Poeziya buketi, nəğmə çələngi

Poeziya buketi, nəğmə çələngi

9 Mart 2021 11:11
Bəyəndim (8) Bəyənmədim (0)

Səfər Valeh

OLMADI

Çıxdı qollarımın duzu köynəyə,

Getdi, əllərimin duzu olmadı.

Mənim bəslədiyim qoyun balası

Döndü canavara, quzu olmadı.

***

Əfəldən həm əfəl, zirəkdən zirək,

Sürməyə bir həyat istədi ürək.

Ömür qayığına gəzdimsə dirək,

Əyrisi tapıldı, düzü olmadı.

***

Əməyim bağ oldu, min yol izimdən,

Saxlaya bilmədim dərdi özümdən.

Əridib ömrümü tökdü gözümdən,

Yandı ürəyimin buzu olmadı.

SƏN DƏ SEVƏSƏN

Ağrıtma başını gəl ağrımayan,

Sən deyən deyiləm, gündə sevəsən.

Bir dağam, zirvəyəm, sevəsi olsan,

Gərəkdir duman da, çən də sevəsən.

***

Yerinə düşünnəm səhərdən durub,

Gözlərim yaşarır qəhərdən durub.

Birini o boyda şəhərdən durub,

Sənki gəlməmisən kəndə, sevəsən.

***

Olma gəl bir anlıq hissin əsiri,

O qış günəşidir, qalmaz təsiri.

Neynirsən bir həsir Məmmədnəsiri,

Axı heç qıymaram mən də sevəsən.

***

Bu başdan daşını yağdır bir ətək,

Məni yoxluğunla burax təkə tək.

Vallah, incimərəm, heç indiyədək,

Kim məni sevdi ki, sən də sevəsən.

QALIB

Ömrüm şəxsiyyət vərəqi,

Bir şəkil yeri ağ qalıb.

Necə çıxardım təzəsin,

Hələ vaxtına bax, qalıb.

***

Cin vurdu, bilmirəm ilan,

Yoxa çıxdı, olub yalan.

Ora çəkilməli olan,

İlahi, görən sağ qalıb?!

***

Sevgidir adı, başlığı,

Tapmadım dola boşluğu.

Çəkildi könül xoşluğu,

Üst-üstdən elə dağ qalıb.

***

Ağlayıram, bu nə gündü,

Ağrılarım bəlkə dindi.

Dünya rəqəmsaldır indi,

Məndə şəkilli çağ qalıb.

Vüsalə Süleymanova

GƏTİRƏRDİM

Nə vaxtsa sözün üstə,

Bilsəm ki, dayanmısan.

İmkansız olanları,

Dizinə gətirərdim.

***

Getdiyin yollar əyər,

Qayıtmağa bağlısa.

Gedib dönməyənləri,

İzinə gətirərdim.

***

Uzun-uzun baxışlar,

Yorulubsa, küsübsə.

Gözdən itən nə varsa,

Gözünə gətirərdim.

***

Bilsəm, geri dönməyə,

Dilin lal, ürək razı.

Özüm gəlib yanına,

Özümə gətirərdim.

HƏYAT ACILARIM

Bir gün yumub gözlərimi,

Aldadacam ölümü də.

Özümü sözümdən asıb,

Çəkəcəm bu zülmü də.

***

Sığa bilmirəm, incimə,

Nə heçimə, nə köçümə.

Od vuracam öz içimə,

İsidəcəm çölümü də.

***

Ömür film, dərdli, sərli,

Yaşamaq da olmur fərli.

Qaçıracam ən dəyərli,

Ən maraqlı bölümü də.

***

Düşüb ölümün izinə,

Aşiq edəcəm özümə.

Son dəfə baxıb gözünə,

Bağlayacam dilimi də.

***

Ömür adlı yuxusundan,

Həsrət adlı qoxusundan.

Bu dünyanın yaxasından,

Çəkəcəyəm əlimi də.

GƏL

Vaxt yetişib, yollarımız ayrılır,

Görüşməyə olmayacaq güman, gəl.

Məhəbbətdən gözləriylə əl açıb,

Dilənçitək məndən sevgi uman, gəl.

***

Bu yollarda boran olar, qar olar,

Hicran açar intizarın, bar olar.

Əyər ölsəm, dünya sənə dar olar,

Əzraildən alsam bir az aman, gəl.

***

Bənövşəni koldan küsən gördünmü?

Qar altından baxan süsən gördünmü?

Mənim kimi səni süzən gördünmü?!

Olmayacaq bir də belə zaman, gəl.

***

Biri gedər, biri gələr, həyatdır,

Gileylənmə, bu nə yazı, nə baxtdır.

Gözləyirəm yollarını nə vaxtdır,

Xəbər kimi ürəyimə daman, gəl.