Poeziya buketi, nəğmə çələngi

Poeziya buketi, nəğmə çələngi

16 Mart 2021 09:52
Bəyəndim (2) Bəyənmədim (0)

İlham Əlioğlu

SEVGİNİN SÜKUT ANI

Xəyallar yoluyla gəlmişəm, gülüm,

Gəlmişəm, görüşüm, sonra da gedim.

Özün aç qapını, səsim gəlməsin,

Qoy baxım gözünə, doyum tərk edim.

***

Səs etsək ruhumuz narahat olar,

Danışsaq, sözlərin gücü yetərmi?!

Bu haqq sevdasının şahidiyik biz,

Sevdamız görəsən sözlə bitərmi?

***

Sarılaq, qoxlayaq bir-birimizi,

Vücudlar sükuta dalsın bir anlıq.

Sükut da qəribə işıq kimidir,

Olsa da yanımız nə cür qaranlıq.

***

Bu yuxu, bu xəyal, bu görüş anı,

İki saf sevginin şahidi olsun.

Hopsun havalara ətrimiz bizim,

Bizə bu xəyaldan xatirə qalsın.

SÖNƏN ATƏŞİM

Ürəyim sevdadan isinən yerdə,

Sən özgə kimsəylə qatıldın dərdə.

Qol-qola girərək gəlin köçəndə,

Yanan ocağıma su səpmədinmi?

***

Ocağı söndürüb, külün saxladın,

Sevincdən deyil yox, qəmdən laxladım.

Mənim atəşimi söndürən gözəl,

Sevən bu canıma ox təpmədinmi?

***

Sən bahar ömrümə qış gətirmisən,

İçimdən asılan daş gətirmisən.

Ayrılıq yolunu mənə açarkən,

Özgə bir əğyarı sən öpmədinmi?!

YANILMIŞ ÜRƏK

Hər gecə hey səni düşünərək mən,

Xəyalın içində tək yaşamışam.

Baxanda o ötən günlərə hərdən,

Səni düşünərək dərd daşımışam.

***

Gedirəm əvvəlki görüş yerinə,

Orada nə sən, nə də mən varam.

Sənsizliyi düşünə-düşünə mən,

Yenə də bu acı həsrətə yaram.

***

Ağlama söylədim gözlərimə ki,

Dayanmadan sel tökülür, yanağa.

Sonra da özümə baxdım güzgüdə,

Gözlərim söylədi döz bu sınağa.

***

İlk görüşdən sənə birbaş baxanda,

Ürəyə dedim ki, sevmə gəl onu.

Yarı yolda qoyub, satar ha birdən,

Saxsıtək sınarsan, pis olar sonu.

***

Ağlım hey danışıb dedi sevəndə,

Ürəyim sözümə qulaq asmadı.

Baxıram indi də qalıbdır darda,

Əğyar sevincdədir, ürək yasdadır...

Şölə Riad (Rəhimova)

(Qazaxıstan Respublikası)

AZƏRBAYCAN

Kökümdən bağlıyam, kökümdən sənə,

Yolunda verməyə bircə dənə can.

Ölkələr gəzsəm də, olsa min dənə,

Yerini verərmi, ay Azərbaycan?!

***

Sənin hər yerində mənim izim var,

Ağlayan ürəyim, yaşlı gözüm var.

Sənə deyiləsi çoxlu sözüm var,

Burdan göndərirəm pay, Azərbaycan!

***

Yaz gələr, ellərin nəğməli, sazlı ,

Bülbüllər oxuyar zildən, avazlı.

İgidlər diyarı, oğullu-qızlı,

Götür qələm, dəftər say, Azərbaycan!

***

Bülbülü dili lal sanma gecələr,

Adını da çəkib anma gecələr.

Gündüzlər Günəşdir, amma gecələr,

Başının üstündə Ay, Azərbaycan!

***

Sənə həsr edirəm bütün dünyamı,

Səni salamlayıb, sevgiylə qucan.

Nə qədər gəzsəm də bütün dünyanı,

Görmədim sənə tay, tay, Azərbaycan!

BAĞIŞLA

Yaranmışıq sevilməyə, sevməyə,

Səni sevə bilmədimsə, bağışla.

Gözlərini ağlayanda silməyə,

Yaxınlaşıb silmədimsə, bağışla.

***

Sevmədimsə günahımdan keç mənim,

Mən demədim sənə, gəlib seç məni?!

Belə solğun görməmişdim heç səni,

Buna dözüb ölmədimsə, bağışla.

***

Gəl qulaq as, bir məhəl ver sözümə,

Mənsizliyi dərd eləmə özünə.

Bircə dəfə baxıb sənin gözünə,

Sevən gözlə gülmədimsə, bağışla.

***

Tanrı atdı taleyimin zərini,

Heç özü də tapammadı yerini.

Nəyim varsa xeyirimi, şərimi,

Sənin ilə bölmədimsə, bağışla.

***

Yol getməzsən, bundan belə mənimlə,

Bezəcəydin dərdlərimlə, qəmimlə.

Ayrılmağa gəldim bu gün səninlə,

Həyatına gəlmədimsə, bağışla,

Səni sevə bilmədimsə, bağışla.

UŞAQLIQ ÇAĞIM YOX İDİ

Mən elə yaşıma gəlib çatmışam,

Bilmirəm sondayam, yoxsa yarıda.

Uşaqlıq çağıma kəmənd atmışam,

Bəlkə tuta-tuta geri qayıdam.

***

Geri qayıtmağa belə nə var ki,

Göz tutmuş yaralar qaşıyacaqsan.

Çəməndən dərilmiş gülə nə var ki,

Sən onu gül kimi daşıyacaqsan.

***

Hələ baş qaldırar xatirələr də,

Bəzən başlarını yelləyib keçər.

Gör nələr uyuyur xatirələrdə,

Qaranlıq dünyadan, zülmətdən betər.

***

Gəlişi bilinir, amma gedişi,

Bir göz qırpımında yoxamı çıxdı?

Uşaqlıq, hələ də qalıb vərdişi,

İçimi göynədən xatirə çoxdu.

***

Bəlkə o çağımdı, bəlkə, bəlkə də,

Dünya da zamanı geriyə çəksə.

Mən yatan ölkədə, duran ölkədə,

Uşaqlıq çağlarım yox idi təkcə.