Poeziya buketi, nəğmə çələngi

Poeziya buketi, nəğmə çələngi

9 Fevral 2021 10:59
Bəyəndim (1) Bəyənmədim (0)

Orxan Behbid

O QIZIN DODAĞI QALMADI, ALLAH

Bu gün avtobusda bir gözəl gördüm,

Vallah, həyəcandan əsirdi o qız.

Vərəqə baxırdı, göyə baxırdı,

Sanki yaddaşını gəzirdi o qız.

***

O qız imtahandan necə keçəcək?

O, bütün beynini yeyib, bitirib.

Yüz dəfə barmağın saydı yanımda,

O qız barmağının sayın itirib?

***

Əlacsız, əlacsız baxdım o qıza,

Ona bir köməyim olmadı, Allah.

Nolar, sal yadına oxuduqların,

O qızın dodağı qalmadı, Allah.

***

Gözləri yorğundu, arzularımtək,

O qız çox incidib gözlərin gecə.

Mənim arzularım qoy qalsın, Allah,

O qız imtahandan keçsin, sadəcə...

SEVƏNLƏR GÜNÜ

Sən də qocalırsan, mən də, ay qadın,

Ən gözəl duyğular bil ki, qocalmır.

Nə qədər üzümüz qocalsa, yenə,

İnsanın içində sevgi qocalmır.

***

Sənin hər halını sevəcəm, qadın,

Elə bil, sevilmək özəlliyindi.

Vücudun qocaldı, üzün qırışdı,

İndisə qırışın gözəlliyindi.

***

Razılaş, saçını oxşayan zaman,

Əlimi zirvəyə ucaltdım, qadın.

Mən sənin saçına sığal çəkərək,

Güclə saçlarını ağartdım, qadın.

***

Ürəkdə sevgi var, əsası budu,

Lazımsa kəlmələr gizlənsin hələ.

Üzümə sevgiylə baxdığın hər gün,

Mənimçün sevənlər günüdür elə!

ÇƏRPƏLƏNG UÇURMAQ DÜŞÜB KÖNLÜMƏ

Bu yağış ha yağır, doldurmur məni,

İnsan yüngülləşir yağış yağanda.

Sağkən günahımı yuyur, bəlkə də,

Mələyin üstümə bulud sağanda.

***

Bu yağış, bu göylər, bu bulud eyni,

Üzülləm buludun durğun halına.

Çərpələng uçurmaq düşüb könlümə,

İlahi, ip bağla buludlarına.

***

Hər yağış bir bulud sonu deməkdi,

Bir bulud yaranır doğuşdan sonra.

Göyü yuyundurub ərə verirsən,

Belin bağlayaraq yağışdan sonra.

***

Görəsən, İlahi, səni görərəm,

Görərəm, ortadan yarsan göy üzün?

Bir qızın əyninə gözəl don olar,

Göylərdən üstünə salsan göy üzün.

***

Eh, yenə özümü yaxın hiss etdim...

Yaxşı ki, sən məni yerdə saxladın.

Yaxşı, göy üzünə bulud çəkərək,

Mənimlə aranda pərdə saxladın...

Könül Vüqarlı

QƏLBİMİ İNCİDİB, BATDIN GÜNAHA

Gözüm görə-görə itirdim səni,

Bu dünya gözümdə sanki xəyaldı.

Axtardım, röyama gətirdim səni,

Görüşmək ümidim röyada qaldı.

***

Dedim eşq nağılın gəl, birgə yazaq,

Gəlmədin, yazılan beş-üç kəlmədi.

Ömür yollarında qar, boran, sazaq,

Taleyim üzümə bir an gülmədi.

***

Könülə saraydı sən olan kaha,

Günəşli yollarım qar oldu mənim.

Qəlbimi incidib, batdın günaha,

Bu dünya başıma dar oldu mənim.

ANADIR

Gecələr sübhədək yuxusuz qalan,

Bizi əzizləyib öpən anadır.

Ömrünü, gününü bizə həsr edən,

İlbəil qocalıb, çökən anadır.

***

Ana həm əzizdir, həm də müqəddəs,

Qoy bütün dünyaya yayılsın bu səs.

Bala böyüdükcə eyləyər həvəs,

Ömrün ilmə-ilmə sökən anadır.

***

A dostlar, səsimə səs verin mənim,

Anadır həyatda əziz həmdəmim.

Anasız başımdan aşardı qəmim,

Övladın hər nazın çəkən anadır.

***

Ana alqışıdır ən böyük nemət,

Onun qarşısında baş əyək, əlbət.

Böyüdüb bizləri, özü nəhayət,

Saçına ağ dənlər əkən anadır.

***

Bizdən ayrı düşsə, sevinməz, gülməz,

Çalışar, əlləşər, bir dinclik bilməz.

Yorğunluq ananın eyninə gəlməz,

Balasına yuva tikən anadır.

MƏNİMÇÜN DARIXACAQSAN

Yağacaq yoluna hicran yağışı,

Düşəcək ürəyə həsrət naxışı.

Yoracaq qəlbini özgə baxışı,

Qara gözlərimçün darıxacaqsan.

***

Çox xatirə qaldı gülüm, bizlərdən,

Tanınır sevgimiz qalan izlərdən.

Bezib saxtalıqdan, yalan sözlərdən,

Şirin sözlərimçün darıxacaqsan.

***

Mənsiz həyatınla barışanda sən,

Qoşa şəklimizlə danışanda sən.

Baxıb taleyinə alışanda sən,

Yenə də mənimçün darıxacaqsan.