Poeziya buketi, nəğmə çələngi

Poeziya buketi, nəğmə çələngi

22 Aprel 2021 09:48
Bəyəndim (0) Bəyənmədim (0)

Zaur Ərmuğan Əsgərov

VALLAH

Haqqı, nahaqqı bil, ay ağzı göyçək,

Yalan ayaq tutar, yeriməz, vallah.

Xain ürəyində kin paxır tutub,

Elə ərp bağlayıb, əriməz, vallah.

***

Çalış xeyir söylə, bəd ağız olma,

Olursan, adam ol, gəl cığaz olma.

Tanı öz yerini, boşboğaz olma,

Dodaq yumulmadı, kiriməz, vallah.

***

Dilinə qıfıl vur, sözündən utan,

Özgəyə şər atma, özündən utan.

Getdiyin yola bax, izindən utan,

Nəfs canı yırtar, çürüməz, vallah.

***

Ara qızışdırma, çuğul qalarsan,

Vədində möhkəm ol, cığal qalarsan.

Yaxşını pis yozsan, paxıl qalarsan,

Doğru özün cildə bürüməz, vallah.

***

Zaurun sözünə xilaf çıxma sən,

Dağ elə dağ durar, gəl kəc baxma sən.

Su hara axdısa, ora axma sən,

Mərd olan ömrünü sürüməz, vallah.

YOL

Mən bir yolun yolçusuyam,

Yol gedirəm sənə sarı.

Bu yolda durulur adam,

Sudan təmiz, aydan arı.

***

Məni yolumdan eləmə,

Bu əl-qolumdan eləmə.

Məni olumdan eləmə,

Nə olar, bəxtimə yarı.

***

Yol gedirəm, düzümə bax,

Ey eşqim, bir üzümə bax.

Od vuranım, közümə bax,

Yaram var, yaramı sarı.

***

Ölüb, yenidən doğulam,

Yenə bu nurla yoğrulam.

Bir ozan dədə oğluyam,

Yolumu yolsuzdan qoru.

***

Eşqim, sənə izim bəlli,

Əhdim bəlli, sözüm bəlli.

İçimdəki dözüm bəlli,

Yetir nicatımı, Tanrı.

DÜNYA

Daha tərsinə fırlanır,

Cızından çıxıbdır dünya.

Sınıb çarxı, sınıb oxu,

Özündən çıxıbdır dünya.

***

Düşdük bu yollar ardına,

Tapıb gətirək yurduna.

Tapşıraq dağda qurduna,

Düzündən çıxıbdır dünya.

***

Bu göyərən, bu solanı,

Niyə saldı bu talanı?

Üzə duran ağ yalanın,

Yüzündən çıxıbdır dünya.

***

Vədələri nağıl imiş,

Bəxtimiz nə ağır imiş!

Gör bir necə cığal imiş,

Sözündən çıxıbdır dünya.

Əsmər Hüseyn Xan

SƏNƏ GƏLMİŞƏM

Tumurcuqlar açmadı,

Getdiyin ilk baharda.

Bu kimsəsiz şəhərdə,

Mən hardayam, sən harda?

O sən gedən yolların,

Xatirəsi ağ-qara.

Qəfil alıb apardı,

Sevdamı uzaqlara.

Uçub gedən durnalar,

Geri qayıtmır, qayıt.

Öyrəndiyim nağıllar,

Daha ovutmur, qayıt.

Qayıt, de ki, sevməyi,

Öyrənmişəm, bilmişəm.

Min yol dönüb, dolanıb,

Yenə sənə gəlmişəm.

YUXU

Bir də görərsən ki, çox uzaqdasan,

Qurduğun o köhnə xəyallarından.

Bir də görərsən ki, yolun sonudur,

Zaman axıb gedər ovuclarından.

***

Hardansa ananın layla səsinə,

Qəfil oyanarsan dərin yuxudan.

Bir də görərsən ki, o gedən qatar,

Tüstüsün göylərə çəkibdi çoxdan.

***

Bir də görərsən ki, bütün olanlar,

Səssiz bir yuxuymuş, kiçik əsərmiş.

Bir də görərsən ki, bütün keçmişin,

Elə o gördüyün yuxu qədərmiş.

***

Bir də görərsən ki, qapısı bağlı,

O köhnə daxmaya hasar olmusan.

Bir də görərsən ki, heç işləməyən,

Bir saat asılmış divar olmusan...

GEDƏN BU ŞƏHƏRDƏN

Şəhərə kədər yağır,

Bayırda bərk şaxta var.

Qarlı qışı aratmır,

İçimdəki soyuqlar.

Mənsə isti sobaya,

Bir cüt donmuş əl, ayaq,

Pənah gətirmiş qonaq.

Ayağımın soyuğu,

Şaxtanın təsiridir.

Əllərimin soyuğu,

Sevginin əsəridir.

İslanmış saçlarım da,

Kirpiyimə tay oldu.

Buz tutmuş əllərimə,

Bir cüt əlcək pay oldu.

Şəhərə kədər yağır,

Mən qorxuram kədərdən.

Bir nəfərlık yer varsa,

Çətirinin altında.

Gəl,

Gəl gedək bu şəhərdən...