Poeziya buketi, nəğmə çələngi

Poeziya buketi, nəğmə çələngi

13 Aprel 2021 10:34
Bəyəndim (0) Bəyənmədim (0)

Ürvət Əfqanoğlu

ŞAİRİM

Deyirlər kişilər ağlağan olmur,

Sən dərddən yüklüsən ağla, şairim!

Gəldiyin yol boyu nələrdən keçdin,

Kükrə dəniz kimi, çağla, şairim!

***

Bir zaman xoşbəxtlik edirdi əmir,

İndi o günlərdən yoxdur səs-səmir.

İnsanlar dəyişib, doğru işləmir,

Ağzını, dilini dağla, şairim!

***

Dünya başdan-başa qəmmiş, kədərmiş,

Çalışmaq ,vuruşmaq demə hədərmiş.

Əfqanoğlu, səndə bura qədərmiş,

Bağla gözlərini, bağla, şairim!

DÜNYASAN

Dünya, axı sənə necə inanım?

Adamı adamdan seçən dünyasan.

Kiminə arxasan, kiminə qənim,

Kiminin qanını içən dünyasan!

***

Nə qiymət verirsən torpağa, daşa,

Baxmırsan yanaqdan süzülən yaşa.

Namərdləri çəkib yuxarı başa,

Mərdlərin üstündən keçən dünyasan!

***

İstəsən hər cürə girirsən dona,

Aldadıb salırsan iblis yoluna.

Əzəldən biçarə Əfqanoğluna,

Qəm, kədər libasın biçən dünyasan!

DÜŞÜR YADIMA

Elə kövrəlirəm, elə doluram,

Yaşadığım illər düşür yadıma.

Məcnun kimi qarış-qarış gəzdiyim,

O dağlar, o çöllər düşür yadıma.

***

Dərdimi olmadı bir satın alan,

Məni addım-addım izlədi yalan.

Qonur əllərimdə izləri qalan ,

O sarışın tellər düşür yadıma.

***

Yaxasına güllər dərib düzdüyüm,

Gözlərini axşam, səhər süzdüyüm.

Çəməndə, tarlada tutub gəzdiyim,

Nazik, incə əllər düşür yadıma.

Atlaz Rzayi

SAF MƏHƏBBƏTİM

Hardasa qısqandım, nə yalan deyim,

Bəxtəvər oğlana, xoşbəxt oğlana.

Bir də ürəyimdən bir arzu keçdi,

O, da mənim kimi duaya dönüb,

O kəbə canına hər gün dolana.

***

Naümid əllərim üzüldü göydən,

Qoy mələk əllərin göylərə qalxsın.

Mən də öz payımı verirəm sənə,

Bütün xoşbəxtliyim tək səndə qalsın.

***

Xoşbəxtliyim qalır, gözüm qalmayır,

Nəfsim eşqim kimi təmizdir, təmiz.

Adın qədər gözəl sözüm qalmayır,

Sənintək sevilməz daha başqa qız.

***

İlahi sirr oldun hər bir şerimdə,

Sənin pünhanlığın bəlli Tanrıya.

Heç vaxt demədiyim saf məhəbbətim,

Sənə çatmasa da, səni qoruyar.

DƏRDİNİ

Dost olasan kədərinə,

Nə inciyib, nə söyəsən dərdini.

Çoxu bilsə çox dərd olar könlünə,

Nə danışasan, nə deyəsən dərdini.

Çox dalmadın nəşəsinə,

Nur almadın şöləsindən,

Bir içki şüşəsinə,

Siqaret tüstüsünə bürüyəsən dərdini.

Xoş sözə möhtac olasan,

Özünə əlac olasan.

Axı niyə ac olasan ?

Nuş edib yeyəsən dərdini.

SÖZ DAĞIYAM

Hönkür-hönkür nalələrdə,

Dağ könüllü lalələrdə.

Qalaq-qalaq namələrdə,

Kağızlarda söz dağıyam.

***

Xatırlama, unut getsin,

Öz-özünü ovut getsin.

Qoyma səni çox incitsin,

Şəkillərdə göz dağıyam.

***

Xəyalımı küləyə ver,

Yazma daha mənə şeir.

Bilirəm, çox əzab verir,

Düşünəndə üz dağıyam.