Poeziya buketi, nəğmə çələngi

Poeziya buketi, nəğmə çələngi

18 Fevral 2021 10:56
Bəyəndim (0) Bəyənmədim (0)

Ramiz Quluzadə

DÜZƏLTMİŞƏM

Dalımca atdığın qara daşlardan,

Sənə gəlmək üçün yol düzəltmişəm.

Göz yaşım sel olub, dönüb dəryaya,

Üzüb gəlim deyə, sal düzəltmişəm.

***

Ürəyim bilirsən, dörd otaqlıdır,

Səndən başqasına daim bağlıdır.

Döşənib hər yeri, yar-yataqlıdır,

Bir gözün səninçün zal düzəltmişəm.

***

Səndən ayırmadım heç vaxt gözümü,

Haqqa söykənərək dedim sözümü.

Gen düşməyim deyə, özüm-özümü,

Sən gülün yanında kol düzəltmişəm.

***

Ramizəm, hər cürə ehtiyatım var,

Sadə, bəsit olan bir həyatım var.

Şeirim, qəzəlim həm bayatım var,

Dilimdə sözlərdən bal düzəltmişəm.

TƏLƏSMƏ

Yüz kəlməylə ovutduğun könlümü,

Bir kəlməylə sındırmağa tələsmə.

Öyrəşmişəm, hey alışıb yanmağa,

Kibrit çəkib, yandırmağa tələsmə.

***

Soyuq baxma, baxışından donaram,

Qara dönüb, üst-başına qonaram.

Səni özümə tək vəfalı sanaram,

Şaxta kimi dondurmağa tələsmə.

***

Mən görmüşəm səni mələk donunda,

Eşq, məhəbbət qaynayıbdır qanımda.

Ölməmişəm, hələ sağam yanında,

Yoxluğuma ağlamağa tələsmə.

***

Dondurmasın soyuq, alma yanağı,

Qəlbə salma hər tənəni, qınağı,

Sinəndədir mən Ramizin otağı,

Otağımı bağlamağa tələsmə.

AXTARDIM

Axtardım sevgimi diyarbadiyar,

Yolum gəlib yolunuza qarışdı.

Səni gördüm eyvanızdan baxanda,

Sinəmdə bir ocaq yandı alışdı.

***

Sağalmaz yaraymış, sevgi yarası,

Tapılan deyilmiş onun çarəsı.

Çıxanda qarşıma canın parası,

Gözlərimiz gülə-gülə baxışdı.

***

Arzularım dərə keçdi, dağ aşdı,

Xəyal olub yar məkanın dolaşdı.

Sevirəm mən səni, deyənə kimi,

Titrədi ağzımda dilim dolaşdı.

***

Küskün idi, lal olmuşdu, bu könlüm,

Yarı görüb, bülbül kimi dil açdı.

Evlərinin eyvanında bitən gül,

Gəlib mənim eyvanımda gül açdı.

***

Ramizəm, könlümə onsuz xal düşdü,

Görüşəndə baxışımız lal düşdü.

Dodağıma dodağından bal düşdü,

Dindi dilim, məhəbbətdən söz açdı.

Fatimə Əlihüseyn

ÖLDÜRDÜN

Bir eşq qayığın varıydı,

Qəlbim onun avarıydı.

Səbrim qala divarıydı,

Sındırdın adam, sındırdın!

***

Necə dəyişək gərdişi ?!

Olan işi, bitən işi...

Bəxtinə doğan günəşi,

Söndürdün adam, söndürdün!

***

Gəl, arama ötən dəmi,

Çox daddırdın dərdi, qəmi.

Sən öz könlünə həmdəmi,

Öldürdün adam, öldürdün!

DİLLƏNƏ BİLDİKCƏ

Ömür, külək kimi əs, get,

Yellən, yellənə bildikcə...

Külli-ixtiyar, azadsan...

Çöllən, çöllənə bildikcə.

***

Alovsuz əjdaha olmaz,

Könül qoymaq “ah” a, olmaz.

Toyuq ağlı baha olmaz,

Küllən, küllənə bildikcə.

***

Qazanarsan, itirərsən,

Üç qoyub, bir götürərsən.

Damla-damla gətirərsən,

Göllən, göllənə bildikcə.

***

Oğul-qızdan mürvət gözlə,

Qocalıqdan urvat gözlə.

Torpaqsansa, sərvət gözlə,

Bellən, bellənə bildikcə.

***

Fələk, yıxılmasın evin,

Sən evlər yıxdıqca sevin!

Gizlən şüşəsində divin,

İllən, illənə bildikcə.

***

Qəminə qısılıb küsmə,

Xatiri, hörməti kəsmə.

Fatimə, arada susma,

Dillən, dillənə bildikcə

İSTƏYİRƏM

Tanrı, çağır yanına,

Bir gəlim, istəyirəm.

Ağrı-acımı alan,

Bir zülm istəyirəm!

***

Əzrailin şişində,

Fələyin tərs işində.

Vəhşi köpək dişində,

Bir ölüm istəyirəm.

***

Dəyib əhləd daşına,

Ruh qayıdar huşuna.

Kim yığılar başıma?

Bir bilim, istəyirəm.

***

Himindən laxlayana,

Kinimi saxlayana.

O gizli ağlayana,

Bir gülüm, istəyirəm.

***

Tanrı, çağır yanına,

Bir gəlim, istəyirəm...