Poeziya buketi, nəğmə çələngi

Poeziya buketi, nəğmə çələngi

4 Fevral 2021 10:16
Bəyəndim (1) Bəyənmədim (0)

Vüsal Oğuz

AYRI YOLLAR

Gör neçə illəri bada vermişik,

Sanma ki, bu tale mənə də xoşdu.

Boyun-boğazını ərin doldurub,

Amma hiss edirəm ürəyin boşdur.

***

Sənə yad ocaqda keçir həyatın,

Üst-başın zər-ziba, gözlərin gülmür.

Məni qarğıyırsan o gündən bəri,

Amma unutmağa ürəyin gəlmir.

***

Daha nə yazsam da faydası yoxdur,

Ürəkdə ağlayıb, üzdə gülənik.

Biz çətin qovuşa bilərik, gülüm,

Biz qoşa yolları ayrı gələnik...

BİLMƏZ

Sevəndə çoxları Məcnunam, deyir,

Hər sevgi ocağı pir ola bilməz.

Tərlan oylağında sarın nə yeri,

Araz ha kükrəyə, Kür ola bilməz.

***

Dünya yaxşı, yaman seçən ələkdir,

Yaltağın tərifi hiylə, kələkdir.

Dava meydanında hünər gərəkdir,

Hər oğul sandığın “ər” ola bilməz.

***

Vüsal, zirvələrdən qoy gəlsin səsin,

Sevincin çağlasın, qəmin dinməsin.

Elin hörmətini qazanan kəsin,

Koması başına dar ola bilməz.

ARASI

Özümüzü təkrardayıq,

O yazla, bu yaz arası.

Biz bir ömür yaşayırıq,

Əyri ilə düz arası.

***

Yeddi rəngi bir arada,

Axtar, taparsan qarada.

Sözün düzü gör harada,

Zarafatda, söz arası.

***

Bir işim düz, mini kəsir,

Bu ömür hara tələsir?

Məhəbbətim düşüb əsir,

Qismət ilə naz arası.

***

Nədir yaxşı, nədir yaman,

Göstərəcək bizə zaman.

Sabahıma yoxdur güman,

Ölüm qaşla göz arası.

Məlahət Kərimqızı

NAHAQ GÖZLƏDİM

Həyatın mənimçün necə də dardı,

Sənin həyatında çoxları vardı.

Sən demə, bu eşqin yox imiş ardı,

Gələndən, gedəndən soraq gözlədim,

Puç etdin ömrümü, nahaq gözlədim!

***

Gör mənim ürəyim nə günə qaldı,

Sevməyən anlamaz bu hal nə haldı.

Günəşli gündüzüm hüznə daldı,

Yatmadım gecələr, oyaq gözlədim,

Yox oldu ümidlər, nahaq gözlədim!

***

Ömür illərindən ötən zamandın,

Bəs neyçün gedərkən könlümü aldın?

Sənin əllərində taleyim qaldı,

Qisməti ömrümə qonaq gözlədim,

Gedənlər dönməzmiş, nahaq gözlədim!

QƏLƏBƏMİZ MÜBARƏK!

Yeni tarix yazır Azərbaycanım,

Yeni nəsillərə bir örnək gəlir.

Çatdı zəfər günü, o gün bu gündür,

Xalqımın üzünə bir fərəh gəlir!

***

Xonçalar bağlasın analarımız,

Qalibdir əsgərim, oğlu sağ gəlir.

Yandırın şamları, zəfər günüdür,

Qalansın tonqallar, Qarabağ gəlir!

***

İgidlər, ərənlər, mərdlər diyarı,

Bizlərik dünyanın ən bəxtiyarı.

Bülbülün həvəsi, Vaqifin yarı,

Xanın yadigarı şikəstəm gəlir.

***

Asın bayraqları, sonamız gəlir,

Başına döndüyüm Qalamız gəlir.

O yaşıl örpəkli, qara sürməli,

Natəvan qeyrətli Şuşamız gəlir!

***

Dünyada yox Rəşadətli Ordumdan,

Xarı bülbül ətri gəlir yurdumdan.

Bu zəfərin, bu sevincin ardından,

İnsana bir hüzur, iftixar gəlir!

QƏLƏBƏ- QİSASIMIZ

Sizə asan gəlməsin qələbələr, zəfərlər,

“Vətən, başın sağ olsun”, deyə nə canlar verdik!

Xəbərlər gözləyərək gözüaçıq səhərə,

Hər qapıdan, hər evdən bir igidi itirdik.

***

Müstəqillik qazandıq canımız bahasına,

Bu torpağı qoruduq qanımız bahasına!

Əyilmədik düşmənə, dünya lərzəyə gəldi,

Qovuşduq Qarabağa, balamız bahasına!

***

Bala baldan şirindir, torpaq ondan da əziz,

Baladan pay vermişik, şəhidliyik cümləmiz!

Gələcək nəslimizə yeni tarix yazırıq,

İgidlər bahasına, biz torpaq qazanırıq!

***

O oğullar, ərənlər oğlumuz, qardaşımız,

Şəhidin qanın yuyan qürurlu göz yaşımız!

Gözü yaşlı ananın dərdinə çarə - Zəfər!

Möhtəşəm Qələbədir düşməndən qisasımız!

Hazırladı: İsa Rəvan