Poeziya buketi, nəğmə çələngi

Poeziya buketi, nəğmə çələngi

30 Mart 2021 09:51
Bəyəndim (0) Bəyənmədim (0)

Sabir Sadaxlı

PAYİZ

Yenə gözlərini sıxıb bu axşam,

Payız nisgilini tökür üstümə.

Endirib dağların duman-çənini,

Həsrət yorğanını çəkir üstümə.

***

Payızın öz ətri, öz nəfəsi var,

Vallah, sevmək, sevilmək həvəsi var.

Atanın, ananın toy-busatı var,

Gəncliyim alışıb yanır tüstümə.

***

Bilmirəm haraya gedim bu axşam?

Məni addım-addım izləyir payız.

Dinləyin, könlmdən keçəni deyim,

Gənclik illərimə səsləyir o qız.

***

Yarpaqlar oxuyur xəzan səsiylə,

Bülbül vidalaşır yaz nəğməsilə.

Sazaq da üşütməz buz nəfəsilə,

O qara gözlərin mənə qəsdi nə?

***

Mən kədər yükümü özüm çəkirəm,

Kədərim dünyanın vecinə deyil.

Qayğısız günlərim baharda qaldı,

Boranın, çovğunun vecinə deyil.

BU DÜNYA ÖZÜDÜR TÜRKÜN BAŞDAŞI

Mən bir Azərbaycan Türküyəm, lələ,

Elimin o başı, bu başı yoxdur.

Necə ki, at çapır belədən belə,

Hələ Türk oğlunun başdaşı yoxdur,

Bu dünya özüdür Türkün başdaşı!

***

Qayalar baş daşı, qəbri dərələr,

Sinəsi düşmənə keçilməz sipər.

Ölsə bir əsgəri, mini dirilər,

Hələ Türk oğlunun başdaşı yoxdur,

Bu dünya özüdür Türkün başdaşı!

***

Dünyayla yaşıddır bizim yaşımız,

Vətən uğrundadır haqq savaşımız.

Çoxunun başına düşüb daşımız,

Hələ Türk oğlunun başdaşı yoxdur,

Bu dünya özüdür Türkün başdaşı!

***

Göylərdən etmişik yerlərə, vallah,

Tanrı da biz idik, biz idik Allah!

Dünyanın sahibi biz idik, vallah,

Hələ Türk oğlunun başdaşı yoxdur,

Bu dünya özüdür Türkün başdaşı!

BU DÜNYA BELƏ DÜNYADI

Boran keçər, duman qalar,

Yaxşı gedər, yaman qalar.

Sevda dolu ümman qalar,

Bu dünya belə dünyadı.

***

Kədər bizdən uzaqdaydı,

Neçə nəğmə dodaqdaydı.

Ömür hələ qabaqdaydı,

Bu dünya belə dünyadı.

***

Qanad açardıq uçmağa,

Arzulara tez çatmağa.

Aman verməz göz açmağa,

Bu dünya belə dınyadı.

***

Getdi neçə can, qalmadı,

Qarabağda xan qalmadı.

Heyf, Zəlimxan qalmadı,

Bu dünya belə dünyadı.

Günel Rəcəb

TƏKLİK

Təkliyimi gəzdirirəm,

Çanta kimi özümlə.

İçində bir az sükut,

Bir az da küskünlük var.

Sonuncu sevgidən miras,

Xatirələr, sətirlər,

Bir də bu kədərli şeirlər…

***

Məsafələr uzandıqca,

Yoxluğun ağır gəlir.

Daşımağa gücüm çatmır,

Təkliyim məni əzir.

***

Qanadımı qıranlar,

Öz qanımdan idilər.

Qanadlarım əvəzi,

Mənə çanta verdilər.

ŞAİRLƏRİN HƏYAT TƏRZİ

Hər şairin

Bir pəncərəsi var,

İşıqları sönməyən.

Hər pəncərədən

Bir baxanı,

Xatirində ölməyən.

Hər baxanın

Bir arzusu,

Heç vaxt geri dönməyən.

Bir qəlbi, bir qələmi,

Bir də ayrılıqları...

İçkidən olmayan

Bir sərxoşluğu var.

Elə hey qurşanar,

Tənhalığı içər şərab əvəzi.

Belə olur şairlərin

Həyat tərzi.

MƏNİ UNUTMA

Ey ruhumun qatili,

Təkliyimin Allahı.

Yoxluğun gerçəyim,

Varlığın yuxu idi.

Mənim səndən umduğum,

Təkcə bir arzu idi.

Bir gün olmasam belə,

Qəlbindəki adımı,

Pıçılda küləklərə.

Bir çinar kölgəsində,

Günəşə sarı boylan.

Bir yarpaq tut əlində,

Bir şeir qoş kədərli,

Unut bütün dərdləri.

Bircə məni unutma,

Unutma bu kədəri!