində yazığın gəlib, qalmısan.

***

Kəlmələr bəzəkli, altun libaslı,

Nə xeyri, min kərə qarşımda əyil.

Kəndirlər çürükdür, zəncirlər paslı,

Gəmin limanıma bənd olan deyil.

***

Ömrümüz yanaşı, adımız qoşa,

Bərabər yaşardıq, yalanmış o da.

Saxta andlarınla pir yarat, yaşa,

Mənə bir müqəddəs söz de: “əlvida”!

GÜLƏ-GÜLƏ

Rəva görmə vaxtsız sola,

Ya da qada gələ gülə.

Tikanı özünə bəla,

Neyləyəsən belə gülə?

***

Şeh içindən baxmayıb ha,

Kəpənəkdən qorxmayıb ha.

Qönçəlikdən çıxmayıb ha,

Aman, dəymə hələ gülə.

***

Aşiqi çoxdur çəməndə,

Arılar da, sən də, mən də.

Dağ uzaqda, dərə gendə,

Neyləyər zəlzələ gülə?

***

Çətin qışda Günəş çıxa,

Güman müşkül, ümid baha.

Deyən, sudan doyub daha,

Şərab ver bir gilə gülə.

***

Sığal ver solmuş ləçəyə,

Dəyişərik yad çiçəyə.

Gəl, gül deyək hər göyçəyə,

Gül aldadaq gülə-gülə.

ƏLİNİ TUTMAĞA ƏLLƏRİM ACDIR

Arzuma sığmadın, gözümdən gəldin,

Mənim xəyal dünyam sənə dar oldu.

Vüsalı topladın, yola düzəldin,

Hicranın ömürlük mənə yar oldu.

***

Fələk günlərimi taladı, soydu,

Getdin, yetim qaldı diləklər onda.

Mələyim dediyim məni tək qoydu,

Üzümə tüpürdü mələklər onda.

***

Sənin heç özündən xəbərin yoxdur,

Xatirən evimdə qulac-qulacdır.

Soyuq şəkillərdən gözlərim toxdur,

Əlini tutmağa əllərim acdır.

***

Duyğutək qəlbimə hər gün damırsan,

Həsrətin yuxumda, gerçəyimdədir.

Sonuncu görüşü xatırlamırsan?

Saçların hələ də köynəyimdədir...

Firəngiz Sabirqızı

BARMAĞIMDA QƏM GƏZİR

Dekabrın günəşsiz səhərləri,

Boz sərçələr boynu bükük dən gəzir.

Yenə bulud baxışlarım yol çəkir,

Naxış-naxış kirpiyimdə çən gəzir.

***

İsitmədi ovucumu özgə əllər,

Ha gizlədim səndən sonra üzümü.

Qoşalaşıb neçə-neçə halqalar,

Sevə-sevə barmağımda qəm gəzir.

***

Nə boy atdı, nə genəldi ayrılıq,

Bir iynənin ucu boyda yekədir.

Nə ataram, nə çataram yanına,

Ayrılığın dadı qaçan kökədir.

ÜZÜMÜN SƏNSİZ TƏRƏFİ

Ovuc-ovuc torpaq olub,

Qurumuş, boz yarpaq olub.

Xaraba, viran bağ olub,

Üzümün sensiz tərəfi.

***

Gözsüz qalan göz yaşımdır,

Həm düşmən, həm sirdaşımdır.

Öləndə də baş daşımdır,

Üzümün sənsiz tərəfi.

***

Hər gün məndən qopub düşür,

Təzə ağrı tapıb düşür.

Lap it kimi qapıb düşür,

Üzümün sənsiz tərəfi.

***

Həm yox kimi, həm var kimi,

Ləpir salan ağ qar kimi.

Yetim qalan uşaq kimi,

Üzümün sənsiz tərəfi.

SƏNİN SIĞAL SAÇLARIN

Yol var, gedər sənə çıxar,

Yol var, gələr qəmə çıxar.

Quş ağzında dənə çıxar,

Sənin sığal saçların.

***

Evlər adam yuvasıdır,

Ürək kədər obasıdır.

Bizi yola salasıdır,

Dilindəki kaşların.

***

Yuyular dodaq öpüşün,

Yanağında günah qalmaz.

Səni ağ günə aparar,

Axan gözün yaşların.

***

Bir az əlini tutaram,

Bir az tövbəli-tövbəli.

Bir az mənə qənim olar,

Pirindəki daşların.